Həyat bir göz qırpımında keçib gedir. Bir də baxırsan ki, iyirmi yaşındasan, bir də ayılırsanki yaşın qırxı ötüb keçib. Ən sonda ayılırsan ki, ölümün beşiyindəsən… Günlər sürətlə keçib gedərkən ölüm insanın heç təsəvvür etmədiyi bir zamanda onu yaxalayır, insan yalqız, kimsəsiz, bütün tanışlarını, dostlarını arxasında buraxaraq məzara qoyulur. Dünyanın ən zəngin adamı da olsa, ən məşhur bir sənətçi, alim, sarayları, köşkləri olsa da yenə bu həqiqət dəyişmir. İnsan öləndə mütləq ölüm mələkləri ilə qarşılaşır, onlara təslim olur və çürüməyə hazırlaşan bədəni məzara qoyulur.
60-70 il qaçaqaçla keçən ömür ən sonda tükənib məzarda sonlanır. Bəs bu insanın məzarından dünyadakı həyatına bir an dönüb baxanda nə görəcək? Bir də baxacaq ki, o çox dəyər verdiyi, səy göstərərək əldə etdiyi evində hal-hazırda başqaları yaşayır. Evinin salonunda başqa insanların şəkilləri var. Çox bəyənərək aldığı paltarlarını, maşınını, ləl-cəvahiratını indi başqaları istifadə edir. Əşyaları paylanıb, ona aid demək olar ki, heç nə qalmayıb.
Ömrü boyunca əmək sərf edib qurduğu, hər gün saatlarla çalışdığı iş yerində hal-hazırda başqaları dayanmadan çalışır. Onlara yaxınlaşıb ölümün çox yaxın, dünya həyatının keçici olduğundan danışmaq istəyir, amma bir kəlmə belə deyə bilmir. İş yerindəki insanlar hamısı birlikdə gülür, iclas keçirir, pul qazanmaq üçün cəhd edirlər. Dünyadakılar belə vaxt itirərkən məzardakı insan bilir ki, bunların hamısı boş işlərdir. İnsan axirətə heç nə apara bilməz. İstəsə, dünyada böyük sərvət yığsın, qızılları banklara qoysun, birjada səhmlər toplasın hamısı boşdur. Bu dünyadan axirətə heç nə, adicə bir kəfən belə apara bilməz.
Eyni insan məzarından bir də dünyadakı ailəsinə, övladlarına və dostlarına baxır. Birinin ölüm döşəyində olduğunu, birinin qocalıb xəstəliklə mübarizə apardığını, birinin də çoxdan yanındakı məzarda yatdığını görür. Birlikdə keçirdikləri uzun illər bitmiş, birlikdə yeyib-içib, söhbət edib, birlikdə çalışıb bir yerdə vaxt keçiriblər, amma indi ətrafına baxır və onların heç birini yanında görmür.
Yalqız məzarda yatarkən yanında sadəcə Allahı görür. Allah Ənam surəsində bu vəziyyəti belə bildirir:
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (ilahlar) isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)
Məzarından dünyadakı həyatına baxan insan əgər ömrü boyunca iman gətirməyibsə, onu yaradan Rəbbinə yönəlməyibsə, ibadətlərdən üz çevirib şeytanın ardınca gedibsə, məhz onda çox peşman olub. Dünyada qüruru, təkəbbürü acizliyə, çarəsizliyə çevrilib. Çox dəyər verdiyi bədəninin gözəlliyi itib, yaşlanıb və kiçik məzarın içinə qoyulub. Dünyada o malları yığmaq üçün çəkdiyi çətinliklər, sıxıntılar, bunları qazanmaq üçün insanların razılığını güdməsi, onlara güzəşt etməsi, bir sözlə etdiyi hər şeyin qarşılığı boşdur, yoxdur. Hal-hazırda əlində-ovcunda qalmayıb. Bu qədər yersiz mübarizənin qarşılığı sonsuz cəhənnəm həyatıdır:
Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları (günahlara) görə məhvə məhkum olanlardır. İnkarçı olduqlarına görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır. (Ənam surəsi, 70)
İndi məzarından dünyadakı həyatına baxan insan belə deyəcəkdir:
“Rəbbim, mən nə qədər ağılsız imişəm, necə də dünyaya aludə olmuşam. Necə heç düşünmədən, Sənin yaratdığın nemətləri görmədən və şükür etmədən oyuna, əyləncəyə başımı qatıb şeytanın ardınca sürüklənmişəm. Mənə göndərdiyin Qurana bircə dəfə belə maraq duyub onu açmamışam, içində sadəcə mənim üçün göndərdiyin minlərlə ayədən üz çevirmişəm. İndi baxıram ki, hal-hazırda dünyada o qədər dəyər verdiyim, mənə hər mövzuda kömək edən dostlarımdan biri belə yanımda yoxdur, övladlarım, həyat yoldaşım, qardaş-bacılarım yoxdur. Sadəcə yanımda Sən varsan, Rəbbim. Bu əyləncəli, göz boyayan dünyanın sonu sonsuz cənnət və cəhənnəm imiş. Amma mən bunu görməmişəm, əsl həyat ölümlə başlayırmış, ancaq mən bunu başa düşməmişəm.”
İnkar edən bu insan sözlərinə belə davam edir: “Hal-hazırda hiss etdiyim peşmanlığı izah etmək mümkün deyil, Rəbbim məni geri qaytar, salehlərdən olum, Sənin razı olduğun bəndələrindən olum!”
Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, inkarçı isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (Nəbə surəsi, 40)
Bütün həyatını iman gətirərək keçirən mömin də məzarından dünyadakı həyatına baxar. Artıq onun üçün sonsuz nemətlərlə dolu möhtəşəm, gözəl cənnət hazırlanıb. Dünya həyatında Allah üçün sərf etdiyi malının, mülkünün ən gözəl qarşılığını cənnətdə tapacaq. Əgər həyat yoldaşı, ailəsi, dostları iman gətirmişdilərsə, indi hamısı yanında qarşılıqlı taxtlara söykənib deyib gülür, əylənirlər. Bütün həyatını Allahın razılığı üçün keçirdiyinə görə Ədn cənnətini qazanıb.
Möminlər cənnətdə heç gözləmədikləri gözəlliklərlə qarşılaşarkən və nemətlər içində olarkən iman gətirməyənlər isə tək damla suya belə möhtac olacaq. Budur, ağılla, imanlı və şüurlu keçən bir ömrün sonu cənnət, ağılsız, imansız, şüursuz keçən bir ömrün sonu isə cəhənnəmdir. Heç kim həqiqəti məzara gələndə öyrənənlərdən olmasın, heç kim qayıdışı olmayan qapıdan keçəndə bu həqiqəti məhz onda anlamasın…
(O gün) məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar. (Muminun surəsi, 102-103)

