Nəfsə uyğun din planları

Bəzi insanlar Allahdan lazımı qədər qorxmadıqlarına görə Quranı özünə rəhbər tutmur və buna

Bəzi insanlar Allahdan lazımı qədər qorxmadıqlarına görə Quranı özünə rəhbər tutmur və buna görə də Allahın bildirdiyi əxlaqı tam yaşamırlar. Quran ayələrində bu insanların soruşduqda Allaha iman etdiklərini söylədikləri, ancaq daha dərin imanı və Allaha lazımi qədər qulluq etməyi qəbul etmədikləri bildirilir:

De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” (Yunis surəsi, 31)

And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə necə döndərilirlər? (Zuxruf surəsi, 87)

Bu insanlar Qurana tam tabe olmaq və bu nemətdən istifadə etməkdənsə, dini öz ağılları, nəfsləri və ya din əxlaqından uzaq yaşayan cəmiyyətlərin müəyyən qaydalarına uyğun şəkildə şərh etməyə çalışırlar. Bu yolla haqq dindən uzaqlaşır, fərqli və batil din anlayışını müdafiə edirlər. “Nəfsə uyğun din” olaraq adlandıra biləcəyimiz bu din anlayışının ən mühüm xüsusiyyəti insanların nəfsani istəkləri və dünyadakı mənfəətlə zidd düşməyən inanc olmasıdır.

Bu saxta inanca sahib insanlar dinin az hissəsinə inanır və tətbiq edirlər, bu hissə onların vicdanlarını rahatladır, bununla yanaşı, heç vaxt öz dünyəvi istəklərindən güzəştə getmirlər. Bu batil din anlayışı heç vaxt onların mənfəətləri ilə ziddiyyət təşkil etmir, onları maddi-mənəvi heç bir mənada çətinliyə salmır, həyatın heç bir sahəsində fədakarlıq etməyi tələb etmir. İbadətlərin bəzilərini yerinə yetirə və asanlıqla da əl çəkə bilirlər.

Belə səhv anlayışlı insanların həyatında Quran əxlaqı çox az yer tutur və onlara heç bir narahatlıq vermir. Bunun nəticəsində də belə insanlar yeri gələndə nəfslərinin istəklərini narahat olmadan yerinə yetirə bilir, ədalətdən, səmimilikdən, yaxşılıqdan uzaqlaşmaqdan qorxmurlar.

Bu anlayış o insanların yaşadıqları cəmiyyətdə heç kimin fikirləri ilə uyğunlaşmadan, axirəti düşünmədən, istək və əyləncələrə mane olmadan və heç bir mövzuda narahat olmadan rahat yaşamalarını təmin edir. Cəmiyyətdəki insanların iman edib Allaha qulluq etməməyi və Quran əxlaqını yaşamamağı onları maraqlandırmır. Quran əxlaqına zidd olan bu dinin müdafiəçilərinə görə, ən əsası yaxın insanların dünyagörüşləri ilə zidd düşməmək üçün lazım olan hər məsələdə güzəşt etmək olar.

Nəfsə uyğun bu dinin müdafiəçiləri insanları Allahın bəyəndiyi həyatı və Quran əxlaqını yaşamağa dəvət etmək yerinə, ətrafına da bu saxta dini təbliğ edirlər. Həm özlərini, həm də ətrafındakı insanları bu yanlış din anlayışına inandırmağa çalışırlar. Halbuki nəfsə uyğun belə bir din anlayışının heç bir əsası yoxdur. Allah bir ayədə “De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!” (Hucurat surəsi, 16) bildirir. İnsan üçün hər şeyin ən doğrusunu bilən yalnız sonsuz elm sahibi olan Rəbbimizdir.

Allah Quranın “mən özümü təmizə çıxartmıram, çünki həqiqətən nəfs Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, pis işlər görməyi əmr edər…” (Yusif surəsi, 53) ayəsi ilə nəfsin insanları pisliyə yönəldən xüsusiyyətini bildirmişdir. Allah “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam surəsi, 162) ayəsi ilə iman edənlərin həyatının hər anının, etdikləri hər işin ancaq Allahın əmr etdiyi şəkildə olduğunu bildirmişdir.

