Münafiqlərin əsas xüsusiyyətlərindən biri möminlərə qarşı bəslədikləri dərin həsəd duyğusudur. Onlar, Allahın lütfündən möminlərə bəxş edilən maddi və mənəvi nemətləri, zəfərləri, rahatlığı və gücü qısqanırlar. Bu vəziyyət Quranda belə ifadə edilir:
“Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?” (Nisa surəsi, 54)
Bu həsəd, onların möminlərə qarşı kin və nifrət bəsləməsinə səbəb olur. Münafiqlərin mübarizə üsulu kafirlərin və müşriklərin açıq hücumlarından fərqlənir; onlar birbaşa qarşıdurmadan çəkinərək psixoloji müharibə və gizli metodlara üstünlük verirlər. Bu metodlardan biri, narahatlıq vermək və təzyiq göstərmək üçün istifadə etdikləri kinli və düşməncə baxışlardır. Onların bu təhlükəli baxışları Quranda belə təsvir edilmişdir:
“Həqiqətən, o kafirlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxsınlar.” (Qələm surəsi, 51)
Münafiqlər eyni zamanda özlərini üstün göstərmək və Peyğəmbərin nüfuzunu sarsıtmaq üçün hiyləgər davranışlar sərgiləyirlər. Məsələn, bir məclisdən ayrılarkən başqa bir şəxsin arxasında gizlənərək Peyğəmbərin onu görməyəcəyini düşünür və bu yolla həm öz hiyləgərliyini isbat etməyə, həm də digər münafiqlərə cəsarət verməyə çalışırlar. Bu cür davranışlar onların həm şeytani zəkaya, həm də eyni zamanda böyük ağılsızlığa sahib olduqlarını göstərir.
Münafiqlərin dili ustalıqla istifadə etmə qabiliyyəti vardır. Onların danışıqları ilk baxışda məntiqli və hətta dindar görünsə də, diqqətlə araşdırıldıqda içində gizli təhqirlər və fitnə-fəsad məqsədləri daşıdığı aydın olar. Elə cümlələr qururlar ki, yalnız özləri kimi düşünən digər münafiqlər bu mesajları anlaya bilsin. Möminlər isə hüsnü-zənn etdikləri üçün bu sözlərin arxasındakı pis niyyəti dərhal sezməyə bilərlər. Allah bu vəziyyətə belə diqqət çəkir:
“Danışanda onların sözlərinə qulaq asırsan.” (Munafiqun surəsi, 4)
Onların sözləri zahirən cəlbedici olsa da, əslində şeytani bir planın parçasıdır. Münafiq, möminlərə zərər verməkdən, onların çətinliyə düşməsindən, həbs olunmasından və ya şəhid edilməsindən şeytani bir həzz alır. Bu, onların mənəvi qidasıdır. Bunun əksinə olaraq, möminlər gözəl işlər gördükcə, iman həqiqətlərini izah etdikcə, cəhd və infaq etdikcə daxili rahatlıq tapırlar. Münafiqlərin bu gizli düşmənçiliyi və kin-küdurəti bəzən özlərini idarə edə bilməyəcək dərəcədə aşkara çıxır:
“Onlar sizə fəsad törətməkdən əl çəkməz, sizin sıxıntıya düşməyinizi istəyərlər. Həqiqətən, onların nifrəti ağızlarından aşkar olur. Kökslərində gizlətdikləri isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri sizə artıq bəyan etdik.” (Ali-İmran surəsi, 118)
Onlar möminlərə qarşı o qədər şiddətli bir nifrət bəsləyirlər ki, fürsət tapsalar, onlara qarşı təkcə dilləri ilə deyil, əlləri ilə də zərər verməkdən çəkinməzlər:
“Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən olarlar, sizə qarşı əllərini və dillərini pisliklə uzadarlar və sizin kafir olmanızı istəyərlər.” (Mumtəhinə surəsi, 2)
Münafiqlər, Peyğəmbərə qarşı çıxarkən özlərini daha mərhəmətli və ya daha ağıllı göstərməyə çalışırlar. Məsələn, cihad əmri gəldikdə, “hava çox istidir” kimi bəhanələrlə Peyğəmbərin bu vəziyyəti nəzərə almadığını iddia edərək, əslində onun qərarlarını şübhə altına almağa və özlərini cəmiyyəti qoruyan xilaskar kimi təqdim etməyə çalışırlar.
Onların əsas məqsədi ikitərəflidir: Bir tərəfdən özlərini ucaltmaq, digər tərəfdən isə Peyğəmbərin insanlar nəzərindəki etibarını və sevgisini yox etmək. Onların bu davranışının kökündə dayanan əsas səbəb isə qəribə bir şəkildə, məhz Allahın və elçisinin onlara bəxş etdiyi zənginlik və rahatlıqdır. Bu nemətlər onlarda şükür hissi oyatmaq əvəzinə, möminlərin sahib olduqları rifaha qarşı həsəd və kin-küdrəti alovlandırır. Bu təzadlı vəziyyət belə açıqlanır:
“Onların intiqam almağa cəhd göstərmələri ancaq Allahın və Peyğəmbərinin Öz lütfündən onları dövlətli etməsinə görə idi.” (Tövbə surəsi, 74)
Bu, o deməkdir ki, bolluq və rahatlıq içində olmaq, onların azğınlaşmasına və möminlərə qarşı daha da nifrət dolu olmasına gətirib çıxarır. Onların möminlərə qarşı olan bu dərin nifrəti o həddə çatır ki, öz aralarında qaldıqda qəzəblərindən barmaqlarını gəmirirlər. Qurani-Kərimdə bu vəziyyət belə təsvir olunur:
“Baxın, siz o kəslərsiniz ki, onları sevirsiniz, onlar isə sizi sevmirlər. Siz Kitabın hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyir, ancaq xəlvətdə qalanda sizə qarşı qəzəblərindən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.” (Ali İmran surəsi, 119)
Bu ayələr münafiqlərin daxili aləmindəki dərin kini və möminlərə qarşı bəslədikləri tükənməz düşmənçiliyi açıq şəkildə ortaya qoyur.

