Münafiqlər infaq etməzlər

Münafiqlər infaq etməzlər

Qurani-Kərim, insan cəmiyyətinin ən mürəkkəb və təhlükəli xarakterlərindən biri olan münafiqin daxili aləmini və davranışlarını dərin bir şəkildə təhlil edir. Münafiq, zahirən möminlər cərgəsində görünsə də, qəlbində iman etməmiş, İslam cəmiyyətinə yalnız dünyəvi mənfəətlər və ya fitnə-fəsad törətmək üçün daxil olmuş bir şəxsiyyətdir. Onun həyat fəlsəfəsi səmimiyyətsizlik və riyakarlıq (göstəriş) üzərində qurulmuşdur. Bu riyakarlığın ən bariz təzahürlərindən biri, onların mallarını Allah yolunda xərcləmə (infaq) tərzində özünü göstərir.

Münafiqlər, infaq etdikləri zaman bunu Allahın razılığını qazanmaq və ya bir ehtiyac sahibinin çətinliyini aradan qaldırmaq kimi ali məqsədlər üçün etməzlər. Onların yeganə hədəfi insanların diqqətini çəkmək, cəmiyyət içində “səxavətli”, “dindar”“etibarlı” bir şəxs kimi tanınmaqdır. Buna görə də, ya infaq etməzlər, ya da etsələr belə çox cüzi məbləğdə edərlər. Halbuki Allahın insanlara verdiyi ruzidən Allaha olan sevginin nisbətində daha çox infaq etmək gərəklidir.

Sevgili peyğəmbərimizin dediyi kimi, “hər yaşadığın günü o günü öləcəkmiş kimi keçirmək lazımdır”. Bunu dərin düşünən insan gələcəyi üçün mal-mülk yığmaz, əlində nə varsa hamısını Allahın rizasının ən çoxunu qazanmaq üçün sərf edər, yəni ki maksimum dərəcədə daha çox infaq edər və daha çox islamın yayılmasına cəhd edər.

Münafiqlərin bu mömin əxlaqına əməl etməməyin təməlində isə onların Allaha və hər kəsin əməllərinə görə cavab verəcəyi axirət gününə olan imansızlığı dayanır. Qurani-Kərim bu acı həqiqəti açıq şəkildə ortaya qoyur:

Allaha və axirət gününə iman etmədikləri halda mallarını insanlara göstəriş üçün infaq edənlərdir. Şeytan kimə yoldaşlıq edərsə, (bilsin ki,) o necə də pis bir yoldaşdır! (Nisa surəsi, 38)

Beləliklə, onların infaqı Allaha təqdim edilmiş bir ibadət deyil, insanlara göstərilən bir tamaşadır. Buna görə də, etdikləri hər bir maddi yardım münafiq üçün böyük bir daxili iztirab və peşmanlıq mənbəyidir. Səmimi bir mömin malını verdikdə qəlbində fərahlıq hiss etdiyi halda, münafiq verdiyi hər bir qəpiyin acısını çəkər.

Çünki o, bu malın qarşılığını əbədi bir səadət olaraq deyil, sadəcə maddi bir itki olaraq görür. Bu itkinin verdiyi ağrı, onun qəlbini bir od kimi yandırar və o, “kaş ki, verməzdim” deyərək durmadan özünə əziyyət edər. Onun bu davranışı həyatının bütün sahələrinə sirayət etmişdir. İbadətində belə səmimiyyət yoxdur; bu yalnız möminlərin arasında özlərini gizlətmək üçün bir vasitədir. Bu ikiüzlü davranış Quranda belə ifşa edilir:

Həqiqətən, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki O (Allah) onları aldadar (aldatmalarını cəzalandırar). Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini insanlara göstərər və Allahı çox az zikr edərlər. (Nisa surəsi, 142)

Onların bütün varlığı, Yaradanın deyil, yaradılmışların razılığını qazanmaq üzərində qurulmuşdur. Münafiqin qəlbindəki bu iman boşluğu, onu şeytanın fitnələrinə və vəsvəsələrinə qarşı tamamilə müdafiəsiz qoyur. Şeytan, münafiqin bu zəifliyini bilir və onun üçün ən yaxın dosta, bir yoldaşa çevrilir. O, münafiqin riyakar əməllərini özünə gözəl göstərir, onu daha çox günaha təşviq edir və səmimiyyətə aparan bütün yolları onun üzünə bağlayır.

Belə bir yoldaşlıq, bir insanın düşə biləcəyi ən pis tələdir. Öz daxili dünyasında tək qalan münafiq, bu narahatlığını aradan qaldırmaq üçün özü kimi düşünən insanların sayını artırmağa çalışar. O, “gəl sən də bizə qoşul, mənim kimi ol” deyərək ətrafındakı zəif imanlı insanları öz cərgəsinə çəkməyə, öz azğınlığını normallaşdırmağa cəhd göstərər. Bu, onun həm də cəmiyyətdə fitnə yaymaq missiyasının bir parçasıdır.

Lakin nə qədər özlərini gizlətməyə və Allahı aldatmağa çalışsalar da, onların aqibəti ilahi ədalətdən qaça bilməz. Onlar dünyada özlərini mömin göstərərək yüksək bir mövqe əldə etməyə çalışsalar da, axirətdə ən alçaldıcı və ən aşağı məqama layiq görüləcəklər. Çünki onlar ən dəyərli həqiqət olan imanı rədd edib, onun yerinə keçici dünyəvi mənfəətləri seçmişlər. Qurani-Kərim, onların bu acı sonunu qəti və xəbərdaredici bir dillə bəyan edir:

Şübhəsiz, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Artıq onlar üçün heç bir yardımçı tapa bilməzsən. (Nisa surəsi, 145)

Bu, onların dünyadakı ikiüzlülüklərinin, səmimiyyətsizliklərinin və törətdikləri fəsadların ədalətli qarşılığıdır. Onlar üçün nə dünyada güvəndikləri saxta dostlar, nə də axirətdə bir yardımçı olacaq; onlar öz riyakarlıqlarının nəticəsi olaraq əbədi bir peşmanlıq içində tərk ediləcəklər.