İslamı savaş, güc və təzyiq yolu ilə bir insana qəbul etdirmək istəyənlər Qurana xəyanət edirlər. Quranda ən açıq hökmlərdən biri dində məcburiyyətin qətiyyən olmamasıdır:
Dində məcburiyyət yoxdur… (Bəqərə surəsi, 256)
Bu açıq ayə Quranın hökmüdür. Heç bir müsəlman bu hökmdən kənara çıxıb başqalarına dindar olmaq üçün təzyiq göstərə bilməz. Bu, Quranda qadağan edilmişdir.
Peyğəmbərimiz (s) yalnız nəsihətçidir. Təbliğ edib son gələn haqq dini insanlara tanıtmaq məsuliyyəti daşıyır. O dövrdə İslam dinini Peyğəmbərimizin (s) və digər müsəlmanların dilindən eşidənlərin bəziləri iman etmiş, bəziləri isə etməmişdir. Quranın açıq-aşkar hökmünə əsasən, Peyğəmbərimiz (s) və yanındakı müsəlmanlar qəti şəkildə təzyiqə əl atmamışdılar. Quranda Peyğəmbərimiz (s) “(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Onları məcbur edən deyilsən”, –deyə xəbərdar edilmiş və məcbur etmə qəti surətdə qadağan edilmişdir. Qurana əsasən, bütün müsəlmanlar İslam əxlaqını təbliğ etməlidir. Lakin heç kimə dindar olmaq üçün təzyiq göstərilməməlidir. Quranın məqsədi dünyaya sevgi və hüzur gətirməkdir. Odur ki, təzyiq və gücdən istifadə etmək Qurana heç bir şəkildə uyğun deyil.
I Quranda məcbur etmənin açıq şəkildə qadağan edildiyi ayələrdən bəziləri aşağıdakılardır:
De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”… (Kəhf surəsi, 29)
Əgər Rəbbin istəsə idi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)
Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)
(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Onları məcbur edən deyilsən! (Ğaşiyə surəsi, 21-22)
De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 1-6)
Məcbur etmə və zor tətbiqi Quranda qadağan edildiyinə görə savaş, hücum, düşmənlik üçün heç bir əsas qalmır. Əgər dinin qəbul etdirilməsi təzyiq ilə haramdırsa, müsəlmanlar müşrik cəmiyyətləri nəyə məcbur edə bilərlər? Beləliklə, Qurandakı İslama görə, İslamı qəbul etdirmək qətiyyən müharibəyə əsas ola bilməz.

