Quranı yetərli görməyib rəvayətlərə inanan insanlar Peyğəmbər (s) sağ olanda da ona basqı edib Qurandan kənar hökmlər verməyə məcbur ediblər, amma alınmayıb. Peyğəmbərin vəfatından bir neçə yüz il sonra isə buna heç kim mane ola bilməzdi və indi də 1,8 milyard müsəlman o rəvayətlərin əlində aciz qalaraq Qurandan uzaq düşmüşdür. Quran Peyğəmbərin müşriklərin xeyrinə hədis uydurmaq tələbinə belə cavab verir:
(Müşriklər) sənə vəhy etdiyimizdən başqa bir şeyi yalandan Bizə isnad edəsən deyə az qalsın səni azdıracaqdılar. Belə olan təqdirdə şübhəsiz ki, səni özlərinə dost qəbul edəcəkdilər. (İsra surəsi, 73)
Allahın ayələri sənə nazil edildikdən sonra onlar səni bundan döndərməsinlər. (İnsanları) Rəbbinə dəvət et və əsla müşriklərdən olma! (Qəsas surəsi, 87)
Əgər o, Bizim adımıza bəzi sözlər uydurmuş olsaydı, Biz onun gücünü və qüdrətini əlindən alardıq. Sonra onun şah damarını qopardardıq. (Haqqə surəsi, 44-46)
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” – deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”. (Yunis surəsi, 15)
Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (iman gətirmələri üçün) məcbur edən deyilsən. Ona görə də sən Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver! (Qaf surəsi, 45)
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, – demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, – demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?” (Ənam surəsi, 50)
Bu ayələrdən açıq-aşkar görürük ki, elçi yalnız vəhyə tabe olmuşdur, Quranı yaşamışdır, Quranla hökm vermişdir. Hətta Allah öz rəsuluna Qurandan əlavə özündən söz uydurduğu təqdirdə cəza verəcəyini də bildirib.

