Möminlərə atılan iftiralar

Möminlər: “Allahdan başqa bir hakimmi istəməliyəm?!

Möminlər: “Allahdan başqa bir hakimmi istəməliyəm?! Halbuki sizə Kitabı təfsilatlı olaraq nazil edən Odur…” (Ənam surəsi, 114) ayəsində də bildirildiyi kimi, Allahı “hakim” (Onun hökmlərinə uymaq) təyin etmək məcburiyyətindədirlər. Möminlərdən başqa insanlardan gələn xəbərlərin necə şərh ediləcəyi Allahın hökmünə, yəni Qurana baxılaraq qərar veriləcək bir məsələdir. Quranda verilən meyar belədir:

Ey iman edənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz. (Hucurat surəsi, 6)

Allah ancaq iman edənləri etibarlı və sözlərinə etimad ediləcək kimsələr olaraq bildirmişdir. Quranda bildirildiyi kimi, “fasiqlərin” sözləri və hərəkətləri etibarsızdır. “Fasiq” hərfi mənada “Allahın əmrlərini yerinə yetirməyən, yolunu azmış və Allaha qarşı üsyan etmiş şəxs” deməkdir.

Bu cür insanların çatdırdıqları xəbərin doğruluğunu öyrənmək üçün ayədə “ətraflı şəkildə araşdırın” əmri verilir. Odur ki, hər möminin bu cür insanların yaydığı xəbərlərə dərhal inanmamağı, xüsusilə böhtan və ya yalan ola biləcək hadisələrə qarşı diqqətli olması son dərəcə vacibdir.

Hadisənin daha mühüm tərəfi isə tarix boyu bütün möminlərin, cahil cəmiyyətinin rəhbərləri tərəfindən müxtəlif böhtanlara məruz qalmasıdır. Quranda peyğəmbərlərin hekayələrinin əksəriyyətində kafir qövmün başçılarının möminlərə atdığı böhtanlardan bəhs edilir. Və qövmün inkarçılarından bu cür reaksiya görməyən möminlər yoxdur və bu reaksiyaları görmək əslində möminliyin əlamətidir.

İnkarçı liderlərin möminlərə qarşı etdikləri bu cür hərəkətlərin başqa bir maraqlı xüsusiyyəti də vardır. Bu insanlar heç vaxt “Biz Allahı tanımırıq və bu səbəbdən biz Onun əmrlərinə dəvət edən möminlərə qarşıyıq” deməzlər. Əksinə, bu insanların atdığı iftiraları özlərinin doğru yolda, möminlərin isə səhv yolda olması şəklindədir. Özlərinin həqiqətən Allaha inandıqlarını, lakin möminlərin Onun adına yalan uydurduqlarını, dünyəvi mənfəətlər güddüklərini irəli sürərək iftira atarlar.

Möminlərə atılan böhtanlar Quranda ətraflı şəkildə izah edilir. Hz. Musa və qardaşı hz. Haruna “onlar yer üzündə hökmranlıq axtarırlar.” (Yunis surəsi, 78). Hz. Nuh da eyni şəkildə “üstünlük əldə etmək” (Muminun surəsi, 24) ilə ittiham olunurdu. Kafirlər hz. Nuha “Dəli olan bir adam” (Muminun surəsi, 25) sözləri ilə böhtan atmışdı. Hz. Səmudu isə “çox yalan danışan, təkəbbürlü, harınlamış” (Qəmər surəsi, 25) biri kimi tanıtmağa çalışmışdılar.

Hz. Musa və hz Məhəmməd də “dəlilik” ilə ittiham olunmuşdu (Şüəra surəsi, 27 və Hicr surəsi, 6). Yenə bir çox peyğəmbərə “sehrbaz” (Yunis surəsi, 2 və Sad surəsi, 4), Firon hz. Musaya böhtan ataraq: “O, ya sehrbazdır, ya da dəlidir” (Zəriyət surəsi, 38-39) demişdir. “Yalançılıq” tarix boyu möminlərə atılan böhtanlardan biridir (Əraf surəsi, 66 və Hud surəsi, 27).

Şübhəsiz ki, bunların hamısı inkarçıların çirkin əxlaqının və ağılsız olmalarının məhsulu olan, həqiqətlə heç bir əlaqəsi olmayan böhtanlardır. Tarix boyu yaşamış bütün peyğəmbərlər və dindar möminlər inkarçıların çirkin böhtanlarından münəzzəhdirlər.

Ancaq unutmaq olmaz ki, bu cür böhtanlar hər dövrdə möminlərə qarşı atılmışdır. Möminlərə atılan böhtanlar ümumiyyətlə məlumatsız insanların ağlında şübhə yaratmaq məqsədi daşıyır. Buna görə də, Allaha iman edən insanlar haqqında deyilən pis sözlər, atılan iftira və yalanlarla qarşılaşdıqda, vəziyyətin əslini bilməyən insanlar səmimi şəkildə müsbət düşünməlidirlər.

Allah, keçmişdə yaşamış müsəlmanları bu mövzuda bir örnək verərək xəbərdar edir. Peyğəmbərimizin zövcələrindən birinə atılan böhtan qarşısında möminlərin göstərməli olduğu münasibət Quranda bu şəkildə açıqlanır:

Kaş onu (iftiranı) eşitdiyiniz zaman mömin kişi və qadınlar qəlbində yaxşı şeylər düşünərək: “Bu, açıq-aydın bir iftiradır!” – desəydilər. (Nur surəsi, 12)