İnsan bədənindəki ən mühüm sistemlərdən biri olan müdafiə sistemi çox əhəmiyyətli bir vəzifəni öhdəsinə götürmüşdür. İnsanın xəbərdar olub-olmamasından asılı olmayaraq, bu sistemin bütün elementləri bir ordu kimi onun bədənini mühafizə edir. Bakteriya, virus və buna bənzər istilaçılara qarşı bədəni müdafiə edən bu hüceyrələr qeyri-adi qabiliyyətlərə malikdirlər. Bu hüceyrələrin bədənimizin daxilində apardıqları mübarizə, göstərdikləri səy və fədakarlıq nümunələri bunları eşidən hər insanı heyrətləndirir.
Döyüşçüləri olan müdafiə mərkəzi: Sümük iliyi
Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atılanda radiasiyaya məruz qalan bir çox insan 10-15 gün ərzində ya daxili qanaxma, ya da yoluxucu xəstəliklər ucbatından ölürdülər. Bu insanlara nə olduğunu anlamaq üçün heyvanlar üzərində bir sıra təcrübələr aparıldı. Təcrübələr nəticəsində aşkar olundu ki, bədən tamamilə radiasiyaya məruz qalanda qan törəyir və müdafiə sisteminin bazası olan hüceyrələrin məhv olmasına səbəb olur. Bu da bədənin qısa müddətdə ölməsi deməkdir.
Bu mühüm hüceyrələrin zavodu sümük iliyidir. Lakin bir məqama da diqqət yetirmək lazımdır ki, bu fabrikdə bir-birindən çox fərqli məhsullar istehsal olunur. Çünki burada istehsal edilən bəzi hüceyrələr faqositoz istehsalında, bəzi hüceyrələr qanın laxtalanmasında, bəzi hüceyrələr isə bədənin qəbul etdiyi qidaların parçalanmasında mühüm rol oynayırlar. Bu hüceyrələrin funksiyaları kimi quruluşları da bir-birlərindən fərqlidir.
Maraqlıdır ki, ortaq bir məqsədə xidmət edən bir çox fərqli hüceyrə üçün bədənimizdə xüsusi bir istehsal sistemi mövcuddur.
Bu, təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Çünki təkamül nəzəriyyəsi çoxhüceyrəli orqanizmlərin təkhüceyrəli canlılardan təkamül keçirərək meydana gəldiyini iddia edir.
Bəs təsadüfən meydana gəlmiş hüceyrələr bir araya gəldikdən sonra necə olur ki, meydana gətirdikləri bu quruluşun içərisində yeni hüceyrələr inşa edən bir sistemi yoxdan var edə bilirlər?! Bunu kərpic anbarında meydana gələn partlayış nəticəsində havaya sovrulan minlərlə kərpicin özbaşına, üst-üstə düşərək yeni bir bina meydana gətirməsinə bənzətmək olar. Bundan əlavə, bu binada yeni kərpiclər inşa edən kiçik bir fabrikin meydana gəlməsi də vacibdir.

