Nə üçün insan özünü yetərli görməməlidir?

Allahdan qorxan bir insanın həyatda ən böyük məqsədi Allahı razı salacaq bir əxlaqa sahib olmaqdır. Bunun üçün o, özünü tərbiyə etməli, daim daha üstün bir əxlaqı yaşamaq üçün səy göstərməli olduğunu bilir. Çünki səmimiyyətin, dürüstlüyün, çalışqanlığın, fədakarlığın, təvazökarlığın və digər gözəl xüsusiyyətlərin “yuxarı həddi” yoxdur. Yəni bir insanın “mən ən gözəl əxlaqa çatdım, bundan daha yaxşısı ola bilməz” deməsi mümkün deyil.

Özünü hər baxımdan natamam (çatışmazlıqlarla dolu) görən və daim daha yaxşısını axtaran bir insanın mənəvi inkişafı çox sürətli olur. Belə bir insan tez bir zamanda səhvlərindən təmizlənir və hər gün daha üstün bir əxlaqa doğru irəliləyir. Əks halda, əgər insan hər hansı bir mövzuda özünü yetərli görərsə, daha yaxşısını axtarmaq və tətbiq etmək üçün səy göstərməz. Öz nöqsanlarını və səhvlərini görə bilməz, onları düzəldə bilməz. Bu isə onun inkişaf etməməsinə səbəb olar. Allah Quranda insanın özünü hər hansı bir mövzuda müstəğni (özünü yetərli hesab edən) görməsinin böyük bir səhv olduğunu belə bildirir:

Xeyr! Həqiqətən, insan çox azğınlıq edir. Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür. (Ələq surəsi, 6-7)

Məhz buna görə insan həm Allahı razı edəcək xeyirli işlər görməkdə, həm də mənəvi baxımdan özünü inkişaf etdirməkdə qətiyyən özünü yetərli hesab etməməlidir. Allahın ona verdiyi ağıl və vicdan vasitəsilə daim daha yaxşısını, daha gözəlini, daha üstününü, daha mükəmməlini istəməli və bu istiqamətdə səmimi şəkildə səy göstərməlidir.