Hər bir ana ətrafındakı təhlükələrdən tamamilə xəbərsiz və müdafiəsiz körpəsinə dərin şəfqət hissi duyur. Allah insanlara dünyaya gəldikləri andan etibarən qorunmaq üçün anaların ürəyinə şəfqət hissi ilham edir. İnsandakı bu şəfqət hissi Allahın Rəhman və Rəhim isminin təcəllisidir.
Allah anaların övladlarına qarşı hiss etdikləri bu dərin şəfqət hissini heyvanlarda da eyni şəkildə yaratmışdır. Heyvanların balalarını müdafiə etmək üçün göstərdikləri fədakarlıqları insanlar təəccüblə izləyir. Əlbəttə ki, Allah heyvanların bu davranışlarında insanlar üçün ibrətlər və nümunələr yaratmışdır.
Allahın insanların qəlbinə ilham etdiyi bu şəfqət hissinin bir çox hikməti var. Həyata gözlərini açdığı andan etibarən yaşayacağı dünya haqqında heç bir məlumatı olmayan, yaxşını-pisi, doğrunu-yanlışı, rahatlığı və təhlükəni bilməyən, özünü qorumağa acizlik çəkən, ehtiyaclarından və bunları necə həll edəcəyindən bixəbər olan bir varlığı, Allah ana şəfqətini vəsilə edərək qoruyur.
İnsanların bir-birlərinə qarşı münasibətlərində də ana şəfqəti ölçü və nümunə olmalıdır. Bir ana müdafiəsiz körpəsinə daim diqqət və şəfqət göstərirsə və onu özbaşına buraxmırsa, hər an, hər yerdə üstünlüyü mütləq körpəsinə verirsə, ideal şəfqət anlayışında da məhz bu davranış əsas götürülməlidir. Ana heç bir mənfəət gözləmədən uşağına qarşı fədakarlıq edir, nə olursa olsun uşağının rahatlığını, güvənini və ehtiyaclarını özününkündən üstün tutur. Məhz insanlar da bir-birlərinə qarşı belə şəfqətlə yanaşmalıdırlar. Ana nə qədər yorğun, yuxusuz, gücsüz, xəstə olsa da, şəfqət və qayğısını əksiltmirsə, insanlar arasındakı mərhəmət də eynilə bu dərəcədə olmalıdır.
Ancaq, əlbəttə ki, belə güclü şəfqət anlayışını yalnız Allah qorxusu ilə qazanmaq olar. Allah uşaqların qorunması üçün anaya bu şəfqət hissini ilham edərək onlarla necə davranacağını bildirir. Ancaq bir insan şəfqət anlayışını həyatı boyu davam etdirmək üçün mütləq Allahdan qorxmalı, Quran əxlaqına tabe olmalıdır.

