Nəfsin insana qalib gəlməyə gücü yoxdur. Nəfsdəki pislikləri aradan qaldırmaq isə çox asandır. Ancaq bunun üçün insan nəfsinə qətiyyən rəhm etməməli, tərəf tutmamalı, onu sahiblənməkdən və qorumaqdan əl çəkməlidir. Nəfsini düşməni kimi görməli, onunla iradəli şəkildə ağılla mübarizə aparmalıdır.
Bu cür qətiyyət olsa, Allahın izni ilə, nəfsin insana qarşı çıxmağa gücü qalmaz. Nəfs onun quluna çevrilər. O nə desə, ancaq onu edə bilər. Bundan başqa, hər hansısa mövzuda nəfsin insanı nəyəsə məcbur etməsi, onu pis olana çəkməsi, səhv hərəkət etməyə məcbur etməsi mümkün olmaz.
Ancaq insan nəfsinə qarşı bu qətiyyəti “ömür boyu” göstərməlidir. Bir neçə saat, bir-iki gün, bir neçə ay, ya da bir neçə il ərzində nəfsə qarşı çıxıb, sonra “bu mövzu həll edildi” deyərək, diqqətsizlik etmək olmaz. İnsan “Nəfsimi tərbiyə etdim, bir neçə saat, ya da bir neçə gün özbaşına buraxım və istirahət edim” deyə düşünməməlidir. İnsan nəfsini nə qədər yaxşı tərbiyə etsə də, nəfs fürsət düşən kimi insana hücum edərək, onu pisliyə çəkməyə meyllidir.
Buna görə də, insan səhər yuxudan oyandığı və şüuru açıldığı andan etibarən yenidən yatana qədər nəfsinə qarşı diqqətli olmalıdır. İnsan zəif davransa, nəfs bir saniyə vaxt tapan kimi insana istəmədiyi bir sözü söylədə bilər, ya da çox çalışdığı halda ona səhv rəftar etdirə bilər.
Nəfs özünü məsum, məzlum və səmimi də göstərə bilər. İnsan ağılla hərəkət etməsə, içindəki bu səsə qulaq assa, asanlıqla nəfsinə məğlub olub, onu haqlı bilərək tərəfini saxlaya bilər…
I …Bu, insan üçün böyük təhlükədir. Elə buna görə də, Allah insanı Quran ayəsi ilə bu təhlükəyə qarşı xəbərdar etmiş, nəfsin həqiqi xüsusiyyətini qullarına bildirmişdir. Əgər insan nəfsinə haqq qazandırırsa, vaxt itirmədən Allaha sığınmalıdır. Nəfsin təlqinləri həmin anda inandırıcı görünsə də, onu gizlicə pisliyə çəkməyə çalışdığını unutmamalıdır. Bu mövzuda Quranın ona hansı yolu göstərdiyinə baxmalı və tez o yola yönəlməlidir.
Əgər insan nəfsinə qarşı Allahı seçsə, Allah nəfsinin ona verdiyi mənfi təsirləri bir anda kənarlaşdırar və o insanın ağlını təmizləyər. Nəfsin bu insana qarşı çıxmağa gücü qalmaz. Artıq o insan imanı, vicdanı və əxlaqı ilə nəfsini öz istədiyi kimi yönləndirər.
Əbdülqadir Gilaninin nəfsi tərbiyə etmək barədə düşüncələri
“Gənc qardaşım, öz nəfsinlə məşğul ol, ona nəsihət ver, sonra başqasına… Öz nəfsinin çatışmazlıqları ilə məşğul ol, onu qoyub başqasına keçmə!
Diqqət et ki, ömrünə islah edilmək üçün bir neçə gün qalıb; bəli, sadəcə bir neçə gün… Özünü tanımır, daxili aləmini anlamırsansa, başqasını qurtara bilməyəcəyini bilməlisən… Bu halınla özünü qoyub başqasına necə rəhbərlik edə bilərsən? Çünki insanlara ancaq qəlb gözü (bəsirət) açıq olanlar (haqqı bilib ona tabe olan bəxtiyarlar) rəhbərlik edib, yol göstərə bilər və onları günah və qəflət dənizindən ancaq yaxşı üzməyi bacaranlar qurtara bilər. Başqa sözlə, insanları Allaha ancaq Allahı bilənlər yönəldə bilər. Allahı bilməyən bədbəxtlər bu ülvi işə necə yiyələnə bilərlər?” (Abdülkadir Geylani, “Gönül İncileri İkazlar”, səh. 7, Birinci Vaaz)

