İnsan gün ərzində xoşuna gələn və ya gəlməyən hadisələrlə rastlaşır. İnsanların əksəriyyəti bu hadisələr üzərində lazım gəldiyi qədər düşünür və həyatına davam edir. Ancaq bəzi insanlar da vardır ki, baş verən hadisələri, aparılan danışıqları asanlıqla unuda bilmir və üzərində saatlarla araşdırmalar aparırlar. Hadisələrə verilən reaksiyanı, göstərilən davranışları, aralarında keçən danışıqları yetərli və açıqlayıcı hesab etmir; sonradan həmin mövzulara qayıdıb lazımlı insanlardan əsaslı şəkildə məlumat alaraq hadisənin baş vermə səbəbini dəqiqləşdirmək istəyirlər. Ondan sonra da, gün ərzində yenə həmin mövzu ətrafında düşünürlər. Ətraflı şəkildə hadisələri düşünür və edilən danışıqları tək- tək, təkrar- təkrar ağıllarından keçirərək özləri üçün lazımlı nəticəyə gəlirlər. Əslində isə, həmin mövzu o gün, o saatda yaşanıb bitmişdir. Ancaq bu insanlar nədənsə daxildə rahat olmurlar. “Elə deyil, belə söyləsəydim”, “Mövzu ətrafında lazımınca məlumat verə bilmədim, daha çox detal verə bilsəydim”, “O, sözləri ilə nə demək istədiyini daha aydın şəkildə ifadə etməsini istəsəydim”, “Etdiyi hərəkətin nə mənaya gəldiyini qarşı- qarşıya oturub danışsaydıq” kimi ardı- arası kəsilməyən lazımsız düşüncələrlə yaşadıqları hadislər üzərində dərin təhlillər aparırlar.
Bəhs etdiyimiz insanların belə davranmalarının bir səbəbi də, qarşılarındakı insanlarla aradalarında olan mövzunu ətraflı araşdırdıqda istədikləri nəticəyə gələcəklərinə inanmalarıdır. Bu səbəbdən də, söhbətin yarımçıq qalmasından, nəticələndirilməməsindən, hadisənin səbəbinin aydınlaşdırılmamasından ciddi şəkildə narahat olurlar.
Halbuki hadisəyə bu tərzdə yanaşılması yanlışdır. Əlbəttə ki, bəzi insanların mövzu üzərində çox dayanmadan ötüb keçmələri də bəzən problem yarada bilir. Məsələn, bir insan öz dostundan maşınını müvəqqəti olaraq alıb, daha sonra həmin maşınla qəza törədirsə mütləq bunun səbəbini açıqlamalıdır. Əks təqdirdə, dostluğa, səmimiyyətə, dürüstülüyə uyğun olmayan hərəkət etmiş olacaq.

