Sədaqət anlayışı Quran əxlaqından uzaq yaşayan insanların tamamilə yanlış və səhv dəyərləndirdikləri, hətta bəzilərinin həqiqi mənasını heç bilmədikləri və yaşamadıqları bir xüsusiyyətdir. Hər mövzuda olduğu kimi, sədaqət mövzusunda da iman gətirənlərlə inkar edənlər arasında böyük anlayış fərqi var. Cahil cəmiyyətdəki sədaqət anlayışını “insanın sevdiyi və yaxın bildiyi, ya da mənfəət umduğu insanlara bağlanması, hansı şərtlər altında olursa-olsun, tamamilə o insanların əmr və arzularını yerinə yetirməsi” kimi açıqlaya bilərik. Cahillik inanclarını mənimsəyən insanların sədaqət anlayışı həqiqi mahiyətindən uzaqlaşıb və müxtəlif dünyəvi mənfəətlərlə əlaqələndirilən sədaqət növünə çevrilib.
İnkar edənlər Allaha iman gətirmədikləri və Onun ucalığını layiqincə təqdir edə bilmədikləri üçün Allaha sədaqət göstərmək şərəfindən də məhrum qalırlar. Allaha sədaqət göstərərək yaşayarlarsa, dünyəvi zövq və ehtiraslarından məhrum qalacaqlarını düşünür, Allaha bağlanmaqdan və Ona sadiq qalmaqdan çəkinirlər. Halbuki, Allah səmimi qəlblə Ona bağlanan sadiq qulları üçün dünyada və axirətdə nemətlərin və zövqlərin ən gözəllərinin olduğunu bildirib. Ancaq inkar edənlər bu həqiqətin şüurunda deyillər.
Bunun yerinə, inkar edənlər fərqli yöndən dərin sədaqət hissi içərisindədirlər. Bu sədaqət iman gətirməyən insanların nəfslərinə və şeytana qarşı göstərdikləri sədaqətdir. Şeytanın və nəfsin istəklərinə qapılan bu insanlar həyatları boyu bu iki aldadıcıya sadiq qalırlar. Onları addım-addım izləyirlər. Halbuki, şeytana və nəfsə göstərilən sədaqətin axirətdəki qarşılığı əbədi əzabdır.

