Münafiq üçün tənhalıq bir sığınacaqdır

Münafiq üçün tənhalıq bir sığınacaqdır

Münafiq üçün tənhalıq bir sığınacaqdır. O, cəmiyyətin nizamından, məsuliyyətlərindən qaçaraq həmişə tək qalmağa, gözə görünmədən bir yerlərə sığınıb gizlənməyə can atır. Bu tənhalıq axtarışı, ruhən dinclik tapmaq məqsədi daşımır. Əksinə, bu, onun ruhundakı əyriliyi, anormallığı sərbəst şəkildə yaşaya biləcəyi bir mühit axtarışıdır. Onun daxili dünyası ilə cəmiyyətə göstərdiyi üz forması arasındakı ziddiyyət o qədər dərindir ki, bu ikiüzlülüyü qorumağın yeganə yolu təcrid olmaq, gizlənməkdir.

Tarix boyunca, xüsusilə Peyğəmbərimizin dövründə bu xarakterə sahib insanlar davamlı olaraq çirkinliyin, intriqanın və nifaq arxasınca düşmüşlər. Onlar möminlərin birliyini zəiflətmək, aralarına nifaq salmaq üçün fürsət axtarırdılar. Bütün bunlara baxmayaraq, Peyğəmbərimiz onlara qarşı səbir və mülayimliklə davranmış, onları islah etmək üçün son ana qədər cəhd göstərmişdir.

Quran bu insan tipinin psixologiyasını və davranışlarını çox aydın şəkildə təsvir edir. Onların cəmiyyətə qarşı ən böyük məsuliyyətdən yayınma anı belə təsvir edilir:

Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” – deyildiyi zaman onlar belə dedilər: “Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. Qəlbində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlbində) gizlətdikləri şeyi daha yaxşı bilir. (Ali İmran surəsi, 167)

Bu ayə onların bəhanələrinin nə qədər əsassız olduğunu və əsl niyyətlərinin qaçmaq olduğunu ortaya qoyur. Onların qəlbi ilə dili bir deyil; bu, münafiqliyin ən bariz əlamətidir.

Onların bu ikiüzlü xarakteri başqa bir ayədə daha açıq göstərilir:

Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman etmişik”, – deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, – deyərlər. (Bəqərə surəsi, 14)

Bu ayə, onların niyə tənhalığı və gizli məclisləri sevdiyini izah edir. Çünki onların əsl siması, həqiqi dostları ilə birlikdə olduqları zaman ortaya çıxır. Cəmiyyət içində olmaq onlar üçün bir maska taxmaq deməkdir və bu maska onları yorur.

Möminlərin birliyindən qaçması o qədər sürətli və qətidir ki, arxalarına belə baxmırlar. Bu səhnə Quranda belə canlandırılır:

O zaman elçi arxanızdan sizi çağırdığı halda siz heç kəsə baxmadan (qaçaraq dağa) qalxırdınız… (Ali İmran surəsi, 153)

Bu mənzərə çox təsirlidir: Bir tərəfdə cəmiyyətdən qopan, öz eqoist dünyasına çəkilən münafiqlər, digər tərəfdə isə onları birliyə, qurtuluşa çağıran Peyğəmbər. Lakin onlar bu çağırışa qulaq asmırlar, çünki onların təbiəti birlikdən deyil, ayrılıqdan qidalanır. Əslində, onların cəmiyyətdən uzaqlaşması möminlər üçün bir xeyirdir. Çünki onların varlığı ancaq fitnə və nifaq yaradar:

Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və nifaq salmaq üçün aranıza girərdilər. Sizin aranızda onlara qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır. (Tövbə surəsi, 47)

Onların bu daimi qaçması və gizlənməsi onlara hüzur gətirmir. Əksinə, Allah onları daimi bir narahatlıq və kədər içində buraxır:

… (Allah da) sizə qəm üstünə qəm verdi ki, əlinizdən çıxanlara və başınıza gələnlərə görə kədərlənməyəsiniz. Allah sizin etdiklərinizdən xəbərdardır. (Ali İmran surəsi, 153)

Onlar həm ifşa olunmaq qorxusu ilə yaşayır, həm də möminlərin uğurlarına kənardan baxıb paxıllıq və kədər hissi keçirirlər. Seçdikləri tənhalıq, onları öz daxili ziddiyyətləri ilə baş-başa qoyan bir zindana çevrilir.