Münafiqlər Allah yolunda mübarizədən yayınmaq üçün çox ağılsız bəhanələrə əl atırlar

Münafiqlər Allah yolunda mübarizədən yayınmaq üçün çox ağılsız bəhanələrə əl atırlar

Münafiqlər Allah yolunda mübarizədən yayınmaq üçün çox ağılsız bəhanələrə əl atırlar. Onların bu davranışı Qurani-Kərimdə “Ey Yəsrib (Mədinə) əhli, artıq sizin üçün burada qalmağa yer yoxdur. Odur ki, geri dönün” ayəsi ilə təsvir edilir. Onlardan bir dəstənin “Həqiqətən, evlərimiz nəzarətsizdir” deyərək Peyğəmbərdən icazə istəməsi, əslində isə evlərinin heç bir təhlükə altında olmaması, sadəcə qaçmaq niyyətində olmaları münafiq xarakterinin tipik bir nümunəsidir.

Bu, həmişə rastlaşdığımız bir haldır. Münafiqin çox murdar və məntiqsiz bəhanələri olur. Bu bəhanələrin səmimi olmadığını anlasanız belə, bəzən mənfi təsir göstərəcəyini düşünərək üzə vurmazsınız. O isə sizin bunu görmədiyinizi zənn edər. “Evlərimiz nəzarətsizdir” bəhanəsi onların həmişə istifadə etdikləri bir üsuldur. Münafiqlər hər zaman ev, ailə, ana, ata kimi həssas mövzulardan sui-istifadə edirlər.

Guya evləri təhlükədədir. Bəs Peyğəmbərin, digər möminlərin evləri yoxdurmu? Əgər sənin evin təhlükədədirsə, bu, o deməkdir ki, düşmən bütün möminləri məhv etməyə gəlir. Belə bir vəziyyətdə sən öz evini düşünəcək haldasan? Düşmən bütün müsəlmanları yox etməyə çalışarkən, sən eqoistcəsinə ancaq öz evini və canını qurtarmağın dərdindəsən.

Ailəni də götürüb digər müsəlmanların yanına gəlməli və hamılıqla müdafiə olunmalısan. Əgər bir kəs “Mən öz evimi xilas edim, qalanlarından mənə nə?” deyirsə, bu, böyük bir əxlaqsızlıq və zülmdür. Şəhidlərimiz, o aslan ürəkli insanlar “mənim evim daha önəmlidir” demədilər. Gözlərini qırpmadan gedib o mübarək canlarını Allaha təslim etdilər və şəhidlik zirvəsinə ucaldılar.

Allah Qurani-Kərimdə insanların dünyaya nə qədər bağlı olduqlarını belə təsvir edir: “Atalarınız, qardaşlarınız, qəbiləniz, qazancının azalmasından qorxduğunuz ticarət, xoşunuza gələn evlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda mübarizə aparmaqdan daha sevimlidirsə, Allahın əmri gələnə qədər gözləyin. Allah fasiqlər tayfasına hidayət verməz”. Bu ayədə Allah insanların zehnini məşğul edən klassik dünya qayğılarını bir-bir sadalayır və onlara ölümü xatırladır.

Münafiqlərin başqa bir bəhanəsi isə “Bu istidə döyüşə getməyin” demələridir. Bu necə bir düşüncə tərzidir? Bəli, hava istidir, bunu anladıq. Lakin digər tərəfdə bütün müsəlmanları məhv etmək təhlükəsi var. İstidən uzağı huşunu itirərsən, təzyiqin qalxar və ya bir az əziyyət çəkərsən. Amma orada uşaq-böyük bütün müsəlmanları qırıb-öldürmək, onlara böyük əzablar vermək istəyirlər. Orada mütləq ölüm və fəlakət var. Hansı daha önəmlidir? Sənin istidən əziyyət çəkməyin, yoxsa bir cəmiyyətin məhv olması? Münafiq o qədər ağılsızdır ki, bu cür bəhanələrlə çox güclü bir dəlil gətirdiyini zənn edir. Halbuki buradakı məntiqsizlik çox asanlıqla anlaşılır.

Quranda onların bu xüsusiyyəti barədə belə buyurulur: “Əgər o, yaxın bir mənfəət və ya qısa bir səfər olsaydı, onlar sənin ardınca gedərdilər, lakin bu çətinlik onlara çox ağır gəldi”. Fədakar olmamaq böyük bir vicdansızlıq və əxlaqsızlıqdır.

Münafiqlər döyüşdə ölən möminlər haqqında “Əgər yanımızda olsaydılar, öldürülməzdilər” deyirlər. Amma Allah buyurur ki, “uca qəsrlərdə olsanız belə, hər kəs öz əcəli ilə öləcəkdir”. Onların canları o qədər şirindir ki, ölümü özlərindən uzaq tutmaq üçün hər cür bəhanəyə əl atırlar.

Başqa bir ayədə isə Allah onların səmimiyyətsizliyini belə ifşa edir: “Əgər onlar (döyüşə) çıxmaq istəsəydilər, şübhəsiz ki, ona bir hazırlıq görərdilər. Lakin Allah onların getməsini xoş qarşılamadı və onlara: “Siz də oturanlarla birlikdə oturun!” – deyildi”. Onlar isə oturduqlarına sevinirlər. Axı bunun sonu ölümdür, özü də fəryad edə-edə ölməkdir.

Bu cür etməklə Allahın nifrətini və qəzəbini qazanırlar. Allah insanların bu halından heç xoşlanmır. Çünki Allah çox sevilmək istəyir. Diqqət etsəniz, Quranın təxminən 80-90%-i insanlara yönəlmiş xəbərdarlıqlar və Allahın onlara olan narazılığından ibarətdir. Məsələn, Allah insanların nə qədər xəsis olduqlarını bildiyi üçün buyurur ki, əgər sizə filan qədər mal-dövlət versəm, onun zəkatını verməzsiniz, deyilmi?