Münafiq fəsad çıxarmaq istəyir

Münafiq sözü nifaq salan, fitnə-fəsad törədən mənasını verir

Münafiq sözü nifaq salan, fitnə-fəsad törədən mənasını verir. Münafiqlər mömin olmadıqları halda, möminlərin güc və imkanlarından istifadə etmək məqsədi ilə özlərini mömin göstərməyə və mömin toplumu içində gizlənməyə çalışan kimsələrdir.

Qəlbində xəstəlik olan bu insanlar istədiklərini tapmadıqda və yaxud möminlərin başına sıxıntı və ya çətinlik gəldikdə onlardan ayrılır və həqiqi sifətlərini göstərirlər. Möminlərdən ayrıldıqdan sonra, yaxud da ayrılarkən zərər verməyə, onlar arasındakı birliyi pozmağa çalışırlar.

Quranın bir çox ayələrində münafiqlərin xarakter və davranışı möminlərə açıqlanır, münafiqlərlə şeytanın arasındakı əlaqələr üzərində dayanır. Buna görə də, şeytanın bir çox xüsusiyyətləri münafiqlər üzərində təcəlli edir. Bir ayədə münafiqlərin şeytanın firqəsi halına gəldiyi bildirilir:

Şeytan onları ələ keçirmiş, beləcə, Allahı anmağı onlara unutdurmuşdur. Onlar şeytanın tərəfdarlarıdır. Bilin ki, şeytanın tərəfdarları məhz ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19)

Şeytanın bütün xasiyyətləri münafiqlərdə əks olunur. Münafiqlər şeytan kimi əsassız ifadələrdən istifadə edir, anormal hərəkətlər edir. Aralarındakı ən çox bilinən bənzərlik özünü üstün tutmadır. Şeytan da hz. Adəmə səcdə etməyi “özünü üstün tutma” xəstəliyinə görə rədd edir. Şeytan Allahın varlığına və onun yaradanı olduğuna qarşı çıxmır və Allahdan qorxur, ancaq təkəbbüründən dolayı itaət də etmir.

Münafiqlər iman gətirmədiyi üçün özlərinin üstün, möminlərin isə guya aşağı olduqlarını önə sürərək və özlərini inandıraraq, əslində, möminlərin uyduqları yola (Quran yoluna) tabe olmağı rədd edirlər. Möminləri “dəlalət əhli” adlandırmalarının əsas məqsədi “insanların iman etdiyi kimi iman etməmək”, yəni Qurana təslim olmamaqdır.

Əslində isə dünyada da, axirətdə də üstünlük Allaha, onun elçilərinə və möminlərə aiddir. Quranda bu həqiqət “…Halbuki şan-şərəf də, qüvvət və qələbə də yalnız Allaha, onun elçilərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilmirlər!” (Munafiqun surəsi, 8) ayəsi ilə xəbər verilir.