Quranda möminlərə onlarla mübahisə edənlərə veriləcək cavab olaraq aşağıdakı ayə nümunə göstərilir:
Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!” Həqiqətən, bu, əsil doğru xəbərdir. Allahdan başqa heç bir ilah yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. (Ali İmran surəsi, 61-62)
Yəni möminlər və inkarçılar bir çox şahidin gözü qabağında hesablaşır. Hər iki tərəf öz doğrularını ortaya qoyar və yalançıları lənətləyər. Burada möminlərin məqsədi inkarçıların fikirlərinin hər kəsin ortasında etiraf etdirilməsidir. Quranda bildirilən bir həqiqət dinin hakim olduğu və insanların dəstə-dəstə dinə gəldikləri dövrdə bir çox insanın qabaqcadan etdiklərini və dediklərini inkar edəcək və özlərini əvvəlcədən möminlərlə birlikdə imiş kimi göstərməyə çalışacaq olmasıdır.
# Möminlərin bunlara verdiyi cavab belədir:
…Allah bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə məxsusdur. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah bizi (aramızda hökm vermək üçün) bir yerə toplayacaqdır. Axır dönüş Onadır”. (Şura surəsi, 15)
Quranda mübahisə edənlərə verilən konkret və təsirli cavab üslubu təbliğat aparan möminlər üçün çox gözəl bir nümunə və istifadəsi vacib olan bir metoddur. Həqiqətdə bunlar Allahın ehtimal edilən suallara verilməsini istədiyi qəti cavablardır. Mübahisə edənlərə veriləcək bir cavab aşağıdakı ayədə açıqlanır:
Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir. (Ali İmran surəsi, 20)
Quranda onlara qarşı istifadə ediləcək bir başqa cavab isə belədir:
De: “Allah haqqında bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona təslim olanlarıq”. (Bəqərə surəsi, 139)
Kafirlərin və möminlərlə mübahisə edənlərin mühüm xüsusiyyətlərindən biri onların axirəti inkar etməsidir. “Təğabun” surəsinin 7-ci ayəsi bu azğın inancı və bu inancı müdafiə edənlərə veriləcək mühüm cavabı belə bildirir:
İnkar edənlər əsla dirildilməyəcəklərini iddia etdilər. De: “Bəli! Rəbbimə and olsun ki, siz dirildiləcəksiniz! Sonra etdiyiniz əməllər mütləq sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır. (Təğabun surəsi, 7)
Bunlardan başqa, Allahın möminlərə örnək olaraq verdiyi bəzi cavab tərzləri belədir:
# Cənnətə gedəcəyini iddia edənlərə
De: “Əgər Allah yanındakı axirət yurdu (cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və doğru deyirsinizsə, onda ölümü arzulayın!” (Bəqərə surəsi, 94)
# Allahın haqq dinindən uzaq olan “atalarının dini”nə uyanlara
Onlara: “Allahın nazil etdiyinə iman gətirin!” – deyildiyi zaman onlar: “Biz özümüzə nazil olana iman gətiririk”, – deyirlər və ondan başqasını inkar edirlər. Halbuki o, onların əllərindəkini təsdiqləyən həqiqətdir. De ki: “Əgər həqiqətən iman gətirmişdinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?” (Bəqərə surəsi, 91)
Vaxtilə sizdən əhd alıb dağı üstünüzə qaldıraraq: “Sizə verdiyimizdən möhkəm yapışın, (oradakı hökmləri) dinləyin!” – demişdik. Onlar isə: “Eşitdik və qarşı çıxdıq!” – demişdilər. Küfrləri səbəbilə qəlblərini buzov sevgisi bürümüşdü. De ki: “Əgər iman gətirmisinizsə, imanınızın sizə onu əmr etməsi necə də pisdir!” (Bəqərə surəsi, 93)
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar, Allah dərgahında bizim şəfaətçilərimizdir!” – deyirlər. De ki: “Siz Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah onların şərik qoşduğu şeylərdən uzaq və ucadır!” (Yunis surəsi, 18)
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” – deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?! (Yunis surəsi, 31)
De: “Etdikləri əməllər baxımından ən çox ziyana uğrayanları sizə xəbər verəkmi? (Bunlar) yaxşı işlər gördüklərini zənn etdikləri halda, dünya həyatındakı səyləri hədər getmiş kəslərdir. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq. (Kəhf surəsi, 103-105)
