Tarix boyu yaşamış ən azğın insanlardan biri olan firon ilə Hz. Musanın mübarizəsi Quranda ətraflı şəkildə xəbər verilmişdir. Firon hz. Musanın Allahın dininin təbliğ etməsinə təhdid və hədə-qorxu ilə cavab vermişdir. Hz. Musanın inananları haqq dindən döndərməyə çalışan firona qarşı göstərdiyi üstün əxlaq və təvəkkül aləmlərə örnək xüsusiyyət daşıyır.
Həmin dövrü Quran ayələri əsasında belə təsvir edə bilərik: Bir tərəfdə firon ölkənin hakimi olan və görünüşdə bütün gücü əlində saxlayan şəxsdir. Digər tərəfdə isə yanında az adam olan hz. Musa vardır… Hadisələri xarici görünüşü ilə baxan, haqlının deyil, güclünün qalib gələcəyini düşünən cahiliyyə məntiqi fironun bu mübarizədə qəti qələbə qazanacağını zənn edə bilər. Halbuki belə düşünənlər çox yanılır. Çünki Allah belə hökm etmişdir:
Allah: “Mən və elçilərim mütləq qalib gələcəyik!” – deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir. (Mücadilə surəsi, 21)
Allah peyğəmbərlərinə verdiyi vədini yerinə yetirmiş və hz. Musanı firondan üstün etmişdir. Onu qardaşı hz. Harun ilə və Öz yardımı ilə dəstəkləmişdir. Bundan başqa, Allah hz. Musaya müxtəlif möcüzələr vermiş və onunla danışmaqla onu digər insanlardan üstün etmişdir. Quranda insanlara ibrət üçün bildirilən bu mücadilə möminlərin əleyhinə kimi görünən bir vəziyyətin Allahın diləməsi ilə necə bir anda əksinə döndüyünü açıq şəkildə göstərir.
Həmin hadisələrdən biri belə olmuşdur: Firon və ordusu Misirdən qaçan hz. Musanı və yanındakı inananları tutmaq üçün yola çıxmışdır. Firon onları uzaqdan görəndə inananların qarşısına dəniz çıxmışdır. Bu yerdə hz. Musanın sözləri diqqəti çox çəkir. Hz. Musanın önündə dəniz, arxasında isə firon ordusu olduğu halda, Allahın yardımının gələcəyinə güvənərək hərəkət etmiş və bu şəkildə, üstün əxlaqını ortaya qoymuşdur. Quranda bu hadisə belə xəbər verilir:
(Firon və ordusu) günəş doğarkən onların arxasınca düşdü. İki dəstə bir-birini gördüyü zaman Musanın yanındakılar: “Həqiqətən, onlar bizə çatacaqlar!” – dedilər. Musa: “Əsla! Şübhəsiz ki, Rəbbim mənimlədir. O mənə yol göstərəcəkdir!” – dedi. Bu zaman Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!”(Musa əsasını dənizə vurduqda) dərhal yarıldı və (suyun) hər bir hissəsi böyük bir dağ kimi oldu. Digərlərini də ora yaxınlaşdırdıq. Musa və yanındakıların hamısını xilas etdik. Sonra da digərlərini (Firon və ordusunu) suda boğduq. Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman gətirmədi. Şübhəsiz ki, sənin Rəbbin yenilməz qüvvət sahibidir, rəhmlidir. (Şuəra surəsi, 60-68)
Burada bildirilən, hz. Musanın bu çətin mübarizədə Allahın yardım etdiyini bilərək davranması, qarşılaşdığı hər hadisəni xeyirə yozması və ən çətin anda belə Allaha təvəkkül edib bağlılığını və sədaqətini göstərməsidir.

