Namazı tərk edənlərin öldürülməsi

İslamı tərk edənlərin qətli uydurması

İslamı tərk edənlərin qətlə yetirilməsini hökm edən uydurma hədisin başqa bir bənzəri də bu hədisdir. İbadətlərdə və ümumiyyətlə, heç bir mövzuda məcburiyyətin olmadığını açıq şəkildə ifadə edən bir dində insan namaz qılmağa məcbur edilə bilməz. “Sən onları məcbur edən deyilsən” (Qaf surəsi, 45) –deyə əmr edən dində hansı hökmə əsasən belə təzyiq ola bilər? Əlbəttə, edilə bilməz. Qurana baxdıqda açıq-aşkar görürük ki, müsəlman namaz qılıb-qılmayan hər kəsə hörmətlə yanaşmalıdır.

Zorla edilən ibadətin heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda bu, nifrət və qəzəbin qaynağını təşkil edir. Namazı tərk edincə öldürüləcəyini düşünən insan ölüm riskini gözə almaqdansa, dindar təqlidi ilə ikiüzlü davranar və daima yaşadığı həyatdan, yəni məcbur edildiyi dindən nifrət edər. Münafiq yetişdirmək İslam üçün ən böyük zərərdir. Odur ki, şiddət, zülm və ölüm təhdidi ilə ayaqda tutulan dindarlıq heç bir zaman həqiqi dindarlıq ola bilməz. Bu, İslama yalnız zərər verər.

Əgər bir insan hər hansı səbəbə görə namazı tərk edirsə, bunun müxtəlif səbəbləri ola bilər. Həmin adam kifayət qədər dindar olmaya bilər, bununla yanaşı, Allah ona güclü iman verməyə bilər, yaxud o adam Allahdan daha çox qorxmaya bilər. Hidayət Allahın əlindədir və insan heç bir zaman hidayəti təmin edə bilməz. Bir insan namaz qılmadığına görə dindən çıxmaz. Namazı tərk edən adam bir gün yenə namaz qılmağa başlaya bilər. Bu, onun üçün böyük qazancdır. Yaxud da namaz qılmağa başlamaz, amma yaxşı və faydalı insan olar. Bunların heç biri olmasa da, yəni o adam dini tam tərk etsə belə, müsəlmanlar onunla şəfqətli davranmalıdır. Qurana uyğun olan budur. Hər kəsin hökmü Allah qatındadır. Buna görə də, bir insanı öldürmək tam mənada cinayətdir və bunun qətiyyən Quranda yeri yoxdur.