Müsəlmanların yanında özünü onlardan biri kimi göstərən, uzaqlaşdıqdan sonra isə var gücləri ilə möminlər və İslam əleyhində fəaliyyət göstərən münafiqlərin əxlaq və düşüncə pozuqluğunu Allah Quranda ətraflı şəkildə bildirmişdir. Münafiqlərin Quranda bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə öz səhv düşüncələrini və zəif ağıllarını çox bəyənmələridir. Eynilə şeytanın ağılsız və əxlaqsızlığına baxmayaraq, Allaha ağıl verməyə (Allahı tənzih edirik) çalışması kimi, münafiqlər də fasiləsiz olaraq Allahın elçisinə və möminlərə ağıl verərək, ağılsız hərəkət edirlər. Dini elçidən daha yaxşı bildiklərini, elçinin dini səhv tətbiq etdiyi kimi çox səhv düşüncəyə sahibdirlər. Özlərinin dini daha yaxşı anladıqlarını və yaşadıqlarını iddia etməklə, əslində əsl məqsədləri insanları din əxlaqından uzaqlaşdırmaqdır. Buna görə də Allahın Quranda,
…O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi… (Həcc surəsi, 78)
ayəsi ilə bildirdiyi kimi insanların təbiətinə ən uyğun, çox rahat yerinə yetirilə bilən, ağlabatan və səmimi din olan İslamı, xurafatlarla, özlərinin əlavə etdikləri halal və haramlarla çətinləşdirib tətbiq oluna bilməz hala gətirirlər. Münafiq İslamı öz düşüncəsinə görə müəyyən edir, qəzəbli, qadağan edici, təzyiqçi, qan tökən din istəyir. Münafiqlərin istədiyi din, insana düşmən, təmizliyə düşmən, incəsənətə düşmən, mədəniyyətə düşmən, sevgiyə düşmən, şəfqətə düşmən, sevincə və şən olmağa düşmən, ağıla, səmimiyyətə düşmən dindir.
Quranda isə öz ikiüzlülüyünə və fanatizmlərinə uyğun din görə bilməzlər, buna görə də Allahın bildirdiyi kimi “dilini əyib büzməyə” başlayarlar. Yəni, dində olmayan bir çox şeyi dində varmış kimi göstərərkən, səmimiyyət, ağıl, vicdan, təmizlik, etika, ali-cənablıq kimi dinin təməlində olan gözəl xüsusiyyətləri də dinə uyğun deyilmiş kimi göstərirlər. Halallar münafiqi sanki narahat edir. Nə qədər çox haram olsa, dinin o qədər qarışıq və yaşana bilməz olacağını düşündüyünə görə hər şeyi özbaşına haram elan edir.
Belə ki, insanı heç hərəkət edə bilməyəcək hala gətirir. Beləcə dini öz içində kilidlədiyini, insanların belə bir dini yaşamaq istəməyəcəkləri üçün dindən uzaqlaşacaqlarını düşünür.
