Nümunəvi Quran nəsli yetişdirmək

Başqa insanı nümunə götürmək

Bir çox insan özlərinə başqa bir adamı nümunə götürür və bu adama bənzəmək üçün səy göstərirlər. Hətta mədəniyyətindən danışığına, geyim tərzindən rəftarına qədər o adamı təqlid edər, onun həyat şəklini mənimsəyərlər. Ancaq bu nümunələrin demək olar ki, hamısı ya bir çox halda natamamdır, ya da bütövlükdə insanları səhv yola çəkən əxlaq və anlayışa malikdir. İnsanlıq üçün ən gözəl əxlaq və rəftar nümunəsi Peyğəmbərimiz hz. Məhəmməddir. Peyğəmbərimizin gözəl əxlaqının və rəftarının qaynağı isə Qurandır. Peyğəmbərimiz və ətrafındakı möminlər Quranı özlərinə rəhbər etmiş, Quran əxlaqı ilə əxlaq qazanmış, Allahdan çox qorxan, Onu dərin sevgi ilə sevən, vicdanlı insanlardır.

Allah, iman gətirənləri “yer üzünün xəlifələri” (Ənam surəsi, 165) xüsusiyyəti ilə şərəfləndirmiş, onlara həm bu dünyada, həm də axirət həyatlarında izzət və şərəf vermişdir.

Peyğəmbərimizin əxlaqında olan cəmiyyətlərdə hüzur, xoşbəxtlik, güvən, ədalət, sevgi, dostluq, qardaşlıq, insaniyyət, şəfqət, mərhəmət, köməksevərlik, fədakarlıq kimi əxlaqi xüsusiyyətlər ən mükəmməl şəkliylə yaşanmışdır. Necə ki, tarixdə bu dövr “Əsri Səadət” olaraq adlandırılmışdır. Allah ixlas sahibi olan möminlərin dünya həyatında alacaqları bu qarşılığı belə müjdələyir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.(Nəhl surəsi, 97)

Bu səbəbdən dövrümüzdə də Quranla və Peyğəmbərimizin sünnəsi ilə düşünən, hökm verən, danışan və qərar verən bir nəslin yetişməsi çox əhəmiyyətlidir.

Peyğəmbərlərin əxlaqını özlərinə nümunə götürən, yalnız Allahın razılığını hədəf alan bu saleh müsəlman cəmiyyətinin xüsusiyyətləri Quran ayələrində bütün təfsilatları ilə izah edilmişdir. Bu saleh möminlərin bəzi xüsusiyyətləri belədir:

  • Yalnız Allaha qulluq edərlər (Fatihə surəsi, 4)
  • Allaha təslim olmuşlar (Tövbə surəsi, 51)
  • Allaha qarşı aciz olduqlarını bilirlər (Cin surəsi, 22)
  • Allahdan qorxurlar, Onun bəyənməyəcəyi əxlaqdan çəkinirlər (Rəd surəsi, 21)
  • İstənilən hal və vəziyyətdə Allaha şükür edirlər (Bəqərə surəsi, 172)
  • Alicənab və bağışlayıcıdırlar (Hicr surəsi, 85)
  • Təvazökardırlar (Furqan surəsi, 63)
  • Mərhəmətli və yumşaq xasiyyətlidirlər (Tövbə surəsi, 128)
  • Yaxşılığı əmr etməyə və pislikdən çəkindirməyə çalışırlar (Ali İmran surəsi, 104)
  • Birlik və bərabərlik ruhunda olurlar (Səf surəsi, 4)
  • Günahkarlara əsla arxa durmurlar, həmişə haqqı və ədaləti müdafiə edirlər (Nisa surəsi, 105, 58)
  • Heç kəsin haqqını yeməzlər (Şüəra surəsi, 184)
  • Sözlərinə sadiqdirlər (Bəqərə surəsi, 177)
  • Boş şeylərdən həmişə üz çevirir, hər zaman faydalı işlər görərlər (Furqan surəsi, 72)
  • Səbirlidirlər, çətinliklərdən əsla qorxmurlar (Ali İmran surəsi, 146, Hud surəsi, 55)
  • Etibarlı və cəsurdurlar (Yunis surəsi, 71)
  • Dinlərinə bağlıdırlar (Əraf surəsi, 89)
  • Fikirlərini zorla qəbul etdirmirlər, qarşılıqlı müzakirə edirlər (Nəhl, 125)
  • Gördükləri işlərdən mənfəət güdmürlər (Şura surəsi, 23)
  • Haqqı söyləməkdən çəkinmirlər (Maidə surəsi, 54)
  • İncəsənət və estetikdən zövq alırlar
  • Fanatizmə və xurafata qarşıdırlar

