Münafiqlər, Quranda iman gətirmədikləri halda özlərini mömin kimi göstərən, beləliklə, daxilində yaşadıqları mömin cəmiyyətindən mənfəət əldə edəcəklərini düşünən ikiüzlü insanlar kimi təsvir edilmişlər. Allah münafiqlərin fitnəkar olduqlarını və möminlər arasında ixtilaf yaratmağa çalışdıqlarını, yəni möminlər arasındakı birlik və bərabərliyi pozmağa yönəlmiş gizli fəaliyyətlər həyata keçirdiklərini bildirmişdir. Bu xüsusiyyətlərinə görə onlara “nifaq (ayrılıq, ixtilaf, fitnə) törədən” mənasında “münafiq” adı verilmişdir.
Münafiqlərin digər mühüm xüsusiyyəti möminlərin müəyyən çətinliklərlə qarşılaşdıqları dövrlərdə əsl simalarını göstərmələri, digər vaxtlarda isə özlərini gizlətmələridir. Öz aləmlərində möminləri aldatdıqlarını zənn edən bu insanlar, əslində, böyük bir yanılma içindədirlər. Allah aşağıdakı ayədə münafiqlərin düşdüyü bu vəziyyəti belə xəbər verir:
İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, – deyirlər. Onlar, (özlərinə görə guya) Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadır və bunu dərk etmirlər. Onların qəlbində xəstəlik (küfr, nifaq) vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır. (Bəqərə surəsi, 8-10)
Onlara din və axirət haqqında hər cür məlumat çatdığı, elçini görüb tanıdıqları və möminlərlə birgə yaşadıqları halda, çox böyük bir alçaqlıq nümayiş etdirərək təkəbbür və dünyəvi maraqlar naminə imandan dönmələri, fitnə törətmələri, elçiyə və möminlərə düşmənçilik etmələri, kafirlərin yanına gedib onları möminlərə qarşı qızışdırmaları səbəbindən Allah onlara ən ağır əzabı vəd etmişdir:
Şübhəsiz, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Artıq onlar üçün heç bir yardımçı tapa bilməzsən. (Nisa surəsi, 145)

