Müşriklərin matəm anlayışı

Ölüm olduğu zaman günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq

Ölüm olduğu zaman günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq cahiliyyə adətidir. Ölüm müsəlmanlar üçün dünyadakı imtahanın sona çatması, əsl yurd olan axirətə keçid və hər şeydən əhəmiyyətlisi ən sevimli olan Rəbbimizə qovuşmaqdır. Buna görə biri öldüyü zaman müsəlmanlar matəm tutmazlar. Tam əksinə, sevdiklərinin Allaha qovuşmasından ötrü sevinər, “inşaAllah, Rəbbim ondan razı olmuşdur” deyə dua edərlər. Matəm, taleyin hikmətini qavraya bilməyən, taleyə könüldən təslim olmamış, Allahın yaratmasındakı gözəllikləri görə bilməyən, dünyanın keçici olduğunu bilməyən insanların batil adətidir.

Buna görə ölüm hadisəsi olanda müsəlmanlar bir-birlərinə yas tutmağı, kədərlənməyi tövsiyə etməzlər. Hüznlü olmağı, bədbəxt olmağı məsləhət görməzlər. Ölüm olduğunda müsəlmanlar bir-birlərinə gözəl şəkildə səbir etməyi, Allahın taledə təqdir etdiyini sevinclə qarşılamağı tövsiyə edərlər. Çünki yas tutmaq, haşa, Allahın təqdir etdiyi taledən razı olmamaq deməkdir. Yas tutmaq demək, haşa, Allahın yaratdığına üsyan etmək deməkdir.

“Dünyada müsəlmanlar ölərkən, siz necə əylənə bilərsiniz?” kimi düşünən bəzi insanlar da bu həqiqəti unudurlar. Dünyanın hər hansı bir yerində baş verən itkilər, əzablar qarşısında müsəlmanların edəcəkləri şey yas saxlamaq deyil, bu əzabların sona çatması üçün səy (cəhd) göstərməkdir. Qaldı ki, bu tənqidi edən insanların özləri də dünyadakı bütün bu əzablara baxmayaraq, toylarda gülüb-oynayır, videoları gülərək izləyir, seriallara, filmlərə baxaraq yaxşı vaxt keçirirlər.

Mömin üçün ölüm son demək deyildir. Tək həqiqi sevgilisi və dostu olan Allaha qovuşmaqdır. Mömin özü üçün ölümü necə sevinclə qarşılayırsa, sevdiyi bir insanın ölümünü də sevinclə qarşılayar. Ölüm qarşısında kədərlənməyin vacib olduğu inancı isə cahillərə aid bir düşüncədir. Allahın gücünü və qüdrətini gərəyi kimi qavramayan insanlar ölümdəki hikməti də təqdir edə bilməzlər. Ölümü yox olmaq hesab etdiklərinə görə kədərlə qarşılayırlar.

Buna görə də, cahil cəmiyyətdə və xüsusilə köhnə bütpərəst mədəniyyətlərdə bir çox batil matəm adətləri vardır.

Məsələn, qədim Misirdə bir şəxs öləndə yas evinin qadınları başlarına, üzlərinə palçıq çəkir, paltarlarını, bədənlərini iplə sarıdıqdan sonra çılpaq sinələrini döyərək gəzərdilər. Buna bənzəyən adətlər aşurlularda, fars, yunan və romalılarda da vardı. Yəhudilikdə də matəm adətləri arasında paltar cırmaq, yerdə oturmaq, başına kül səpmək, kül üzərində yatmaq, bədəni kəsmək, saç yolmaq, ağlayıb öz-özünü döymək kimi adətlər vardı. Bəzi sivilizasiyalarda isə ağlamaq üçün xüsusi insanlar tutulmasından bu insanların günlərlə ağladığı aydın olur.

Məkkəli müşriklərin də ölən birinin ardından matəm tutmaqları məlumdur. Peyğəmbərimiz isə yas tutmağı müsəlmanlara qadağan etmişdir:

İbn Abbas deyir: “Rəsulullah buyurur ki: “Yas tutmaq cahiliyyə işlərindən biridir…”

İbn Ömər deyir: “Rəsulullah, yüksək səslə ağlayan qadınlar olan cənazələrə baxmağı qadağan etdi.”

Peyğəmbərimizin oğlu İbrahim vəfat edəndə çox qısa an ağlamış olması isə peyğəmbərimizin şəfqətinin və mərhəmətinin təcəllisidir. Peyğəmbərin bu gözəl əxlaqını səhv başa düşüb, cahilcə müşrik adətlərini davam etdirmək istəyənlər isə çox yanlış edirlər.

Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq. (Qəmər surəsi, 49)

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir! (İnsan surəsi, 30)

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (Təğabun surəsi, 11)