İbadət Allaha olan sevginin təzahürü kimi istəyərək və şövqlə edilir. Zorla və məcburən edilməz. Bu saxta hədisdən isə belə başa düşürük ki, bir uşaq hələ on yaşına çatmamış namaza məcbur edilir. Hələ Allahı tanımayan, dünyaya niyə gəldiyini bilməyən, Yaradıcının və yaradılışın sirlərinin fərqində olmayan bir uşağın fərz olduğunu bilmədiyi bir hökmə məcbur etmək necə faydalı ola bilər? Bir uşağın dindar olması üçün onu ibadətə məcbur etmək doğru yol deyil. Ona Allahın varlığını və birliyini göstərən dəlillərdən danışmaq, onun Allahı anlayıb sevməsinə və dinə məhəbbət bəsləməsinə çalışmaq lazımdır. Uşaq bunları anladıqca onsuz da Allaha qarşı məsuliyyət daşıdığını hiss edər, şükür etməyə başlayar və Allaha ibadəti də zövqlə yerinə yetirər. O zaman ibadət həm qəlbdən, həm də sevgi ilə edilmiş olar.
Lakin hələ Allahı tanımayan uşaq tanımadığı bir dinin hikmətini bilmədiyi ibadətlərini yerinə yetirməyə məcbur edilib sonra da bunu etmədiyi üçün döyülərsə, çox güman, həmin uşaq həyatının geridə qalan hissəsində də o dinə və ibadətlərə gizli nifrət duyar. Bəlkə də, ömrünü bu qorxunc ön mühakimə ilə keçirəcəyi üçün Allahı da yanlış tanıyar və doğru hökmləri görüb anlamağa çalışmaz. Hələ bir çox şeydən ağlı kəsməyən uşağı Allaha sevgi və gözəlliklə yaxınlaşdırmağın yerinə döyərək ibadət etməyə məcbur etmək İslam dünyasına zərərdən başqa bir şey gətirməz. Lakin Qurandan uzaqlaşan xurafatçılar bunu başa düşmürlər.
Bu bəhs etdiyimiz nifrət, əslində, praktikada da yaşanır. Bir çox qatı xurafatçı ailələrin uşaqları yuxarı yaşlarda ya din əleyhdarına çevrilir, ya da cəmiyyətdə az rast gəlinən degenerasiya bataqlığına düşürlər. Bununla belə, dindən ya lətifə kimi bəhs edirlər, ya da nifrətlə danışırlar. Hətta bir çox dinsiz dinə hörmətlə yanaşdığı halda, onlar hörmət etməyib kin bəsləyirlər. Bunun əsas səbəbi Quranda olmayan ibadətə məcbur etmə hökmünün uşaqlara qarşı tətbiq olunmasıdır.

