Sevgi Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. Hər insan həyatı boyu çox sevdiyi, güvəndiyi, yaxın hiss etdiyi insanlarla birlikdə olmaq istəyir. Allahın verdiyi nemətlərin əksəriyyəti əsl dəyərini həqiqi sevgilərin və dostluqların yaşandığı mühitlərdə tapır. Məsələn, gözəl mənzərələrdən zövq alan bir insan hiss etdiyi həyəcanı sevdiyi insanla bölüşmək istəyir. Eynilə ən möhtəşəm ziyafət süfrəsi və ya ən gözəl, ən dəbdəbəli ev belə tənha olan insana çox da cəlbedici görünməyə bilər. Çünki Allah insan fitrətini sevib-sevilməkdən zövq alacaq, dostluqdan və yaxınlıqdan xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluq və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətlərdən daha artıq zövq verir.
Bu səbəbdən, Allahın sevdiyi və razı olduğu qullarına vəd etdiyi cənnət həqiqi sevginin, dostluğun və yaxınlığın son ana qədər böyük coşğu ilə yaşanacağı qeyri-adi gözəlliklərə malik olan yerdir. Allahın Quranda cənnət həyatına aid verdiyi xəbərlərdə həmişə sevinc, dostluq, sevgi, məhəbbət, gözəl söz və rahatlıqdan bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq edilmişdir. Məsələn, Allah bir ayəsində cənnətə gedəcək möminlərin qəlbində kin-küdurətdən nə varsa, hamısının çıxarılacağını bildirmişdir. (Əraf surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, qəzəb, paxıllıq, laqeydlik kimi sevgiyə və dostluğa mane olan bütün pis xüsusiyyətlər cənnətdən kənarda qalacaqdır.
Cənnətdə yaşayacaq müsəlmanların mühüm xüsusiyyətlərindən biri onların dünya həyatında ikən bütün peyğəmbərləri, Allaha iman gətirən, səy göstərən hər bir saleh insanı və keçmişdə yaşamış bütün müsəlmanları çox sevmələridir. İman edənlər Allahın rizasını qazanmaq üçün çalışan bütün saleh möminlərlə yaxınlıq edir, onları özlərinə yaxın dost və hami hesab edirlər. Hər hansı bir işdə qeyd-şərtsiz onlarla birlikdə olmaqdan böyük zövq alırlar, bütün müsəlmanlara sədaqətlə bağlıdırlar. Allah möminlərin qəlblərindəki imandan, Allah qorxusundan qaynaqlanan bu gözəl sevginin və Rəbbimizə ürəkdən bağlılıqlarının əvəzində onları sevginin və sədaqətin ən gözəl məkanı olan cənnətlə mükafatlandıracaqdır.