De: “Əgər bilirsinizsə, (deyin görək) yer üzü və orada olanlar kimindir?” Onlar: “Allahındır!” – deyəcəklər. Sən də: “Elə isə heç düşünmürsünüzmü?” – de. De ki: “Yeddi göyün və əzəmətli ərşin Rəbbi kimdir?” Onlar: “Allahındır!” – deyəcəklər. De ki: “Elə isə siz (Allahdan) qorxmursunuzmu?” De: “Əgər bilirsinizsə, (deyin görək) hər şeyin hökmranlığı əlində olan, (hər şeyi) himayə edən və heç bir himayəçiyə ehtiyacı olmayan kimdir?” Onlar: “(Bu sifətlər) Allaha məxsusdur!” – deyəcəklər. De ki: “Bəs necə olur ki, ovsunlanırsınız (aldanıb haqdan üz döndərirsiniz)?” (Muminun surəsi, 84-89)
Əgər onlardan: “Göydən su endirib onunla ölü torpağa can verən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyərlər. De ki: “Həmd Allaha məxsusdur!” Ancaq onların çoxu düşünməz. (Ənkəbut surəsi, 63)
Onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar hökmən: “Allah!” – deyəcəklər. De ki: “Elə isə deyin görək, əgər Allah mənə bir zərər yetirmək istəsə, Allahdan başqa dua etdikləriniz Onun zərərini dəf edə bilərlərmi? Yaxud Allah mənə mərhəmət etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?” De: “Allah mənə yetər. Təvəkkül edənlər ancaq Ona təvəkkül edərlər!” De: “Ey qövmüm! Bacardığınızı edin, mən də bacardığımı edəcəyəm. Siz tezliklə biləcəksiniz.” (Zumər surəsi, 38-39)
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?” (Ali İmran surəsi, 183)
Onlar pis bir iş gördükləri zaman: “Atalarımızın bu yolda olduğunu gördük. Bunu bizə Allah əmr etmişdir”, – deyirlər. De: “Şübhəsiz, Allah ədəbsizliyi əmr etməz. Allaha qarşı bilmədiyiniz şeylərimi söyləyirsiniz?” (Əraf surəsi, 28)
# Allahı, dini, Quranı inkar edənlərə
İnkarçılara de: “Siz məğlub olacaqsınız və cəhənnəmə yığılacaqsınız! (Ora) necə də pis bir yerdir!” (Ali İmran surəsi, 12)
De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64)
De: “Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmişdir!” De: “Əsla sizin arzularınıza uymaram. Elə olsaydı, (haqq yoldan) azmış olardım və doğru yola yönələnlərdən olmazdım”. De: “Həqiqətən, mən Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda deyil. Hökm ancaq Allahındır. Haqqı O bəyan edər. O, (haqq ilə batili) ayırd edənlərin ən yaxşısıdır”. De: “Əgər tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda olsaydı, mənimlə sizin aranızda iş, əlbəttə, bitirilmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”. (Ənam surəsi, 56-58)
Allahı layiqincə tanımadılar. Belə ki, onlar: “Allah heç bir bəşərə hər hansı bir şey nazil etməmişdir”, – dedilər. De ki: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb (istədiyinizi) açıqlayırsınız, bir çoxunu da gizlədirsiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri (Qurandan) öyrənmiş olursunuz”. Sən: “Allah!” – de. Sonra onları burax ki, qoy düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Ənam surəsi, 91)
İnkarçılara de: “Əgər (küfrdən və Peyğəmbərə qarşı düşmənçilikdən) əl çəksələr, onların keçmiş günahları bağışlanacaq. Əgər (o işlərə) geri qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir. (Ənfal surəsi, 38)
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” – deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”. De: “Əgər Allah diləsəydi, onu sizə oxumazdım və (Allah) onu sizə bildirməzdi. Mən (Quran nazil edilməzdən) əvvəl də sizin aranızda ömür sürmüşəm. Yenə də dərk etmirsinizmi?” (Yunis surəsi, 15-16)
# Dinə qəzəblənənlərə
Baxın, siz o kimsələrsiniz ki, onlar sizi sevmədikləri halda siz onları sevirsiniz. Siz bütün kitablara inanırsınız. Sizinlə görüşdükləri zaman: “Biz iman etmişik”, – deyərlər. Ancaq xəlvətdə olduqları zaman sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirərlər. De: “Ölün acığınızdan!” Şübhəsiz ki, Allah ürəklərdə olanları biləndir. (Ali İmran surəsi, 119)
De: “Ey qövmüm, əlinizdən gələni edin! Mən də (öz üzərimə düşəni) edirəm. Yaxın bir vaxtda (dünya) yurdunun sonunun kimin xeyrinə olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapa bilməzlər”. (Ənam surəsi, 135)
Yoxsa onların (bütlərin) yeriyən ayaqları, tutan əlləri, görən gözləri, eşidən qulaqlarımı var?! De: “Şərik qoşduqlarınızı çağırın! Sonra mənə tələ qurun və mənə heç möhlət də verməyin! (Əraf surəsi, 195)
Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”. (Yunis surəsi, 21)
