Münafiqlərə görə ailə, Qurana görə isə iman bağları əhəmiyyətlidir

Allah Quranda möminlərə valideynlərinə qarşı sevgi dolu, şəfqətli və mehriban olmağı əmr

Allah Quranda möminlərə valideynlərinə qarşı sevgi dolu, şəfqətli və mehriban olmağı əmr etmiş, qohumluq əlaqələrini möhkəmləndirməyi buyurmuşdur. Saleh mömin həm ailəsi ilə, həm də ətrafındakı bütün insanlarla münasibətlərində heç bir mənfəət güdmədən səmimi, nəzakətli və sevgi dolu olmalıdır. Lakin möminin ailəsindən və ya qohumlarından biri onu imanından, din əxlaqından uzaqlaşdırmağa çalışarsa, əlbəttə ki, Allahın əmrinə uyğun davranmalı və İslam dinini yaşamağa mane olanlardan üz çevirməlidir. Bir ayədə belə buyurulur:

De: “Əgər atanız, oğullarınız, qardaşlarınız, zövcəniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz. (Tövbə surəsi, 24)

Ayədə də bildirildiyi kimi mömin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihaddan dəyərli heç nə yoxdur.

Münafiqlərin həyatının mərkəzində Quran əxlaqı deyil, mənfəətləri dayanır. Bu, münafiqlərin ətrafındakılarla yanaşı ailəvi münasibətlərində də özünü büruzə verir. Onlar üçün ailə həyatında rahatlıq yaradan, müxtəlif imkanlar bəxş edən mənfəət mənbəyidir. Bir sözlə, münafiq ailə bağlarını məhz maddi mənfəətlərə görə “vacib” hesab edir. Mömin bacı-qardaşlarının, həyat yoldaşının, ata-anasının və digər qohumlarının da bu münasibətlərə onlar kimi yanaşdığını zənn edirlər. Halbuki, Allah möminlər üçün iman bağlarının vacib olduğunu bildirir.

Münafiqlər üçün qohumluq əlaqələri olduqca dəyərlidir. Lakin bu, heç də sevgidən, şəfqətdən, qorumaq hissindən doğan deyil, məhz mənfəət naminə verilən dəyərdir. “Mənfəət qapıları” bağlandıqda isə qohumluq əlaqəsi də dəyərini itirir.

Möminlər ailələrini Allah rizası üçün, Allahın bir neməti kimi sevirlər. Möminlər bacı-qardaşlarına olduğu kimi ailələrinə qarşı da mehriban, sevgi dolu, sadiq və vəfalıdırlar. Saleh mömin ana-atasına “of” belə deməz.

Lakin unudulmamalıdır ki, Allah Quranda möminlərə Allahın yolundan çəkindirməyə, Ona şərik qoşmağa məcbur edən insanların, ata-anası olsa belə, sözlərinə uymamağı buyurur.

Quranda peyğəmbərlərin həyatından möminlər üçün nümunələr verilmişdir. Tarix boyu Allaha iman gətirmədikləri, din əxlaqından uzaq olduqları, küfr içində yaşamağa davam etdikləri və münafiq olduqları üçün möminlərin öz həyat yoldaşını, uşaqlarını, atasını tərk etdikləri, onlardan uzaqlaşdıqları bildirilir. Məsələn:

  • Atasından uzaqlaşan hz. İbrahim

İbrahimin öz atası üçün bağışlanma diləməsi isə, yalnız ona söz verdiyi üçün idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra ondan uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxararaq Allaha çox dua edən və səbirli bir insan idi. (Tövbə surəsi, 114)

İbrahim dedi: “Sənə salam olsun! Rəbbimdən sənin üçün məğfirət diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizdən də, Allahı qoyub sitayiş etdiklərinizdən də uzaqlaşıram və Rəbbimə ibadət edirəm. Ümid edirəm ki, Rəbbimə ibadət etməklə bədbəxt olmaram”. (Məryəm surəsi, 47-48)

  • Oğlunu tərk edən hz. Nuh

Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!” Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”. (Hud surəsi, 45-46)

  • Arvadından ayrılan hz. Nuh və hz. Lut

Allah kafirlər üçün Nuhun zövcəsini və Lutun zövcəsini misal çəkdi. Onlar iki saleh bəndəmizin nikahı altında idilər. Ancaq onlar ərlərinə xəyanət etdilər. Buna görə də Allaha (Allahın əzabına) qarşı heç bir şey onlara fayda verə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz də cəhənnəmə girin!” – deyildi. (Təhrim surəsi, 10)

Allah Quranda ana-ata, bacı-qardaş, hətta övlad belə olsa, əgər insanı Allahın yolundan uzaqlaşdırmağa, Ona ibadət etməyə mane olurlarsa onlarla dost olmamağı, onlardan üz çevirməyi əmr edir:

I Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Sizin dönüşünüz Mənədir və Mən etdiyiniz əməlləri sizə xəbər verəcəyəm. (Ənkəbut surəsi, 8)

Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız iman gətirmək əvəzinə küfrü seçərlərsə, onları dost tutmayın (onlarla yaxınlıq etməyin)! Sizdən kim onları dost tutarsa, onlar əsil zalımlardır. (Tövbə surəsi, 23)

Ey iman gətirənlər! Zövcənizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. Buna görə də onlardan ehtiyat edin! Ancaq əfv etsəniz, xoş görsəniz və (qüsurlarını) bağışlasanız, bilin ki, Allah da bağışlayandır, rəhmlidir. (Təğabun surəsi, 14)

Allaha və axirət gününə inananların – atası, oğulları, qardaşları, yaxud yaxın qohumları olsa belə – Allaha və Peyğəmbərinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlbinə iman yazmış və Öz dərgahındakı bir ruh ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır. (Mücadilə surəsi, 22)