Bir-biri ilə əlaqəli olan hadisələrin və insanların mövcud olduğu izdihamlı bir dünyada yaşayırıq. Ətrafımızda gecə-gündüz bitməyən hərəkət, əskilməyən səs-küy və hadisələr zənciri var. İnsanı ən çox aldadan şeylərdən biri də bu izdihamlı dünyada qarşılaşdığı detalların çoxluğu və həqiqiliyidir.
Dünya həyatında meydana gələn hər bir hadisə sürətlə keçir, insan bu sürət və hərəkətlilikdə bəzən yaşadığı həyata qəflət dolu baxışlarla baxır. O, bəzən gözlərinin qarşısından sürətlə keçib gedən hadisələri və detalları öz gücü və iradəsi ilə idarə edə biləcəyini düşünür. Yaşadığı hər hadisəyə müdaxilə edərək həll edə biləcəyinə, üzərinə düşən məsuliyyətləri öz bacarığı ilə yerinə yetirəcəyinə inanır.
Bu hərəkətlilikdə qarşılaşadığı və qarşılaşacağı hadisələrin içindən necə çıxacağını, hər şeyi necə idarə edəcəyini, onu maraqlandıran bir çox problemi necə həll edəcəyini, ondan tələb olunanları necə yerinə yetirəcəyini düşünərək həyəcanlanır. Hətta gözündə böyüyən bir problemi necə həll edəcəyini düşünərkən də çətinlik çəkir. Bəzən bir səhvi düzəltmək, bir xüsusiyyəti dəyişdirmək, insanların tələblərinə lazımi şəkildə cavab vermək kimi mənəvi məsuliyyətlər də insana çox çətin görünür. İnsan bunları reallaşdırmaq üçün ciddi şəkildə narahat olur.
Halbuki insanın önündə aşmalı olduğu dağlar qədər yüksək maneələr olsa da, keçirdiyi narahatlıq və həyəcan hissi tamamilə yersizdir. Çünki izdihamlı və hərəkətli dünyaya baxmayaraq, əslində, o, öz ruhundakı mənəvi dünyada tək yaşayır və sadəcə onu yaradan Allah qarşısında məsuliyyət daşıyır. Qarşısına çıxan bütün hadisələri həll edən, qaydaya salan və nəticələndirən yalnız Allahdır…
I …İnsanın özü də daxil olmaqla, dünyadakı heç bir insan, heç bir hadisəyə müdaxilə edə bilməz. Allahın onun üçün yaratdığı dünyada meydana gələn hadisələri dərk etsə də, etməsə də onları acizliklə izləyir. İnsan yersiz narahatçılıqdan qurtulmaq üçün bu əhəmiyyətli həqiqətin şüuruna varmalıdır.
Allah bir ayəsində “Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!” (İnsan surəsi, 30), – deyə buyurmuşdur. Bu həqiqət insan üçün böyük rahatlıqdır.
İnsan başqa birinin ruhuna, xarakterinə, inanclarına, düşüncələrinə, ya da qərarlarına təsir edə bilməz. Allah isə bütün yaratdıqları üzərində sonsuz güc sahibidir. Əgər insan bir mövzuda kiməsə nə isə deməyə, ona nəyisə izah etməyə, nəyəsə inandırmağa və onu qane etdirməyə çalışırsa, sözsüz ki, əlindəki bütün ağıllı imkanlardan istifadə edəcək. Amma bu cəhd onun səmimiyyətinin sübutu olacaq. Qarşı tərəfdə yaranan nəticə isə Allahın diləməsi ilə yaradılır. İnsan bunu öz cəhdi ilə əldə edə bilməz.
Məsələn, səhv edən insan israrla qarşı tərəfdən onu bağışlamasını istəyər. Səhvini düzəltmək və yaranan vəziyyəti dəyişdirmək üçün əlindən gələni edər. Amma əsla onu bağışlayanın qarşısındakı insan olduğunu düşünərək yanılmamalıdır. İnsanların qəlblərinə təsir edən yalnız Allahdır. Allah bir ayədə “Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (Saffat surəsi, 96), – deyə buyurmuşdur. İnsanın fikirlərini dəyişdirən, qəlbində olan narahatçılığı keçirən, edilən səhvi unutduran və vəziyyətini düzəldən Allahdır.
İnsanın bu həqiqəti bilməsi onun üzərindən böyük bir yükü qaldırır. Belə ki, insanın bu mövzuda narahat olması, həyəcanlanması, “Oldu, ya olmadı?”, “Nə vaxt olacaq?”, ya da “Necə olacaq?” kimi düşüncələrlə məşğul olması tamamilə yersizdir. İnsan Quran əxlaqına, ağıla, vicdana uyğun olan hər şeyi tətbiq etməli və Allaha tamamilə təslim olmalıdır. Allah ən gözəlini yaradandır.

