Mütəşabih ayələr nədir?

Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək (2)

Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək şəkildə açıq və sadə bir üslubla izah edilmişdir. Bunlara möhkəm ayələr adı verilir. Möhkəm ayələr, Quranda bildirildiyi kimi, “Kitabın anası” yəni əsasıdır. Möhkəm ayələr xaricində Quranın bir də mütəşabih ayələri vardır.

Mütəşabih ayələr, müxtəlif təşbeh (məcazi) və bənzətməli izahatlar ehtiva edən ayələrdir. Mütəşabih ayələr, Quran haqqında məlumatı olmayan və ya pis niyyətli kəslər tərəfindən tamamilə səhv göstərilib, qeyri-mümkün mənalarda şərh oluna bilər. Bu vəziyyət Quranda belə açıqlanır:

Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (qəti) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (məcazi) ayələrdir. Ancaq qəlbində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, – deyərlər. Təmiz ağıl sahiblərindən başqası (bunu) dərk etməz. (Ali İmran surəsi, 7)

Mütəşabih ayələrin mənası Allah qatındadır. Tarixən Qurandakı mütəşabih ayələri müxtəlif səhv məqsədləri və istəkləri əsasında şərh edən azğın insanlar, məzhəb və cərəyanlar mövcud olmuşdur. Bunun fitnə olduğu və ancaq qəlbində xəstəlik olan, yəni doğru yoldan sapan, imanını itirən kəslərin bu yola girdikləri ayədə bildirilmişdir.

Həmçinin, ayədə, mütəşabih ayələrin şərhini ancaq Allahın bildiyi də ifadə edilmişdir. Allah istədiyinə bu ayələrin şərhiylə əlaqədar elm verə bilər. Ancaq iman edənlər, mütəşabih ayələrin hamısına inanarlar, qəlbində xəstəlik olanların və fitnə törədənlərin etdikləri kimi ayələr haqqında azğın şərhlər etməyə cəhd göstərməzlər.

Bədiüzzaman Səid Nursi, ayələrdəki mütəşabih mənaları ağacın yerin altındakı görünməyən köklərinə bənzədir və bu şərhlərin sonsuz hikmət sahibi olan Rəbbimizin insanlara böyük bir lütfü olduğunu deyir:

“Quranın ayələrinin iç-içə girmiş dairələr halında geniş olan mənaları vardır. Bunlar bir-biri ilə kəsişən deyil, mərkəzləri eyni olan dairələrdir. Eynilə durğun bir hovuza atılan daşın ətrafında get-gedə genişlənən halqaların meydana gəlməsi kimidir. Əsl mərkəzi məna sarih (açıq) məna olub, digərləri genişləyən məqsədlər vəziyyətindədir. Yaxud onlar ağacın genişləyən halqaları kimidirlər. Ağac nə qədər geniş gövdəli olarsa, o qədər dəyərli olar. Bir ağaca kənardan baxdığımızda onun gövdəsini və budaqlarını görərik. Halbuki, dərində onun qalın kökləri, daha dərində isə minlərlə nazik kökləri vardır. Quran ayələrinin də səthi (görünüşə görə), dərinliyi, kökləri və nazik damarları vardır.” (Mektubat, 502)

Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır. Bu da Qurandakı sonsuz ilahi hikmətdən qaynaqlanır. Müəyyən saydakı ayələrin daxilinə sərhədsiz bir elm, üstün bir hikmətlə yerləşdirilmişdir. Ayələr öz daxilində zahiri, batini, bir-birinə qarışmış və qatlanmış bir çox məna ehtiva etdikləri kimi ayələrin bir-birləri arasındakı əlaqələrdən də saysız mənalar çıxar. Bəzən tək bir ayənin şərhi belə müstəqil bir kitab mövzusu ola bilər. Buna görə də, Quranı şərh etmək üçün hər şeydən əvvəl Quranı tam bilmək əsas şərtdir.

Ayəni düzgün şərh edə bilmək, əsl mənanı başa düşə bilmək üçün, Quranı tam bilməkdən əlavə, İslam alimlərinin bu mövzuda istifadə etdiyi üsulları da bilmək lazımdır. Bu üsulların ən əhəmiyyətlilərindən biri, bir ayəni Quranda olduğu yerə əsasən qiymətləndirməkdir. Quranda çox vaxt bir ayənin mənası o ayənin içində keçdiyi mövzu bütövlüyündən aydın olar.

Ayənin əvvəli və ondan sonrakı ayələr o ayədəki mənanın dəqiq olaraq başa düşülməsini təmin edir. Bu vəziyyət İslami ədəbiyyatda, ayənin “siyak və sibakı” yəni “gəlişi və gedişi” olaraq adlandırılar. Buna görə də, bir çox ayəni olduğu yerdən ayırıb, əvvəlinə axırına diqqət yetirmədən, yalnız daxilində olan sözlərə görə şərh etməyə cəhd göstərmək çox səhv mənaların çıxmasına səbəb ola bilər.

Əksər dövrlərdə, bəzən cəhalət nəticəsində bəzən də məqsədli olaraq, ayələrin bu şəkildə səhv təfsir edilməsi, Quranın səhv başa düşülməsinə və Quran haqqında pis niyyətli insanlar tərəfindən müxtəlif böhtanlar atılmasına gətirib çıxarmışdır.

Bir başqa əhəmiyyətli üsul da ayələrdə keçən sözlərin mənalarını yenə ayələri əsas götürərək başa düşməyə çalışmaqdır. Bir çox söz Quranda xüsusi mənalarda istifadə olunur. Quranın müəyyən bir yerində istifadə edilən bir kəlmənin hansı mənada istifadə edilməsi çox vaxt o kəlmənin Quranın başqa bir yerində istifadə edilmə formasından aydın olar.

Bəzən bir sözün birdən çox mənası ola bilər. Belə bir sözün, yer aldığı ayədə hansı mənada istifadə edildiyi, o sözün Quranın başqa yerlərində hansı mənada istifadə edilmiş olduğundan aydın olar. Buradan da aydın olduğu kimi, Quran özünü izah edən bir kitabdır. Bir ayənin təfsiri, şərhi bəzən bir başqa ayənin və ya bir neçə ayənin mənasında gizli ola bilər.

Ayəni düzgün şərh etməyin əhəmiyyətli şərtlərindən biri də Quranın ruhunu qavramaqdır. Quranın ruhunu qavraya bilmək üçün də Quranı tam bilmək lazımdır. Allahın sonsuz mərhəmət, şəfqət və ədalətinin Quranın bir çox ayəsindəki təcəllisi (əks olunması) görülüb başa düşülməli və Quranın tam şəkilində qiymətləndirilməlidir.

Quran ilahi bir Kitab olduğu üçün əlbəttə, digər kitablara bənzəməz və onlarla müqayisə edilə bilməz. Quranın özünə xas xüsusi bir üslubu vardır. Quranı, xüsusilə də Quranın mütəşabih ayələrini doğru və lazım olduğu kimi şərh edə bilmək üçün eyni zamanda Quranın ümumi üslubunu, təməl ruhunu layiqincə qavramaq lazımdır. Quranın ruhuna uyğun bir dünyagörüşünə sahib olmaq, Allahın Quranla bildirdiyi müxtəlif elmləri lazım olduğu kimi başa düşə bilmək üçün əhəmiyyətli bir şərtdir.