Bəzi insanlar dünyadakı xaosdan, qarışıqlıqdan, müharibələrdən, çətinliklərdən, səmimiyyətsizlikdən uzaqlaşmağın və sülh şəraitində yaşamağın yollarını axtarırlar. Lakin bu axtarış zamanı bəzi yanlış inanclara da yönəlirlər. Bu yanlış inanclardan biri də karma fəlsəfəsinə əsaslanan reinkarnasiyadır.
Reinkarnasiya insanın öldükdən sonra başqa bir bədənlə dünyaya yenidən gəlməsi haqqında inancdır. Böyük İslam alimi İmam Rəbbani reinkarnasiya inancının yanlışlığını bu şəkildə bildirmişdir:
“Qəlbi xəstə, məlumatı az olan bəzi şəxslər, hətta özlərini şeyx kimi tanıdan bəzi dinsizlər tənasühə (reinkarnasiyaya) inanır. “Ruhlar kamilləşmədən əvvəl bir bədəndən ayrıldığı zaman başqa bir bədənə keçir. Kamilləşdikdən sonra insanlara qayıtmırlar, tənasüh yolu ilə yetkinləşirlər”, – deyir, tənasühlə bağlı bir çox hekayələr uydururlar… Tənasühlə ruhlar kamilləşirsə, Cəhənnəm kimlər üçündür, kimlər əzab çəkir? Buna inanmaq Cəhənnəmi inkar etmək və hətta öldükdən sonra yenidən dirilməyə inanmamaqdır”.
Karma inancı hinduizm, buddizm və çaynizm kimi batil şərq fəlsəfələrində əhəmiyyətli yer tutur. Sanskrit dilinə mənsub olan karma sözü “hərəkət” mənasını verir. Hind fəlsəfələrində karma anlayışı səbəb-nəticə qanunu kimi tanınır. Buna görə də karmaya inanan insan öldükdən sonra başlayan yeni həyatındakı müvəffəqiyyətin, ictimai mövqeyinin və ya həyat tərzinin əvvəlki həyatındakı davranışlarına və əxlaqına bağlı olduğuna inanır.
Karmanın əsasında isə insanın ölümdən sonra dünyaya yenidən başqa bir bədənlə gəlməsi və bu ölüb-dirilmənin müntəzəm olaraq davam etməsi mənasını verən reinkarnasiya inancı var.
Karma fəlsəfəsinin nəticəsi olaraq reinkarnasiya, yəni insanın öldükdən sonra başqa bir bədənlə dünyaya yenidən gəlməsi inancı hind fəlsəfələrinə köklü surətdə yerləşmişdir. Karma fəlsəfəsi “Dinlərin tarixi” adlı kitabda qısa şəkildə belə izah edilir:
“Bu inanca əsasən, insan etdiklərinə görə heyvan, bitki, insan və ya tanrı şəklində doğulur.” (Allahı tənzih edirik).
Reinkarnasiyada axirət inancı yoxdur, öldükdən sonra dünya həyatında eyni ruhla, lakin yeni bədənlə dirilmə inancı vardır. Lakin bu, Allahın Quranda bildirdiyi hökmlərlə ziddiyyət təşkil edən, batil və azğın inancdır.
Bu fəlsəfədə diqqət çəkən başqa azğın inanc isə insanın ilah olaraq da doğula bilməsidir. Bu, tarix boyu inanılan ən batil və saxta iddiadır. Bu iddia Allaha şirk qoşmaq mənasını verir. Halbuki, məlumdur ki, heç bir insan ilah ola bilməz. Yalnız bir İlah var, O da uca Allahdır. O, nə doğmuş, nə də doğulmuşdur. Bütün kainatın və canlıların sahibi, yaradanı, qoruyucusu və İlahı Allahdır. Onun tayı-bərabəri yoxdur. Rəbbimiz olan Allah bu həqiqəti Quranın “İxlas” surəsində belə bildirir:
“De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!” (İxlas surəsi, 1-4)
“İxlas” surəsində bildirilən bu həqiqətdən başqa inanca sahib olanlar, şübhəsiz ki, doğru yoldan sapmışdır.
Bu fəlsəfədə varlı və ya müvəffəqiyyətli olan insanın keçmiş həyatında yaxşı insan olduğu üçün bu həyatında var-dövlətlə mükafatlandırıldığı düşünülür. Eynilə, kasıb, şikəst, yaxud müvəffəqiyyətsiz olan insanın keçmiş həyatında pisliklər etdiyi və bunun əvəzini indiki həyatında bu şəkildə aldığı iddia edilir. Hətta bu batil iddiaya əsasən, insan etdiyi pisliyə görə, sonrakı həyatında bitki və ya heyvan görünüşündə də ola bilər.
