Nəfs insana pisliyi əmr edir. Nəfsin bu xüsusiyyəti Şəms surəsində belə bildirilir:
And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. (Şəms surəsi, 7-9)
Nəfsin pisliyi əmr etmə xüsusiyyətini açıqlayan ayələrdən biri də hz. Yusiflə bağlıdır. Ayədə bildirilir ki, hz. Yusif heç bir günahı olmadığı halda iftiraya məruz qaldıqdan sonra belə demişdir:
Mən nəfsimi də təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”. (Yusif surəsi, 53)
Ayələrdə də bildirildiyi kimi, nəfs daim pisliyi əmr edir. Buna görə də insanın hər hansı bir hadisə qarşısında dərhal özünü müdafiə etməsi, haqlı olduğunu sübut etməyə çalışması düzgün olmaz. Çünki o, bir anlıq zəifliklə nəfsinə uymuş ola bilər. Belə bir halda edilməli olan ilk iş düşünməkdir. İnsan səmimi və dürüst şəkildə düşündükdə, haqlı hesab etdiyi bir çox məsələdə əslində səhv etdiyini anlaya bilər. Bunu dərk etmək mömin üçün böyük qazancdır. Çünki səhvini görüb qəbul edən insan onu düzəltmək və Allahdan bağışlanma diləmək üçün ilk addımı atmış olur. Əksinə, daim özünü haqlı çıxarmağa çalışan və heç bir səhvi özünə aid etməyən insan, başqalarının gözündə özünü haqlı göstərsə belə, Allah həqiqəti bilir və bu həqiqət axirətdə qarşısına çıxacaqdır.
Bu səbəbdən insanın nəfsini daim müdafiə etməsi əvəzinə, onu tənqid etməsi, öz çatışmazlıqlarını və qüsurlarını üzə çıxarması və bunları aradan qaldırmaq üçün Allaha yönəlməsi Allah Qatında gözəl qarşılığı olan bir davranışdır.

