Namaz niyə vacibdir?

İmandan sonra gələn ən əhəmiyyətli ibadətlərdən olan beş vaxt namaz, möminlərə həyatları boyunca davam etdirmələri əmr edilmiş, vaxtları təyin olunmuş bir ibadətdir.

İnsanlar unutqanlığa və qəflətə meyllidirlər. Əgər iradə göstərə bilməsələr və gündəlik hadisələrin axınına qapılsalar, həqiqətən diqqət yetirməli və xatırlamalı olduqları məsələlərdən yayınarlar. Onlar Allahın onları hər tərəfdən əhatə etdiyini, hər an onları izlədiyini və eşitdiyini, etdikləri hər şeyə görə Allah qarşısında hesab verəcəklərini, ölümü, cənnət və cəhənnəmin mövcud olduğunu, taledən kənar heç bir şeyin baş vermədiyini və qarşılaşdıqları hər şeydə xeyir olduğunu unudarlar. Qəflətə düşərək həyatlarının əsl məqsədini unuda bilərlər.

Beş vaxt qılınan namaz isə bu unutqanlığı və qəfləti aradan qaldırar, möminin şüurunu və iradəsini diri saxlayar. Bu, möminin daim Allaha üz tutmasını təmin edər və Yaradıcımız olan Allahın əmrlərinə uyğun bir həyat yaşamasına kömək edər. Allahın hüzurunda namaz qılmaq üçün dayanan mömin Rəbbimizlə güclü bir mənəvi əlaqə qurar. Namazın insana Allahı xatırlatdığı və onu hər cür pislikdən uzaqlaşdırdığı bir ayədə belə bildirilir:

(Ey elçi!) Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Allahı zikr etmək ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)