Yuxarıdakı xüsusiyyətləri daşıyan nəsillər hazırda yer üzünün bir çox bölgəsində yaşanan əxlaqi degenerasiyanın, müharibələrin, zalımlıqların, səfalətin, bəlaların, hiylə və saxtakarlıqların, çətinlik və sıxıntıların yox olub, yerini sülhün, təhlükəsizliyin, ədalətin, hüzurun, alicənablığın, qardaşlığın və köməksevərliyin almasına vəsilə olacaqlar. Çünki Quran əxlaqı bütün bəşəriyyətə maddi və mənəvi zənginlik, gözəllik və aydınlıq gətirir. Quran əxlaqının insanlar arasında geniş yayılaraq yaşanması ilə yer üzündəki bütün problemlər çox qısa müddət ərzində həll olar.

Allah Quranda, “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqərə surəsi, 208) şəklində buyuraraq insanları Quran əxlaqını yaşamağa çağırmışdır.

Yaşadıqları cəmiyyətin batil ənənə və adətlərinin, öyrəndikləri səhv məlumatların arxasınca düşməyib, dinin həqiqi qaynağı olan Qurana tabe olanlar ayədə ifadə edildiyi kimi İslama girmiş olacaqlar. Əks halda bir çox batil inancları olan, öz eqoist həvəs və istəkləri üçün yaşayan, kiçik hədəflər arxasınca qaçan, fanatik, mühafizəkar, səmimiyyətsiz, qorxaq, özünə inamı olmayan, dar düşüncəli, cahil, dinin əslini qavramayıb mistik düşüncələrlə inancını yaşatmağa çalışan, ağılsız, bəsirətsiz, mühakiməsi korlaşmış, dindən kənar qayda və prinsiplərin altında əzilmiş, əxlaqsızlıqda sərhəd tanımayan cəmiyyətlər meydana gələcək. Əlbəttə, belə şəxslərdən ibarət olan cəmiyyətdə tolerant, aydın düşüncəli, mədəni, dinc və etibarlı həyatın yaşanmayacağı məlumdur.

Bu mövzu ilə bağlı Bədiüzzaman Səid Nursi belə deyir:

“Milləti İslamiyənin səadəti yalnız və yalnız İslamın əsasları ilə ola bilər. Yoxsa ədalət məhv olar, asayiş alt-üst olar. Əxlaqsızlıq və murdar xasiyyətlər üstün gələr. İş yalançıların və yaltaqların əlində qalar” demişdir. (Xütbeyi Şamiyə, səh. 79)

Bu səbəbdən həqiqətən iman gətirən hər insana ona səmimi iman nəsib etdiyi, hidayətə çatdırdığı, peyğəmbərimiz hz. Məhəmmədi bilib tanımaqla şərəfləndirildiyi üçün Allaha şükür etməlidir. Bunun ən gözəl şükrünü də Quran ilə xəbər verilən əxlaqı tam mənada yaşamaqla və Peyğəmbərimizin keçdiyi yolu izləməklə göstərməlidir. Bunun əksi Allaha qarşı nankor davranış olar. Belə bir davranışın axirətdəki qarşılığı isə çətin ola bilər.