Möminlər hadisələr qarşısında kədərlənməzlər. Çünki Allahın yaratdığı hər bir hadisə ilə onları sınağa çəkdiyini bilirlər. Zahirdə yolunda getmirmiş kimi görünən hadisələr qarşısında da təvəkküllə davranır və səbir edirlər. Allahın hər şeyi bir hikmətlə yaratdığını unutmurlar. Quranda bu mövzu ilə bağlı belə bir nümunə verilir:
Əgər siz ona (elçiyə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, – deyirdi … (Tövbə surəsi, 40)
Ayədən göründüyü kimi, Peyğəmbərimiz (s.ə.v) ən çətin görünən bir vəziyyətdə belə yoldaşına kədərlənməməsini tövsiyə etmişdir. Möminlər üçün ən gözəl nümunə peyğəmbər əxlaqı olduğu üçün, onlar da çətin şəraitlərdə bu gözəl davranışı tətbiq edirlər.
Möminlərin kədərlənməmələrinin ən mühüm səbəblərindən biri də Allahın yaratdığı hər bir hadisənin onların xeyrinə nəticələnəcəyini bilmələridir. Allah iman gətirən insanlara dünyada gözəl bir həyat vəd etmişdir. Bu gözəl həyat daxilində ömürlərini davam etdirən möminlər Allahın onları axirətdə də sonsuza qədər, nemətlərin tükənmədiyi, dünyadakından qat-qat gözəl və mükəmməl bir məkana yerləşdirəcəyini ümid edirlər. Şübhəsiz ki, bu, insan üçün ən böyük müjdələrdən biridir və ən böyük sevinc mənbəyidir. Buna görə də möminlər heç vaxt kədərlənməzlər. Allah möminləri belə müjdələmişdir:
“Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Biz həm dünyada, həm də axirətdə sizin dostlarınızıq. Orada sizin üçün ürəyinizin istədiyi hər şey vardır. İstədiyiniz hər şey orada hazırlanmışdır, (Fussilət surəsi, 30-31)