İlk baxışda reinkarnasiya inancının insanlara bəzi gözəl əxlaq xüsusiyyətləri qazandıra biləcəyi zənn edilə bilər. Çünki bu inanca görə, bir insan yenidən dünyaya gəldiyi zaman ən yaxşı şəraitdə yaşamaq istəyəcək, buna görə də, indiki həyatında sonrakı dünya həyatını qazanmaq üçün ən doğru şəkildə yaşamağa cəhd edəcək. Lakin həm karma, həm reinkarnasiya inancı, həm də hinduizm, buddizm kimi fəlsəfələrin ehtiva etdiyi bir çox batil inanc insan ağlına, məntiqinə, vicdanına və fitrətinə ziddir.
Buna görə də, bu fəlsəfələrin ehtiva etdiyi qanun və tətbiqlərin insanlara gözəl əxlaq, cəmiyyətə də rahatlıq, sülh və xoşbəxtlik gətirməsi mümkün deyil. Bu inancların məşhur olduğu, hətta milli din olaraq qəbul edildiyi ölkələrdəki həyat şəraiti və ədalətsizliklər bunun ən bariz nümunələrindəndir.
Quranda ən çox təkrarlanan mövzulardan biri ölümlə birlikdə dünya həyatının sona çatması və dünya həyatında edilən əməllərin əvəzinin axirətdə alınmasıdır. Bu həqiqət aşağıdakı ayədə belə bildirilir:
“Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim oddan uzaqlaşdırılıb Cənnətə daxil edilərsə, o, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”. (Ali İmran surəsi, 185)
Ayə reinkarnasiya inancının xəyali inanc olduğunun dəlilidir. Rəbbimiz qullarına mükafat qazanmaları üçün dünya həyatını bir dəfə nəsib etmiş və bu dünyadakı həyatını ölümlə nəticələndirəcəyini açıq şəkildə bildirmişdir.
Reinkarnasiya heç bir ilahi qaynağa əsaslanmayan batil inancdır. Sadəcə, hind fəlsəfəsində deyil, dünyanın bəzi bölgələrində reinkarnasiyaya inanan, daha doğrusu reinkarnasiyanın doğru olmasını istəyən insanlar var. Bunun səbəbi dinə inanmayan, axirətin varlığını inkar edən, ölümdən sonra yox olmaqdan və ya sonsuza qədər Cəhənnəmdə qalmaqdan qorxan insanların reinkarnasiyanı bu qorxularını məğlub etmək üçün çıxış yolu kimi görmələridir. Çünki reinkarnasiya inancının əsasında ölümdən qorxmağın yersiz olduğu və insanın yenidən doğularaq arzularına çata biləcəyi kimi doğru olmayan təlqinlər durur.
Halbuki, Quranda ölümün bir dəfə olduğu bildirilir. Hər insan dünyada sadəcə bir dəfə yaşayır, öldükdən sonra axirət həyatına keçir. Yəni insanın bir dünya həyatı, bir də sonsuza qədər yaşayacağı axirət həyatı var. İnsanların öldükdən sonra dünya həyatına geri dönə bilməyəcəkləri Quranda açıq şəkildə bildirilmişdir:
Məhv etdiyimiz bir məmləkətin (xalqının dünyaya) geri dönməsi qadağan olunmuşdur. (Ənbiya surəsi, 95)
Diqqət etsək, görərik ki, dövrümüzdə azğın təlimlərin təbliğatında istifadə edilən şüarlardan bəziləri “müasirlik”, “cəsurluq” və “azadlıq”dır. Şübhəsiz ki, müasir dünyagörüşünə sahib olmaq, dövrün tərəqqisini yaxından izləmək, yeniliyə açıq olmaq gözəl xüsusiyyətdir. Lakin buradakı məqsəd insanları din əxlaqından uzaqlaşdırmaq üçün hər cür azğın təlimi və əxlaqsızlığı bəzədilmiş təlqinlərin ardında insanlara təqdim etməkdir. On il əvvəl insanların qınadıqları və qəti şəkildə qarşı olduqları müxtəlif davranışların artıq cəmiyyət tərəfindən adi qarşılanması bu təbliğatın Quran əxlaqından uzaq yaşayanların üzərində nə qədər təsirli olduğunun göstəricisidir.
Reinkarnasiya kimi inancların insanların diqqətini çəkməsinin ən əhəmiyyətli səbəblərindən biri, dünya səviyyəsində məşhur olan bəzi sənət adamlarının bu inanca olan marağıdır. Tibetdə buddist geyimlərində şəkillər çəkdirən, yaxud reinkarnasiyaya inandıqlarını açıqlayan bəzi məşhurlar insanların diqqətini bu azğın inanca çəkməyə çalışırlar. Bundan əlavə, dinsizliyi təlqin edərək degenerasiyanı yaymaq məqsədi ilə yaradılan mistik və sirli görüntü xüsusilə gənclərin bu təlimlərə marağına səbəb olur.

