Müvəqqəti nikah ərəb dilində “muta” adlanır. Lüğətdəki mənası, “faydalanmaq”, “istifadə etmək” deməkdir. Hər hansı bir qadınla müəyyən məbləğin əvəzində, müəyyən bir müddət birlikdə olmaq üçün razılığa gəlməkdir. Siğəni əsasən şiələr müdafiə edirlər. Hətta Allahın Rəsulunun, Əhli Beytin adına onlarla siğə hədisi uydurublar. Görək Quranda deyilən həqiqi nikah ilə siğə arasında fərqlər nədir?
- Daimi nikahda şahidlər zəruridir. Muta nikahında isə şahid istənilməz.
- Daimi nikahda məqsəd daimilik və davamlılıqdır. Lakin, muta nikahında məqsəd zövq almaq, müvəqqəti olaraq faydalanmaqdır.
- Daimi nikahda qadının iffətini qoruması vacib ikən, muta nikahında qadının iffətini qoruması vacib deyildir.
- Daimi nikahda talaq yəni, boşanma vardır. Muta nikahında isə bu yoxdur.
- Daimi olan nikahda boşanma müddəti bilindiyi kimi üç ay və ya üç heyz zamanıdır. Amma, muta nikahında qırx beş gün, bir ay və ya iki heyz zamanıdır.
- Evlilikdə miras və vərəsəlik vardır. Amma, muta nikahında bunların heç birisi yoxdur.
- Daimi nikahda məsləhət 1 qadınla və elçilər üçün ən çox 4 qadınla evlənmək olar. Lakin, muta nikahında isə min qadınla da evlənmək olar.
Sadəcə bunları nəzərə alaraq İslamda siğənin olmadığını demək olar. Çünki, bu yazılanlara aid Quranda bircə ayə də yoxdur. Siğə sadəcə qadının şəxsiyyətini, mənliyini alçaltmaq üçündür. Kişilərin həzz almasına yönəlmiş bir plandır. Hələ utanmadan iddia edirlər ki, guya Elçi dövründə siğəyə icazə verilib. Əslində bu tamamilə iftiradır. Siğə cahiliyyə dövrünün qalıqlarındandır ki, bu zamana kimi gəlib çıxmışdır. Bu çirkin qaydanı islama salmaq istəyənlər Quranda Nisa surəsi, 24-cü ayəsini buna misal gətirirlər.
Sahib olduqlarınız müstəsna olmaqla, ərli qadınları almaq Allahın hökmü ilə sizə haram edildi. Bunlardan basqaları isə namusla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. Yaxınlıq etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin. Mehir müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir. (Nisa surəsi, 24)
I Bu ayə daimi nikahla bağlı olan ayədir. Çünki ayənin əvvəlinə baxanda namusla, zinakarlığa yol vermədən deyir. Zina nədir? Evli və ya subay olan iki nəfərin qeyri-qanuni əlaqəsi. Sonra isə mehrdən danışılır. Mallarınızı sərf edərək evlənmək deyirsə deməli söhbət daimi nikahdan gedir. Bu ayəyə görə siğəni halal sayanlar Muminun 5-7 və Məaric 30 ayələrini birbaşa inkar etmiş olar.
O kəslər ki, onlar ayıb yerlərini zinadan qoruyarlar. Həyat yoldaşları yəni nikah əhdi bağladıqları istisna olmaqla qınanmazlar. Kim ondan artığını istəyərsə, onlar əsl həddi aşanlardır. (Muminun surəsi, 5-7; Məaric surəsi,30)
Bu ayədən də açıq-aşkar aydın olur ki, İslam dini həyat yoldaşlarından başqası ilə yaxın olmağa heç kimə icazə verməyib.
Qeyd edim ki, Quranda birbaşa “muta” sözü yoxdur. Quranda mutanın əvəzinə istimtaa sözünü dəlil kimi gətirirlər. Dəlilləri budur ki, istimtaa sözünün kökü mtaa-dır ki, bu da muta sözünə oxşayır və bununla da mutaya icazə verilir. Tutalım İstimtaa sözünü muta kimi götürək. Bu iki sözün də işləndiyi 2 ayə var onlara baxaq:
Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız”. (Əhqaf surəsi, 20)
Bu ayədə açıq deyilir kim ki, istimtaa edir cəhənnəmə düşəcək.
Bu, az bir mənfəətdir. Sonra isə onların yeri cəhənnəmdir. Ora nə pis yataqdır. (Ali İmran surəsi, 197)
Burada da deyilir ki, mtaa edənlər (muta sözünün 10-cu fel forması) cəhənnəmdə yanacaq. Beləliklə Quranda Mtaa və İstimtaa sözlərinin hər ikisi işlənib əgər onlar muta mənasındadırlarsa, birmənalı olaraq Quran mutaya yox deyir.

