Sevgi Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Allah insan fitrətini sevməkdən və sevilməkdən zövq alan, dostluğu və yaxınlığı sevən şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla birlikdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha çox zövq verir. Buna görə də, Allahın bəyəndiyi və sevdiyi qullarına vəd etdiyi cənnət əsl sevginin, dostluğun, yaxınlığın sonsuza qədər böyük bir coşğu ilə yaşandığı möhtəşəm gözəlliyə sahib məkandır. Allahın Quranda cənnət həyatına dair verdiyi məlumatlarda şənliyin, dostluğun, sevginin, məhəbbətin, gözəl söz və rahatlığın hakim olmasından bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Məsələn, Allah bir ayəsində cənnətə daxil olan möminlərin qəlbindən kinə aid hər bir şeyin alınacağını bildirmişdir (Əraf surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, əsəbləşmək, küsmək, incimək kimi sevgiyə və dostluğa mane olan bütün pis xüsusiyyətlər cənnətdən kənarda qalacaq.
Cənnətlə müjdələnən müsəlmanların əsas xüsusiyyətlərindən biri onların dünya həyatında ikən də Allahın elçilərini, peyğəmbərlərini və Allahın razılığına uyan bütün müsəlmanları çox sevmələridir. Quranda möminlər arasındakı bu sevgi və dostluq bağı belə bildirilmişdir:
Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə surəsi, 55)
İman gətirənlər Allahın razılığını qazanmaq üçün səy göstərən bütün saleh möminlərə qarşı yaxınlıq hiss edir, onları özlərinin yaxın dostu bilirlər. Hər şəraitdə onlarla birlikdə olmaqdan zövq alırlar. Bütün müsəlmanlara böyük bir vəfa və sədaqət ilə bağlıdırlar. Bu sevgi soy, irq kimi yaxınlıqlara və ya hər hansı bir mənfəətə bağlı deyil. Pulun, mövqenin, mədəniyyətin, ya da maddi dəyərlərin də heç bir əhəmiyyəti yoxdur. Allahın razı qaldığını düşündükləri insandan möminlər də razıdır. Allah yolunda olan saleh möminlər Allahın ən sevdiyi qullarındandır.
Buna görə də möminlər bir-birlərini çox sevir və bir-birlərinə qəlbən bağlıdırlar. Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətindən bəhs edilir. Bu ayələrdən bəziləri belədir:
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Saff surəsi, 4)
Bir başqa ayədə isə Allah möminlər arasındakı bu sevgini belə bildirir:
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlbində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
Möminlər iman gətirən hər kəsi öz qardaşları kimi qəbul edirlər. Bir başqa möminin yaxşılığını, rahatlığını təmin etmək üçün hər cür fədakarlığı göstərirlər. Möminlərin bu sevgi anlayışı isə ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanılır. Allah bir ayədə iman gətirib saleh əməllər edənlərə Öz qatından bir sevgi bəxş edəcəyini belə bildirmişdir:
İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)
İman gətirənlərin bir-birlərinə olan bu sevgilərinin qaynağı isə Allaha olan dərin sevgiləridir. Dünya həyatındakı məqsədləri Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olan möminlər bütün həyatını Allah üçün yaşayırlar.
Quranın “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam surəsi, 162) ayəsi ilə bildirildiyi kimi, etdikləri hər işdə, göstərdikləri hər rəftarda Allahın rizasını qazanmağı hədəf edirlər. Sahib olduqları hər şeyi Allahın razılığını qazanmağa sərf edən möminlərin sevgiləri də yenə ancaq Allah üçündür. Allahı bütün adları ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hiss edən möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə olunmayacaq qədər güclüdür. Möminlərə qarşı olan sevgiləri də sevgilərinin təməli olan Allah sevgisindən qaynaqlandığı və Allahın razılığını qazanmaq məqsədilə sevdikləri üçün eynilə güclü və dərindir. İman gətirənlərlə yaşadıqları dostluğun axirətdə sonsuza qədər davam edəcəyini bilmələri də bu sevgilərini güclü və daimi edən başqa bir səbəbdir.
Allah Quranda möminlərin bu sevgi həssaslığına dair hz. Yəhyanın əxlaqını nümunə vermişdir:
Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!” – deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik. Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi. (Məryəm surəsi, 12-13)
Allahı çox sevən, Allahdan qorxan, Onun özündən razı qalması üçün səmimi səy göstərən möminlər dünyaya gözəllik bəxş edən xeyirli insanlardır. Bu üstün əxlaqa görə Allahın yaratdıqlarını da sevir, onlara qarşı şəfqətli və mərhəmətli davranaraq onları qorumaq, onlara xeyir və gözəllik gətirmək istəyirlər. Allah möminlərin qəlbindəki imanından, Allah qorxusundan qaynaqlanan bu gözəl sevgiyə və Rəbbimizə olan dərin bağlılığına qarşılıq olaraq onları sevginin və sədaqətin ən gözəl məkanı olan cənnətlə mükafatlandıracağını müjdələmişdir.
İman gətirənlərin bir-birlərinə Allahı və möminləri sevmənin əhəmiyyətini xatırlatmaları vacib bir ibadətdir. Hər mömin cənnət sevgisini dünyada ikən yaşamalı, tək dost və himayədar olan Rəbbimizə və möminlərə sevgi və vəfa ilə bağlanmalıdır.

