Münafiqləri tanıya biləcəyimiz əlamətlər varmı?

Allah Quranda münafiqlərin bir çox xüsusiyyətini təsvir edərək möminləri bu inkarçı qrupa qarşı xəbərdar etmişdir. Bu səbəbdən, gizli fəaliyyət göstərən bu azğın qrupun bütün əlamətləri Quranı yaxşı bilən biri üçün ortadadır. Qəlbində xəstəlik olan münafiqlər Allahın ayələrindən xəbərdar olan diqqətli bir möminin gözündən qaçmaz. Bu şəxslərin daxillərində daşıdıqları inkarın əlamətləri, nə qədər gizlətməyə çalışsalar da, hərəkətlərində, danışıqlarında və hadisələr qarşısında göstərdikləri reaksiyalarda üzə çıxır. Möminlər bu əlamətləri göstərən şəxslər haqqında “bu, qəti münafiqdir” deyə bilməzlər, lakin bu insanlara qarşı son dərəcə ehtiyatlı davranarlar. Münafiqlərin tanınmasına kömək edən çox bariz bəzi əlamətlər aşağıdakı ayədə bildirilmişdir:

Həqiqətən, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki O (Allah) onları aldadar (aldatmalarını cəzalandırar). Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini insanlara göstərər və Allahı çox az zikr edərlər. (Nisa surəsi, 142)

Ayədən də göründüyü kimi, münafiqlərin gördükləri işlərdə insanların razılığını əsas götürmələri və nümayişkaranə davranışlar sərgiləmələri möminlər tərəfindən hiss edilə bilən əlamətlərdəndir. Bu şəxslərin həqiqi simalarının gec-tez üzə çıxacağı və Allah istədiyi təqdirdə onların həm simalarından, həm də danışıq üslublarından tanınacaqları ayədə belə xəbər verilmişdir:

Yoxsa qəlbində xəstəlik olanlar (münafiqlər) Allahın onların kinlərini üzə çıxartmayacağınımı zənn etdilər? Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi, 29-30)