Allah möminlərin dostudur. Allah Özünü dost tutan, yalnız Onun razılığını güdən möminlərin qoruyucusu və himayəçisidir. Möminlərin dünyadakı bütün işlərində Allahın yardımı və dəstəyi vardır. Allahın razılığını qazanmaq niyyəti ilə gördükləri hər bir iş mütləq xeyirlə nəticələnər. Bir ayədə belə buyurulur: “Həqiqətən, Allah pis işlərdən çəkinən və yaxşı işlər görənlərlə birlikdədir”. (Nəhl surəsi, 128). Allah başqa bir ayəsində iman edənlərə Öz dəstəyini belə müjdələyir:
Allah iman edənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. … (Bəqərə surəsi, 257)
Bundan başqa, Allaha səmimi-qəlbdən iman edən möminlər də bir- birlərinin vəliləri, yəni dostları və yardımçılarıdırlar. Möminlər həmişə bir-birlərini gözəl və doğru olana çağırar, pis və yanlış işlərdən çəkindirərlər. Bir-birlərinin cənnətə layiq insanlar olmaları və axirətdəki dərəcələrinin yüksəlməsi üçün səy göstərərlər.
Allah Quranda möminlərin kimləri dost tutmalı olduqlarını belə bildirir:
Sizin dostunuz ancaq Allah, onun elçisi, rüku edərək namaz qılan və zəkat verən möminlərdir. Kim Allahı, elçisini və iman edənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır. (Maidə surəsi, 55-56)