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman inkarçıların üzlərində bir məmnuniyyətsizlik sezərsən. Az qalsın, onlara ayələrimizi oxuyanların üstünə hücum etsinlər. De ki: “Bundan daha pisini sizə xəbər verimmi? Cəhənnəm! Allah onu inkarçılar üçün vəd etmişdir. O nə pis dönüş yeridir!” (Həcc surəsi, 72)
# Allahın ayə göndərməsini istəyənlərə
Onlar: “Ona (Peyğəmbərə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” – dedilər. De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir”. Lakin onların çoxu bilməz. (Ənam surəsi, 37)
# Möcüzə istəyənlərə
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, – demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, – demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?” (Ənam surəsi, 50)
Allaha ürəkdən and içdilər ki, əgər onlara bir möcüzə gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr ancaq Allahın dərgahındadır. Bəs, (möcüzə) gəlsə belə, yenə də iman gətirməyəcəklərini bilmirsinizmi?” (Ənam surəsi, 109)
Onlar ancaq özlərinə mələklərin, yaxud, Rəbbinin və ya Rəbbinin bəzi əlamətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi əlamətlərinin gələcəyi gün, əvvəlcədən iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış kimsəyə artıq imanı fayda verməyəcək. De: “Gözləyin! Şübhəsiz, biz də gözləyirik”. (Ənam surəsi, 158)
Onlar: “Ona (Məhəmmədə) Rəbbindən bir möcüzə nazil edilməli deyildimi?!” – deyirlər. De ki: “Qeyb yalnız Allaha məxsusdur. Ona görə də gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyirəm”. (Yunis surəsi, 20)
İnkarçılar: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” – deyirlər. De ki: “Allah dilədiyi kimsəni (haqq yoldan) azdırar, Ona yönələn kimsəni də hidayətə (İslama) çatdırar”. (Rad surəsi, 27)
De: “Əgər yer üzündəkilər arxayın gəzən mələklər olsaydı, əlbəttə, onlara peyğəmbər olaraq göydən bir mələk göndərərdik”. De: “Mənimlə aranızda şahid olaraq Allah yetər. Şübhəsiz ki, O, qullarından xəbərdardır, (onları) görür”. (İsra surəsi, 95-96)
Onlar: “Rəbbindən ona möcüzələr endirilməli deyildimi?” – dedilər. De ki: “Möcüzələr yalnız Allah dərgahındandır. Mən isə yalnız açıq-aşkar xəbərdar edənəm”. (Ənkəbut surəsi, 50)
# Elçini istismar etməkdə ittiham edənlər
Onlar (o peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol! De: “Bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran), aləmlər üçün ancaq bir nəsihətdir”. (Ənam surəsi, 90)
De: “Mən sizdən heç bir əvəz istəmirəm, o sizin olsun. Mənim mükafatım yalnız Allaha aiddir. O, hər şeyə şahiddir”. (Səba surəsi, 47)
# Elçini yalançı hesab edənlər
Əgər səni yalanlasalar, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Onun verəcəyi əzab isə günahkar qövmdən dəf edilə bilməz”. (Ənam surəsi, 147)
Əgər səni yalanlasalar, de ki: “Mənim əməlim mənə, sizin əməliniz də sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam!” (Yunis surəsi, 41)
# “Quranı elçi uydurdu” deyənlərə
Yoxsa onlar: “(Məhəmməd) onu özündən uydurdu!” – deyirlər? De ki: “Əgər haqlısınızsa, Allahdan başqa bacardığınız kimsələri (köməyə) çağırın və siz də ona bənzər bir surə gətirin!” (Yunis surəsi, 38)
Yoxsa onlar: “Quranı özündən uydurdu!” – deyirlər?! De ki: “Əgər doğru deyirsinizsə, siz də Allahdan başqa kimi bacarırsınızsa, köməyə çağırın və onun kimi on surə uydurub gətirin!” (Hud surəsi, 13)
Yoxsa onlar: “Onu özündən uydurdu!” – deyirlər?! De ki: “Əgər onu uydurmuşamsa, günahım mənə aiddir. Ancaq mən sizin işlədiyiniz günahlardan uzağam!” (Hud surəsi, 35)
De: “Əgər bu Qurana bənzər bir şey gətirmək üçün insanlar və cinlər bir yerə yığışsalar və bir-birinə dəstək olsalar, yenə də onun bənzərini gətirə bilməzlər”. (İsra surəsi, 88)
Yoxsa: “Onu özündən uydurmuşdur!” – deyirlər?! De: “Əgər onu özümdən uydurmuşamsa, onda Allahdan (gələcək əzaba qarşı) məni heç cür qoruya bilməzsiniz. O, sizin (Quran barəsində) etdiyiniz dedi-qoduları çox yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, bağışlayandır, rəhmlidir”. De: “İlk peyğəmbər mən deyiləm. Onun (Allahın) mənə və sizə nə edəcəyini də bilmirəm. Mən yalnız mənə gələn vəhyə tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdarlıq edən bir peyğəmbərəm”. De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”. (Əhqaf surəsi, 8-10)
