Peyğəmbərimizin həyatına və Qurana baxdıqda müsəlmanların hər zaman elm və gözəl sözlə təbliğ etdiklərini görürük. Müsəlmanlar zülmə məruz qalsalar da, insanlara doğrunu çatdırmaqla, təbliğ etməklə məsuliyyət daşıyırlar. Heç danışmadan, nədənsə bəhs etmədən, təbliğ etmədən müharibə yolunu seçmək Qurana uyğun davranış deyil. Müsəlmanlar təbliğ etməklə vəzifəlidirlər. Təbliğ edərkən isə olduqca nəzakətli, sevgi dolu, şəfqətli və səbirli üslubdan istifadə etməlidirlər. İslamda sərt, kobud, barbar üsluba yer yoxdur. Şərtlər nə olursa olsun, qarşıdakı insan kim olursa olsun, müsəlman sevgi və şəfqətlə dini təbliğ etməlidir.
Peyğəmbərimiz Məkkəli müşriklərə Əbu Cəhilə, Əbu Ləhəbə, Həcc mövsümündə gələn bütün qəbilələrə və ziyarətçilərə, xristian və yəhudi cəmiyyətlərinə dini təbliğ etmişdir. Qarşısındakı insanların cəmiyyətdəki mövqeyinə, İslam dininə münasibətlərinə, düşüncələrinə, həyat tərzinə, əxlaqına, geyiminə görə ayrı-seçkilik etmədən dəfələrlə, çox müxtəlif və hikmətli üslublardan istifadə edərək onları tək olan Allaha iman gətirməyə çağırmışdır. “Bu insanla danışmaq olmaz, o insana təbliğ edilməməlidir” deyə düşünmək düzgün deyildir.
Hz. İbrahim, dövrünün ən azğın, qəddar, zalım insanı olan Nəmruda Allahın varlığından və təkliyindən bəhs etmişdi. Hz. Musa o dövrün müsəlmanları hesab olunan İsrailoğullarının oğlan uşağını öldürən, onlara ağlasığmaz işgəncələr verən Fironun yanına gedib onu Allahın dininə tabe olmağa çağırmışdı. Allah hz. Musaya bunu edərkən Firona “xoş söz” söyləməsini əmr etmişdi:
“Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” Onlar dedilər: “Ey Rəbbimiz! Biz onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!” (Taha surəsi, 43-46)
Allah hz. Musa və hz. Harunu o dövrün ən əxlaqsız, ən azğın, İslama qarşı ən böyük düşmənçilik hissi bəsləyən birinə təbliğ etməyə göndərmişdir. Hz. Musa və hz. Harun o dövrdə dinsizliyin və əxlaqsızlığın mərkəzi olan fironun sarayına gedərək ona təbliğ etmişdilər. Üstəlik, Allah firon kimi din düşməni olan birinə qarşı “yumşaq söz” söyləməyi əmr etmişdi.
Quranın Peyğəmbərimizə vəhy olunması tam 23 il çəkmişdir. Bu müddətin ilk 13 ilində müsəlmanlar Məkkədəki bütpərəst sistem içərisində sayca azlıq təşkil edir, çox böyük təzyiqlərə məruz qalırdılar. Bir çox müsəlmana fiziki işgəncələr verildi, bəziləri öldürüldü, bir çoxunun evi və mal-mülkü talan edildi, daima təhqir və təhdidlərlə qarşılaşdılar. Buna baxmayaraq, müsəlmanlar şiddətə əl atmadan yaşamağa davam etdilər və bütpərəstləri hər zaman sülhə dəvət etdilər.
Nəticədə bütpərəstlərin təzyiqləri dözülməz hala çatdıqda müsəlmanlar sərbəstliyin və mehribanlığın hökm sürdüyü Yəsrib (Mədinə) şəhərinə hicrət edərək burada öz hakimiyyətlərini qurdular. Öz siyasi sistemlərini bu yolla yaratdıqdan sonra belə Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı silaha əl atmadılar.

