Quranda namazın möminlər üçün vaxtları müəyyən edilmiş ibadət kimi vacib edildiyi bildirilir. Ayədə belə buyrulur:
Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir. (Nisa surəsi, 103)
Namaz vaxtları, “səhər”, “günorta”, “əsr”, “axşam” və “işa” olmaq üzrə beş vaxtdan ibarətdir. Namaz vaxtları bir çox Quran ayəsində açıq şəkildə bildirilmişdir. Bunlardan biri belədir:
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan! (Taha surəsi, 130)
Quranı Allahın vəhyi və ilhamı ilə ən yaxşı başa düşən və təfsir edən Peyğəmbərimiz (s.ə.v) möminlərə beş vaxt namazın başlanğıc və bitmə vaxtlarını da izah etmişdir. Namaz vaxtları haqqında məlumat verən hədislərdən biri İbn-i Abbasın rəvayət etdiyi hədisdir:
Rəsulullah buyurdu ki: “Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki:”Cəbrayıl (əleyhissalam) mənə, Beytullahın yanında, iki dəfə imamlıq etdi. Birinci dəfə, günorta kölgə ayaqqabı bağı uzunluğunda olanda qıldı. Sonra əsr namazını hər şey öz kölgəsi uzunluğunda olanda qıldı. Sonra axşam namazı günəş batanda və oruc tutan şəxs orucunu açanda qıldı. Sonra işanı, üfüqdəki işıqlıq (şəfəq) itdikdə etdi. Sonra səhəri şəfəq söküldükdə və orucluya yemək haram olduğu vaxtda qıldı. İkinci dəfə günorta namazı dünənki əsr namazının vaxtında, hər şeyin kölgəsi özü ilə eyni uzunluqda olanda qıldı. Sonra əsr namazı hər şeyin kölgəsi özü ilə iki dəfə uzun olduqda qıldı. Sonra axşam namazını əvvəlki vaxtda qıldı. Sonra gecənin üçdə biri keçdikdə gecə namazını qıldı. Sonra səhər namazını yer işıqlandıqda qıldı. Sonra Cəbrail (əleyhissalam) mənə yönəlib: “Ey Məhəmməd Bunlar səndən əvvəlki peyğəmbərlərin (əleyhimussalatu vəssalam) vaxtıdır. Namaz vaxtı da bu iki vaxt arasında qalan zamandır!” dedi”.
İstər Quran ayələri, istər Peyğəmbərimiz (s.ə.v)-in səhih hədisləri, istərsə də İslam alimlərinin şərhləri ilə, namazın beş vaxt olduğu sabit və müzakirə edilməz bir həqiqətdir.
Beş vaxt namaz fərz, vacib və sünnətləriylə 40 rükətdən ibarətdir. Bu rükətləri namaz vaxtlarına görə paylaşımı isə aşağıdakı kimidir:
– Səhər namazı: 2 rükət sünnə, 2 rükət fərz
– Günorta namazı: 4 rükət ilk sünnə, 4 rükət fərz, 2 rükət son sünnə
– Əsr namazı: 4 rükət sünnə, 4 rükət fərz
– Axşam namazı: 3 rükət fərz, 2 rükət sünnə
– İşa namazı: 4 rükət ilk sünnə, 4 rükət fərz, 2 rükət son sünnə, 3 rükət vitr namazı

