Möminlər qəzəblənirlərmi?

Möminlər təbii olaraq, hər bir insan kimi, müxtəlif hadisələr qarşısında daxilən qəzəb hissi keçirə bilərlər. Lakin möminlərin üstün əxlaqının ən mühüm göstəricilərindən biri qəzəblərini udmalarıdır. Onlar nəzarətsiz qəzəbin özlərinə heç bir fayda verməyəcəyini, əksinə, qəzəbləndikləri zaman ağıllı davrana bilməyəcəklərini və ədaləti qoruya bilməyəcəklərini bilirlər. Belə bir vəziyyətdə həm özlərinə, həm də ətrafdakılara zərər verə biləcək yanlış qərarlar qəbul etməkdən çəkinirlər. Ən əsası isə Allahın belə bir davranışdan razı qalmayacağını bildikləri üçün Onun razı olmayacağı bir rəftardan uzaq dururlar. Məhz buna görə də möminlər səbirli davranır və bağışlayıcı bir mövqe nümayiş etdirirlər. Allah Quranda möminlərin bu xüsusiyyətini belə tərifləyir:

O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər. (Ali İmran surəsi, 134)

Lakin “qəzəbi udmaq” passiv, susqun və hər şeyi qəbul edən bir davranış kimi başa düşülməməlidir. Əlbəttə, möminlər hadisələr qarşısında lazımi tədbirləri görür, pis bir davranış və ya inananlara zərər verə biləcək bir mühit varsa, buna dərhal mane olurlar. Ancaq bunu edərkən duyğularına qapılmır, əksinə, ağılla hərəkət edərək düzgün həll yolları tapır, qarşı tərəfi düşdüyü səhv vəziyyətdən çıxarmağa, ona doğru olanı göstərməyə və zərərli mühiti dəyişdirməyə çalışırlar.