Möminin ən mühüm xüsusiyyətlərindən biri səbirdir. Lakin Qurandan öyrəndiyimiz səbir yalnız qarşılaşılan çətinlik anlarında dözümlülük göstərmək demək deyil. Mömin ömrü boyu qarşılaşdığı hər vəziyyətdə, hər an Allahı ən çox razı edəcəyi düşünülən davranışı seçməkdə səbir göstərir.
Allah möminləri aclıq, qorxu, canlarından və mallarından azalma, bolluq kimi müxtəlif hallarla sınağa çəkir. Quranda təsvir edilən mömin isə hansı vəziyyətdə olursa olsun, Allahın razılığını səbir və əzm ilə axtarır. Bolluqda Allaha şükür edir, darlıq və çətinlik anlarında Allaha təvəkkül edir, dinin və möminlərin mənafeyi onun üçün hər zaman şəxsi mənafeyindən üstün olur. Ömrü boyu gözəl əxlaqın bütün incəliklərini səbir və davamlılıqla tətbiq edir. Səmimidir, dürüstdür, fədakardır, çalışqandır, həvəslidir, hər zaman ən gözəl sözü söyləyir, daim dinə xidmət etməyə çalışır. Qısacası, Uca Allahın gözəl saydığı hər şeyi səbir və iradə ilə həyata keçirir. Bunun qarşılığında Allah səbir edən qullarını belə müjdələmişdir:
Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər. Onları Rəbbi tərəfindən məğfirət və rəhmət gözləyir. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 155-157)