Ayələrdə, dini çətinləşdirərək, Allahın dinini dəyişdirməyə cürət edənlərin vəziyyəti belə xəbər verilmişdir:
De: “Allahın sizə bəxş etdiyi ruzilərin bir qismini haram, bir qismini isə halal etməyiniz barədə nə deyirsiniz?” De ki: “(Bunu etməyə) Allah sizə izin verdi, yoxsa siz Allaha iftira yaxırsınız?” (Yunis surəsi, 59)
Dilinizin uydurduğu yalana əsaslanaraq: “Bu halaldır, bu isə haramdır”, – deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar! (Nəhl surəsi, 116)
Ey iman gətirənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın! Şübhəsiz, Allah həddi aşanları sevməz. (Maidə surəsi, 87)
Ancaq bunu da unutmamaq lazımdır ki, münafiq yalan danışaraq, halalları haram edərək dini yaşana bilməz hala gətirərkən, özü qoyduğu qaydalara əsla əməl etməz. Çünki, münafiqin din anlayışı yalnız görünüşə əsaslanır. İnsanların görəcəyini düşündüyü vaxtlarda namaz qılar, oruc tutar, istəməyərək xərcləyər. Amma tək olduğu zaman ibadətlərin heç birini yerinə yetirməz. Başqaları gördüyü zaman öz uydurduğu dinə əməl edər. Amma gizli qalacağını düşündüyü vəziyyətdə bu qaydaların heç birinə əməl etməz. Allah Quranda hz. Musa ilə qövmündən olan münafiqlər arasında keçən söhbəti nümunə verərək, münafiqlərin hər şeyə irad tutduğunu, əxlaqsızlığını, rəftarındakı çirkinliyi və ağılsızlığı göstərmişdir:
Vaxtilə Musa öz qövmünə: “Allah sizə bir inək kəsməyinizi əmr edir!” – demişdi. Onlar: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər. Musa: “Cahillərdən olmaqdan Allaha sığınıram!” – dedi. (Bəqərə surəsi, 67)
Münafiqlərin istifadə etdiyi “bizi məsxərəyəmi qoyursan” ifadəsi Allaha, dinə və Allahın tər-təmiz elçisinə qarşı nə qədər həyasız olduqlarını göstərməsi üçün əhəmiyyətli nümunədir. Münafiqlər Allahın elçilərinə qarşı hər zaman itaətsiz, nəzakətsiz və hörmətə uyğun olmayan münasibət göstərirlər, hərəkətləri də həmişə çox həyasız və təkəbbürlüdür.
Onlar isə belə dedilər: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə olduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan bir inəkdir. Bu ikisinin arasında bir düyədir. Sizə əmr olunanı yerinə yetirin!” (Bəqərə surəsi, 68)
Bu ayədə bir daha münafiqlərin alçaq və həyasız rəftarı görünür. Allahın adını zikr edərkən, Allaha könüldən iman edən və Onu çox sevən rəftarla deyil, “Rəbbini” ifadəsindən istifadə edərək hörmətsiz xitabla danışırlar. Şübhəsiz bu onların ağılsız və düşüncəsiz olduqları üçün belədir.
Onlar: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun rəngini bizə bildirsin!” – dedilər. Musa dedi: “Allah buyurur ki, o, tünd sarı rəngli və baxanlara xoş gələn bir inəkdir”. Onlar belə dedilər: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə cür olduğunu bizə yaxşı-yaxşı izah etsin! Çünki biz inəkləri bir-birinə bənzədirik. Əgər Allah diləsə, əlbəttə, biz doğru yolu taparıq”. (Bəqərə surəsi, 69-70)
Diqqət edilirsə münafiqlər hər dəfə daha çox əlamət istəyirlər, Allahın hökmünün asan tətbiq ediləcəyini qəbul etmirlər. Üstəlik bunu edərkən də “Allah istəsə əlbəttə, düz yolda olarıq” deyərək guya, doğru yolu tapmaq üçün, yaxşılıq üçün daha çox əlamət istədiklərini iddia edirlər. Halbuki Allah onların həqiqi niyyətini sonrakı ayədə xəbər vermişdir:
Musa dedi: “Allah buyurur ki, o, boyunduruq götürməyən, yer sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz bir inəkdir”. (Bu zaman) onlar: “İndi həqiqəti söylədin”, – dedilər. Beləcə, onu (inəyi tapıb) kəsdilər. Az qala bunu etməyəcəkdilər. (Bəqərə surəsi, 71)
Bütün əlamətləri soruşduqdan sonra, Allahın hökmünü yerinə yetirməyi qəbul etmişdilər. Ancaq Allah, “Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər” buyuraraq bu insanların əsl üzünü və əxlaqsızlığını bildirir. Bu ayələr münafiqlərin şeytan kimi inadkar olduqlarını, itaətsiz olduqlarını, təkəbbürlü olduqlarını, öz zəif düşüncələrinə görə Allahın hökmlərini və elçini bəyənmədiklərini (hamısını tənzih edirik), müsəlmanların etdiklərini təqlid edərək guya yaxşılıq istədiklərini göstərməyə çalışırlar.

