Möminlər üçün Allaha səmimi-qəlbdən iman etməyən, Allahın qoyduğu sərhədləri tanımayan və Ondan qorxub çəkinməyən insanlar həqiqi dost ola bilməzlər. Əlbəttə, belə insanlarla da qarşılıqlı hörmət çərçivəsində yaxşı münasibətlər qurmaq mümkündür, lakin onlarla yaxın dostluq əlaqəsi yaratmaq mümkün olmaz. Allahın dostluğunu, sevgisini və razılığını qazanmaq istəyən bir mömin, təbii olaraq, Allahın dost tutduqlarını özünə dost qəbul edər. Bunun əksinə olan davranışın Allahın dostluğunu və razılığını itirməsinə səbəb ola biləcəyini bilər. Allah möminləri belə bir davranışdan çəkindirərək buyurur:
Ey iman edənlər, möminləri qoyub inkar edənləri dost tutmayın! (Bunu edərək) öz əleyhinizə, Allaha açıq bir dəlilmi vermək istəyirsiniz? (Nisa surəsi, 144)
Bununla yanaşı, iman etməmiş insanlarla möhkəm və etibarlı dostluq qurmaq praktik baxımdan da mümkün deyil. Əvvəla, bu insanların böyük əksəriyyəti etibarlı olmaz. Şəxsi mənafeləri, nəfsi və təkəbbürü ilə ziddiyyət təşkil etdiyi üçün Allahın ayələrindən üz döndərən, Allahın dostluğunu itirməyi qəbul edən bir insanın hər hansı bir dostluqda sədaqətli və vəfalı olması gözlənilə bilməz. Öz maraqları ilə toqquşduğu bir vəziyyətdə dost olduğunu iddia etdiyi insanı da tərəddüd etmədən tərk edə bilər. Hətta mənafeyi tələb etdikdə ona xəyanət etməkdən belə çəkinməz.
İnkarçılar həqiqi mənada fədakarlıq göstərə bilməzlər. Çünki onların bütün həyat anlayışı və düşüncə sistemi eqoizm üzərində qurulmuşdur. “Dostum” dedikləri insanın axirətdəki vəziyyətini düşünməz, onu cəhənnəmdən uzaqlaşdıracaq şəkildə yaxşılığı əmr edib pislikdən çəkindirməzlər. Bir sözlə, həqiqi dostluğun tələb etdiyi xüsusiyyətlərə sahib olmazlar. Allah Quranda belə buyurur:
Ey iman edənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz və sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri də ağızlarından (çıxan sözlərdən) aşkar olur. Qəlbində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik. (Ali İmran surəsi, 118)

