Müsəlman çox ağıllı olmalıdı

Mömin imanı dərəcəsində nemətlərdən zövq alır

Mömin imanı dərəcəsində ətrafındakı nemətlərdən zövq alır…

Hər gün gözümüzün önündə möhtəşəm gözəllik nümayiş etdirilir. Ucsuz-bucaqsız mavi dəniz, bu dənizi əhatə edən görkəmli dağlar, yüz illər boyunca budaqlarını göyə uzadan ağaclar, par-par parıldayan Günəş, ağappaq buludlarla bəzənmiş mavi səma və hər biri qar dənəsi kimi olan ağappaq qağayılar…

Bu görüntüləri hər gün yüzlərlə insan görür, hamısı eyni sahillərdə gəzir, hamısı təmiz dəniz havasını içinə çəkir, dənizin üzərində tonlarla yük daşıyan gəmiləri, qayıqları seyr edir. Dənizə baxdıqda müxtəlif nemətlər gözə dəyərkən, quruya baxdıqda da rəngarəng çiçəklər, bir-birindən gözəl uşaqlar, heyvanlar gözə dəyir. Nəticə etibarilə insan yüzlərlə nemətin bir arada nümayiş etdirildiyi yolun içindən keçir. Baxdığı hər yerdə Allahın sonsuz elmini və sənətini seyr edir. Allah ayələrində kainatdakı qüsursuz yaradılışı belə xəbər verir:

Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! (Mülk surəsi, 3)

(Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, Allah dilədiyini edər! (Həcc surəsi, 18)

Bu bir həqiqətdir ki, küçəyə addımını qoyan hər kəs Allahın yüzlərlə ayəsi ilə, yüzlərlə neməti ilə bir anda qarşılaşır. Hara baxsa Allahın gözəlliyi və bənzərsiz sənəti qarşısındadır. Lakin buradakı önəmli sirr hər kəsin gördüyü görüntüdən imani dərəcəsində ləzzət almasıdır. İmanlı göz Allahın sonsuz sənəti ilə bəzənmiş təbiətə baxdıqda böyük zövq alır. Məsum və gözəl bir uşağın üzünü gördükdə həyəcanlanır. Rəngarəng bəzədilmiş quşla qarşılaşdıqda və onun səsini eşitdikdə qəlbində çox böyük sevgi yaranır. Əslində burada sevgi və heyranlıq Allaha duyulan sevgi və heyranlıqdır. Mömin Allahın təzahürlərini gördükdə daima Ona yönəlir və bütün bu görüntülərin ancaq üzü üçün yaradıldığını bilir. Artıq ona düşən Rəbbimizin saysız nemətləri qarşısında şükür və səcdə etməkdir.

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! (Ali İmran surəsi, 191)

İnsanın imanının dərəcəsi nə qədər çoxdursa, gördüyü görüntülərin qəlbdə meydana gətirdiyi təsir də o qədər çox olur. Səmimiyyət, təslimiyyət və dərin iman görüntünün qəlbdəki təsirini qat-qat artırır. Mömin bu gözəl görüntüləri gördükcə davamlı şükür edir. Görüntüləri görmək, təfəkkür etmək və davamlı şükür etmək möminin həyatında bir-birinə bağlı zəncirlər kimidir. Mömin gördüyü bütün görüntülərdə dərhal Allahı zikr edər, qəlbindən də daima bağışlanma diləyib şükür edər. Heç bitməyən şükrü sayəsində qəlbində bir fərahlıq və gözəllik meydana gələr.

İnsan ancaq gördüyü bu görüntüləri Allaha aid edərsə, qəlbində bu gözəl təsiri əldə edə bilər. Yoxsa dünyada bir çox insan Allahın ayələrini görüb, yollarına davam edir. Qəlblərində hər hansi bir təsir, sevgi, həyəcan və gözəllik meydana gəlmir. Onlar da çox gözəl süfrələrdə oturub nemətləri yeyib-içir, onlar da möhtəşəm mənzərəli evlərdə yaşayır, bir-birindən gözəl çiçəklərlə bəzənmiş bağlarda gəzirlər. Lakin Allahın sevgisi olmadığında qəlb bomboş olur. Belə bir həyatda təvəkkül, səbir olmadığı üçün ruh daima narahat, gərgin və bədbəxtdir. Dolayısilə o insanın gördüyü gözəl görüntülər möminin qəlbində meydana gətirdiyi təsir və həyəcanı yaratmır. O insan Allahın ayələrinin üzərində keçib gedərkən əslində nə qədər böyük bir itkiyə məruz qaldığının fərqində belə deyil. Allah “Yusif” surəsində bu insanların varlığını xəbər verir.