Allahın razılığını qazanmaq bəzən insanın nəfsinə qarşı çıxmağı tələb edə bilər. Allah Quranda dünya həyatının insanların sınanmaları üçün yaradıldığını, buna görə də bir çox hadisələrlə imtahan olunacaqlarını bildirmişdir:

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk surəsi, 2)

İnsan dünyada qarşılaşdığı nemətlər və çətinliklər qarşısında Quran əxlaqına uyğun şəkildə davranmaqla və Allahın razılığını qazanmaqla məsuliyyət daşıyır. Allah başqa ayələrdə “insanlar yalnız: “İman gətirdik!” – deməklə imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik…” (Ənkəbut surəsi, 2-3) şəklində bildirmişdir. Belə ki, həqiqi iman Allahın sevgisini, razılığını, dostluğunu qazana bilmək üçün hər şeyi gözə almağı tələb edir. Allahın razılığını qazanmaq lazım olduqda nəfsin istəklərini məğlub etməyi, səbir göstərməyi, bəzi şeylərdə güzəştə getməyi və çətinliklərə sinə gərməyi tələb edə bilər.

Allah Quran ilə bütün insanları “bir-birini yaxşılığa çağırıb pislikdən çəkindirməyi” bildirmişdir. İmanlı bir insan sırf insanlar “narahat olmasın” deyə bu məsuliyyətini yerinə yetirməkdən çəkinməz. İnsanların özlərinə və ya ətrafındakılara zərər verdiklərini, gözəl əxlaqdan, ədalətdən, düzgünlükdən uzaqlaşdıqlarını və ya pis bir iş etdiklərini gördüyü halda, “narahat etməmək üçün” buna laqeyd qalmaz. Quranda möminlərin bu mövzuda göstərməli olduqları əxlaq belə bildirilir:

İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir. (Ali İmran surəsi, 104)

Müsəlmanların bu məsuliyyətlərini yerinə yetirməməyi, başqalarından çəkinməyi, özlərinin də dini lazımi qədər yaşamamağı Quran əxlaqına uyğun deyil. Quranda iman edənlərin Allahın razılığına uyğun həyat yaşayarkən qınanmaqdan çəkinmədikləri bildirilir.

Bir insanın səmimi dindar olması, həyatını Allahın razılığına uyğun şəkildə keçirməsi cəmiyyətdəki bəzi insanlar tərəfindən qəbul olunmaya bilər. Lakin unudulmamalıdır ki, səmimi din anlayışında əsas “insanların razılığı” deyil. Həqiqi iman edənlər ətrafdakı insanların razılığını qazanmağı Allahın razılığından üstün görməzlər. Hər insan axirətdə Allahın qarşısına tək çıxacaq, dünya həyatında etdiklərinə görə tək hesab verəcək. Nə yaşadığı cəmiyyətin insanları, nə də onların razılığı axirətdə insana heç bir fayda qazandırmayacaq. İnsan ancaq Allahın razılığını qazanmaq üçün etdiyi saleh əməllərlə Rəbbimizin rəhmətini və cənnətini qazana bilər.

Bunu da unutmamaq lazımdır ki, insanların belə batil din anlayışı ilə çatmaq istədikləri hədəf “rahat həyat yaşamaqdırsa”, bunu belə yolla əldə etmək mümkün deyil. Əksinə, Allah bu insanlar üçün dünyada “çətin həyat” olduğunu bildirir. Əsl dinclik, xoşbəxtlik və rahatlıq ancaq Allahın insanlar üçün seçib bəyəndiyi din əxlaqını yaşamaqla əldə edilə bilər. Allah Quranda bu həqiqəti insanlara belə bildirir:

Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik! (Taha surəsi, 124)

Həqiqi din Rəbbimizin Quran ilə bizə bildirdiyi Quran əxlaqının tam olaraq tətbiq olunması ilə yaşana bilər. İnsanları dünyada və axirətdə qurtuluşa çatdıran da yalnız Allahın bildirdiyi bu doğru yoldur. Allah Quranda belə buyurur:

Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma! (Bəqərə surəsi, 147)