# Şirk qoşanlara
Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, – deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (peyğəmbərləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”. (Ənam surəsi, 148)
Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə də onlar (bütləri) Allaha şərik qoşdular. De: “Onlara bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, inkarçılara hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz. (Rad surəsi, 33)
Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De ki: “(Dünya nemətlərindən) faydalanın! Şübhəsiz ki, sizin dönüş yeriniz cəhənnəmdir”. (İbrahim surəsi, 30)
De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz onlara (bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər. (Fatir surəsi, 40)
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!” (Zumər surəsi, 8)
# Şübhə edənlərə
De: “Ey insanlar! Əgər mənim dinimə şübhə edirsinizsə, bilin ki, mən Allahı qoyub sizin ibadət etdiklərinizə ibadət etmərəm. Lakin sizin canınızı alan Allaha ibadət edərəm. Mənə, iman gətirənlərdən olmağım əmr olunmuşdur. (Yunis surəsi, 104)
# İman etməyənlərə
İman etməyənlərə de: “Əlinizdən gələni edin, biz də (əlimizdən gələni) edəcəyik. Gözləyin! Biz də gözləyirik”. (Hud surəsi, 121-122)
# Peyğəmbərliyi qəbul etməyənlərə
Kafirlər: “Sən peyğəmbər deyilsən”, – deyirlər. De ki: “Allah və Kitabı bilənlər mənimlə sizin aranızda şahid olaraq kifayətdir”. (Rad surəsi, 43)
# Möminlərlə mübarizə aparanlara
Əgər səninlə mübahisə etsələr, de ki: “Allah sizin etdiyiniz əməlləri daha yaxşı bilir. Allah qiyamət günü ixtilafda olduğunuz məsələlər barəsində sizin aranızda hökm verəcəkdir”. (Həcc surəsi, 68-69)
# İnkarçılara Allahın verəcəyi cəzanın bildirilməsi
De: “Allah yanında cəza etibarilə bundan (bu dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allah kimə lənət etmiş, qəzəblənmiş, meymunlara və donuzlara döndərmiş, eləcə də tağuta ibadət edənlərə çevirmişsə, onların yeri daha pisdir və onlar doğru yoldan daha çox azmışlar”. (Maidə surəsi, 60)
# İnsanın əzabının deyilməsi
De: “Əgər doğru danışırsınızsa, deyin görək, sizə Allahın əzabı gələr, yaxud qiyamət sizə gəlib çatarsa, Allahdan başqasınamı yalvaracaqsınız?” (Ənam surəsi, 40)
De: “Deyin görüm, əgər Allah eşitmə və görmə qabiliyyətinizi (əlinizdən) alsa və qəlblərinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə geri gətirə bilər?” Bax gör, ayələri necə açıqlayırıq! Sonra onlar yenə (haqdan) üz çevirirlər. De: “Deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-aşkar gələrsə, zalım qövmdən başqasımı məhv edilər?!” (Ənam surəsi, 47)
De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz. De: “Allah sizi ondan da, hər cür çətinlikdən də xilas edər. Sonra siz (yenə Ona) şərik qoşursunuz?” De: “O (Allah), üstünüzdən (göydən) və ya ayaqlarınızın altından (yerdən) sizə əzab göndərməyə, yaxud sizin aranızı qarışdırıb bir-birinizə zərər verdirməyə qadirdir”. Bax, başa düşsünlər deyə, ayələri onlara necə açıqlayırıq! (Ənam surəsi, 63-65)
De: “Deyin görək, əgər Allah qiyamət gününə qədər sizi gecəyə qərq etsəydi, Allahdan başqa hansı ilah sizi aydınlığa çıxarardı? Hələ də (haqqı) eşitmirsinizmi?” De: “Deyin görək, əgər Allah qiyamət gününə qədər gündüzü sizin üçün daimi etsəydi, Allahdan başqa hansı ilah dincəldiyiniz gecəni sizə gətirəcəkdi? Hələ də (haqqı) görmürsünüzmü?” (Qəsas surəsi, 71-72)
De: “Əgər Allah sizə pislik etmək istəsə, sizi Ondan kim qoruya bilər, yaxud O sizə mərhəmət etmək istəsə, (buna kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər. (Əhzab surəsi, 17)
De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini artırar, istədiyinin ruzisini də azaldar. Lakin insanların çoxu bunu bilmir”. (Səba surəsi, 36)

