Müsəlmanın danışıq üslubu vacib iman əlaməti və dünyadakı ən təsirli danışıq formasıdır. Bu təsirin gücü isə möminlərin imanından və səmimiyyətindən irəli gəlir. Çünki müsəlmanların sözləri ilə yaşadıqları bir-birini təsdiq edir. Danışıqları həqiqətən inandıqlarını və hiss etdiklərini əks etdirir. Müsəlman üslubu ilə danışan insanlarla üzləşənlər çox vaxt heyranlıq hissinə qapılırlar.
Müsəlman üslubu ilə danışan insan Quran əxlaqını ən təsirli və ən gözəl şəkildə izah edir. Məsələn, Allah qorxusunu izah edərkən qəlbindəki Allah qorxusu sözlərinə əks olunur və Allahın izni ilə qarşı tərəfin bu məsələni daha asan dərk etməsinə səbəb olur. Müsəlman üslubu ilə danışan insan səmimiyyəti, təslimiyyəti, tolerantlığı, mərhəməti və bunun kimi hər mövzunu hiss edərək danışır və hamısında Allahın diləməsi ilə qarşı tərəfin vicdanına təsir edir.
Müsəlman üslubu ilə danışmağın başqa əhəmiyyətli təsiri də insanların qəlbinə rahatlıq və sevinc verməsidir. Çünki Allah, “…Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır” (Rad surəsi, 28) deyə buyurmuşdur. Allahı unutmadan, Onun rizasına uyğun olaraq deyilən hər mövzu insanların qəlbinə rahatlıq və sevinc verir. Bu üslubla danışan insan birbaşa Allahın adını zikr etməsə, yaxud da dini mövzudan bəhs etməsə də imanı və Quran əxlaqını əks etdirən üslubu insanlara təbii olaraq Allahı xatırladır.
Müsəlmanın ətrafındakı insanlar öz-özünə onun təsiri altına düşürlər. Onun üslubu sayəsində dünya həyatının müvəqqəti olduğunu, ölümün yaxınlığını, axirət həqiqətini və Allahın rizasını qazanmağın əhəmiyyətini düşünməyə başlayırlar. Buna görə də müsəlmanın öz danışıq üslubu ilə ətrafdakı insanlarda yaratdığı təsirdən biri də onları səmimi düşünməyə və vicdanlarını mühakimə etməyə yönəltməkdir.
Müsəlman üslubu ilə danışmaq insanlar arasında dostluq və güvən yaranmasına da səbəb olur. Danışıqları ilə Allaha olan bağlılığını və sevgisini göstərən bir insan qarşısındakı insanda dərin sevgi və hörmət hissi də yaradır. Bu da müsəlmanlar arasında böyük təsanüd əmələ gətirir. Belə ki, Allah müsəlmanlara buyurur:
Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 55-56)
Ayələrdə möminlərin “Allahı, onun elçisini və möminləri dost tutmaları” bildirilir. Bir-birilərinin hər zaman müsəlman üslubu ilə danışdığını, imanlarının danışığına əks olunduğunu gördükdə müsəlmanlar arasında güclü inam və böyük dostluq əmələ gəlir. Bu Allahın qəlbləri bir-birinə yaxınlaşdırmasıdır.
Bir sözlə müsəlman üslubu ilə danışmaq ətrafa həmişə xeyir və bərəkət gətirir. Təkcə möminin öz axirəti üçün deyil, bütün insanlara yönəlmiş mühüm ibadətdir. Allah Quranda “gözəl sözün” insanlar üçün həmişə xeyir mənbəyi olduğunu ən gözəl nümunə ilə açıqlayır:
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 24-26)

