Ateistlərin, inkarçıların tez-tez verdiyi suallardan biridir. Onlar bunu əsas gətirərək deyirlər ki, qadın elçi göndərilməyibsə, demək kişi-qadın bərabərliyi pozulub. Bu iddianı etməklə əslində məntiq xətasına düşürlər.
- İnkarçı Allaha, elçiyə, Qurana inanmır.
- İnanmadığı bir varlığın niyə qadın elçi göndərmədiyini sorğulayır.
- Belə çıxır ki, əslində o yaradıcını qəbul edir, sadəcə ona qarşı düşmən mövqedədir.
- Əgər Allah qadın elçi yollasaydı onların yenə də deməyə sözü olacaqdı. Çünki, Quranda elçilərin nə əziyyətlər çəkdikləri göstərilib. Bu zaman da ateistlər deyəcəkdilər ki, Allah qadını bu əziyyətlərə salmaqla ona haqsızlıq edib.
Quranda Allah bizə bildirir ki, ancaq kişiləri rəsul, nəbi olaraq göndərib.
Səndən əvvəl də vəhy etdiyimiz kişilərdən başqasını peyğəmbər göndərmədik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun! (Nəhl surəsi, 43)
Ancaq bu o demək deyil ki, Allah qadınlara vəhy etməyib. Quranda buna aid nümunələr var. Hz. Məryəm, Hz. Musanın anası, Fironun arvadı və s. Sadəcə ayə onu çatdırır ki, sırf dini təbliğ üçün ancaq kişilər vəzifələndirilib.
Hamının bildiyi kimi rəsullar, nəbilər haqqı təbliğ etmək üçün göndərilib. Bu yolda onlar hər formada əziyyətə, məhrumiyyətlərə, cəzalara dözüblər. Hətta bu yolda şəhid edilən elçilər də olub.
Onlar: “Ey Nuh! Əgər bundan vaz keçməsən, daşqalaq ediləcəksən!” – dedilər. (Şuəra surəsi, 116)
Onlar (şəhər əhalisi): “Həqiqətən, biz sizdə bir uğursuzluq gördük. Əgər bu işdən vaz keçməzsəniz, and olsun ki, sizi daşqalaq edəcəyik və bizdən sizə acı bir əzab toxunacaq”, – dedilər. (Yasin surəsi, 18)
Sizin məni daşqalaq etməyinizdən mənim də, sizin də Rəbbiniz olan Allaha sığınmışam. (Duxan surəsi, 20)
Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmürük və həqiqətən, biz səni içimizdə aciz görürük. Əgər qəbilən olmasaydı, mütləq səni daşa basardıq. Sənin bizə qarşı heç bir üstünlüyün yoxdur!” (Hud surəsi, 91)
I Atası dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq dur!” (Məryəm surəsi, 46)
Allahın ayələrini inkar edən, peyğəmbərləri haqsız yerə öldürən və ədalətli olmağı əmr edən insanların canına qəsd edənləri şiddətli bir əzabla müjdələ! (Ali İmran surəsi, 21)
İbrahimin qövmünün cavabı isə: “Onu öldürün və ya yandırın!” – demələri oldu. Lakin Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirənlər üçün ibrətlər vardır. (Ənkəbut surəsi, 24
Allahın əmrlərini təbliğ edən elçiləri ətrafdakı insanlar ölümlə, daşqalaqla hədələyir, onları təhqir edirlər. Təsəvvür edin onların yerində qadındır. Yaradan zərif cinsin nümayəndəsinə bu yükü yükləməyib.
Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir. (Ali İmran surəsi, 186)
Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr). Onlar: “O divanədir!” – deyirlər. (Qələm surəsi, 51)
Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmısan! (Şuəra surəsi, 153)
Yenə də görürük ki, müşriklər, kafirlər, münafiqlər elçiləri təhqir edir, onlara iftiralar atırlar. Bu hadisələri realda bir anlıq təsəvvür edin: Döyülən, həbs edilən, öldürülən, söyülən, daşlanan, iftiralar atılan şəxs. Allah bu əziyyətləri qadına rəva bilməyib. Bu bir daha islamın qadına yanaşmasını ortaya qoyur. Qadın elçi göndərilməməsi qadının haqqının tapdalanması yox, onlara Allah qatında verilən yüksək dəyərin göstəricisidir.
Allahın birinizi digərindən üstün tutduğu şeyi arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır… (Nisa surəsi, 32)
Allahın insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə, kişilər qadınların himayədarlarıdır… (Nisa surəsi, 34)
Ayəyə görə kişi də, qadın da işləyə bilər. Amma kişiyə işləmək məcburidir, onun vəzifəsidir. Qadına isə məcburi deyil. Özünün qərar verəcəyi bir şeydir. Allah burada da incə varlıq olan qadınları ön plana alıb, bütün məsuliyyəti kişiyə yükləmişdir. Bu qədər arqumentdən sonra da inkarçılar Qurana iftira atırsa, demək onların yanaşması sağlam deyil, psixolojidir.

