Nəfsin fücuru

Bu ayələrdə Allah nəfsə fücuru və eyni zamanda ondan çəkinməyi, yəni vicdanı ilham etdiyini (2)

And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər (fücur) və xeyir (vicdan) duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür. (Şəms surəsi, 7-10)

Bu ayələrdə Allah nəfsə fücuru və eyni zamanda ondan çəkinməyi, yəni vicdanı ilham etdiyini bildirir. “Fücur” sözü məna olaraq “günaha və üsyan etmək, fasiq olmaq, yalan demək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi” deməkdir. Yəni fücur olaraq adlandırılan anlayış, insan nəfsinin mənfi xüsusiyyətlərinin hamısını əhatə edir. Nəfsimizdə iki ayrı xüsusiyyət var: Pis əməllərin qaynağı fücur və eyni zamanda pis əməllərdən çəkindirən vicdan.

Bu mövzunu daha yaxşı başa düşə bilmək üçün nəfsin nə olduğunun da bilinməsi faydalı olacaq. “Nəfs” Quranda tez-tez istifadə edilən ərəb dilində termindir. Dilimizdə tam qarşılığı yoxdur, ancaq “mənlik” sözü ilə ifadə oluna bilər. Quranda istifadə edilən mənaları isə belədir; “Bir şeyin zatı, özü, ruh, öz varlığı, qəlb, şəhvət, arzu və qəzəbın başlanğıc yeri, yatağı, insanda əmredici güc”. Burada, nəfsin əvvəlcə üzərində dayanacağımız xüsusiyyəti, insanda əmredici güc olmasıdır. Yəni insana hərəkəti etdirən, qərar verdirən mənəvi güc, nəfsdir. Nəfsin bu tərəfi Quranın bir çox ayəsində bildirilir. Bu ayələrdə insanların əxlaqsızlıqlarından, pisliklərindən bəhs edilərkən bu əməllərinin qaynağı olaraq nəfsləri göstərilir.

Bu nümunələrdən biri hz. Yusifin qardaşları ilə əlaqədardır. Hz. Yusifə qarşı duyduqları qısqanclıqlarından ötrü onu təsirsiz hala gətirmək üçün hərəkət edən qardaşlarına ataları hz. Yaqub belə demişdir:

… “Xeyr” dedi. Sizi öz nəfsiniz bu işə vadar etmişdir… (Yusif surəsi, 18)

Yuxarıdakı ayədə nəfsin insanları aldada biləcəyi və əslində çirkin olan şeyi gözəl göstərə biləcəyi bildirilir.

Yenə nəfsin təsirinin vurğulandığı başqa hadisə Taha surəsində izah edilir. Hz. Musanın qövmündən olan Samiri, hz. Musa qısa müddətə yanlarından ayrıldığında, bütün qövmü azdırmış və onlardan yığdığı qızıllarla buzov heykəli düzəltmişdi. Hz. Musa geri dönüb Samirini hesaba çəkdiyində isə Samirinin cavabı belə olmuşdur:

(Samiri) dedi: “Mən onların görmədiklərini gördüm. Belə ki, elçinin ləpirindən bir ovuc (torpaq) alıb onu (ərimiş zinət əşyalarının içinə) atdım. Nəfsim bunu mənə gözəl göstərdi”. (Taha surəsi, 96)

Quranda bəhsi keçən başqa hadisə də hz. Adəmin iki oğlu arasında baş vermişdi. Hz. Adəmin iki oğlundan biri qısqanclığı səbəbiylə qardaşını öldürür və sonra peşmanlıq duyur. Ayədə, bu cinayəti törədən hz. Adəmin oğlu üçün Allah belə bildirir: “… Nəfsi onu qardaşını öldürməyə vadar etdi…”. (Maidə surəsi, 30) Adam öldürmək və belə qərar vermək əslində insanın yaradılışı ilə əsla uyğun gəlməz. Heç kim belə bir şeyi istəməz və bunu etməyi asan görməz. Ancaq nəfsdəki xüsusiyyət bunu asanlaşdırır və bəzi insanlara bunu cazibədar göstərir. Oğurluq, əxlaqsızlıq, yalan danışmaq, qısqanclıq, təkəbbür kimi xüsusiyyətlər üçün də eyni vəziyyət keçərlidir.

Diqqət yetirilsə, yuxarıda göstərilən ayələrdə nəfsin mənfi təlqinindən bəhs edilir. Hz. Adəmin oğlu, hz. Yusifin qardaşları və Samiri fərqli cinayətlər etmişlər. Bu hadisələrdə ortaq olan nöqtə isə hər bir rəftarın nəfslərindən qaynaqlanmasıdır. Nəfsləri bu pis əməlləri asan və gözəl göstərmiş və ya onları aldatmış və pisliyə sövq etmişdir.

O zaman, nəfsin bu gücü haradan qaynaqlanır? Cavab aydındır: Şəms surəsindəki ayədə bildirildiyi kimi nəfsə fücur, yəni bütün bu pisliklər ilham edilir.

Bu nöqtədə ağıla belə sual gələ bilər: “Madam insanların nəfsi bu şəkildə pisliyə açıq olaraq yaradılmışdır, elə isə hər insandan pislik və əxlaqsızlıq gözləmək lazım deyilmi?”

Burada nəfsin digər xüsusiyyətini daha xatırlamaq lazım olacaq; nəfsdəki tək güc bu mənfi ilham deyil. Şəms surəsindəki ayələr təkrar oxunsa, nəfsə pisliklərlə yanaşı bu pisliklərdən çəkinmənin də ilham edildiyi görüləcək. Yəni mənfi güclərlə yanaşı müsbət güclər də nəfsdə hazır var. Bunun mənası belədir: Hər insanın nəfsində həm pislikləri, əxlaqsızlıqları əmr edən, bunları asan və gözəl göstərən güc vardır, həm də bütün bunlardan çəkinməyi, yaxşı və gözəl olanı seçməyi əmr edən müsbət güc vardır. Məhz bu müsbət güc vicdandır. Və insanları bir-birlərindən ayıran xüsusiyyət insanların vicdanlarına və ya nəfslərindəki mənfi xüsusiyyətlərə uyaraq həyat sürmələridir.