Nemətləri təqdir edə biləcək əxlaq istəmək

Hətta dünyada ən çətin şəraitdə yaşayan insan da saymaqla bitməyəcək qədər çox nemətə malikdir

Hətta dünyada ən çətin şəraitdə yaşayan insan da saymaqla bitməyəcək qədər çox nemətə malikdir. Ancaq bir çox insanlar bu nemətləri görməkdənsə, çatışmazlıqları görməyə meyl edirlər. Onları əhatə edən yüzlərlə gözəlliyi unudub sahib olmadıqları nemətlərə görə kədərlənirlər. Çox pis vəziyyətdə olduqlarını və dünyadakı gözəlliklərdən məhrum qaldıqlarını düşünürlər. Bütün həyatını bu çatışmazlıqları və nemətlərdən məhrum qaldıqlarını düşünərək keçirirlər. Onlar bütün diqqətlərini bunlara yönəldərkən, əslində, hər an özləri üçün nə qədər nemət yaradıldığını bilmirlər.

Əlbəttə ki, dünyadakı hər insan eyni şəraitdə yaşamır. Birində olan nemət digərində olmaya bilər. Biri ağır xəstə ikən, digəri sağlam ola bilər. Biri çox varlı ikən, digəri çox kasıb ola bilər. Bir-biri ilə müqayisə edildiyi zaman insanların sahib olduqları nemətlər çox fərqlidir. Bütün bunlarda hamı üçün böyük xeyir və hikmətlər var. Ancaq bunları nəzərə almasaq da, insanların sahib olduqları nemətlər o qədər çoxdur ki, insan Allahın bu böyük lütfü sayəsində çox sevinməli və xoşbəxt olmalıdır. Uca Rəbbimiz insanlara bəxş etdiyi nemətləri saymaqla bitirə bilməyəcəklərini Quranda xəbər vermişdir:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)

O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Bütün bu nemətlərin içərisində Allahın yaratdığı çox böyük bir sirr var. İnsan sahib olduğu gözəllikləri görməsə, Allahın onun üzərindəki lütfünü təqdir etməsə və sadəcə çatışmazlıqları düşünsə, xoşbəxt ola bilməz. Çünki Allah ona daha çox nemət nəsib etsə, hətta çatışmadığını düşündüyü nemətləri də istədiyi şəkildə versə, bu insan (sahib olduğu əxlaqa görə) yenə başqa çatışmazlıqlar görəcək və yenə əlindəkilər ilə qane olmaq əvəzinə, kədərlənəcək…

I Çünki bu insanın əsl çatışmazlığı sahib olmadığı nemətlər deyil, Allahın rəhmətini, sevgisini, lütfünü təqdir etməməkdir. Buna görə də dərin əxlaqa yiyələnmədikcə, bütün dünya nemətləri ona verilsə də, yenə nemətin sevincini yaşaya bilməyəcək.

Neməti təqdir edən, gördüyü hər gözəllikdə Allahın sevgisini hiss edən, Allah sevgisindən içi sevinclə coşan bir insan isə hətta dünyanın ən pis şəraitində yaşasa da, çox xoşbəxt olar. Yaşadığı bu xoşbəxtlik heç bir dünyəvi nemətlə müqayisə edilə bilməz. Bu insanın yaşadığı sevinc, rahatlıq heç vaxt tükənməz. Çox çətin vəziyyətdə və sıxıntı içərisində olsa da, sadəcə bir nemətin varlığının mənəvi həyəcanını ömrünün sonuna kimi yaşayar. Ona bu neməti bəxş etdiyi üçün Allaha sevgi ilə, səmimi şəkildə, dərindən şükür edər. Sadəcə o nemətin varlığı ilə Allahın sevgisini, sonsuz lütfünü, rəhmətini, dostluğunu, yaxınlığını, qoruyuculuğunu hiss etməyin sevincini yaşayar. Ən çətin anlarda da Allahın onunla birlikdə olduğunu, ona şah damarından daha yaxın olduğunu, səmimi olduğu müddət ərzində ona ən yaxın dost olduğunu və köməyini əsla əsirgəməyəcəyini bilməyin xoşbəxtliyini yaşayar. Sadəcə bu mənəvi həzzin varlığının belə dünyada özü üçün yaradılmış ən böyük nemətlərdən biri olduğunu düşünərək Allaha dərindən və səmimi şəkildə şükür edər.

İnsanı xoşbəxt edən nemətlər və ya nemətlərin çoxluğu deyil, neməti təqdir edən əxlaqıdır. İnsanın bu əxlaqı əldə etmədən nemətlərin varlığı ilə həqiqi mənada xoşbəxt olması mümkün deyil. Allahın Quranda “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” (İbrahim surəsi, 7) ayəsi ilə xəbər verdiyi sirr də elə budur. Nemətə şükür etmək, neməti təqdir edən əxlaqı yaşamaqdır. Yoxsa iman gətirməyən bir insan da nemətə sevinə bilər. Ağlı zəif olan bir insana da hədiyyə verəndə sevinər. Amma bu sevinc düşünmədən əldə edilən, sadəcə sahib olunan maldan və mənfəət qazanmaqdan qaynaqlanan refleksdir. Həqiqi sevinc Allah sevgisi ilə, ağılla, iman şüuru ilə yaşanan sevincdir.