Merac möcüzəsi

Merac möcüzəsi

Ərəb dilində “yuxarı çıxmaq, yüksəlmək” mənasını verən merac Peyğəmbərimizin (s) böyük möcüzələrindən biridir. Qurani-Kərimin “İsra”“Nəcm” surələrində Peyğəmbərimizin (s) möcüzəvi şəkildə Məscidül Əqsaya etdiyi gecə səyahəti və “Sidrətul müntəha”ya* yüksəlişi barədə xəbər verilmişdir.

“İsra” sözünün ərəb dilindəki lüğəti mənası “gecə səyahəti və ya gecə yürüşü”dür. Uca Allah Sevimli Peyğəmbərimizin (s) möcüzəvi səyahətini “İsra” surəsinin ilk ayəsində belə bildirmişdir:

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidül Həramdan ətrafını mübarək etdiyimiz Məscidül Əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da eşidəndir, görəndir!” (“İsra” surəsi, 1).

“Əqsa” sözünün ərəb dilindəki mənası “uzaq, ən uzaq”dır. Məlum olduğu kimi, Məscidül-Həram Məkkədə, Məscidül-Əqsa isə Qüdsdədir. Bu iki yer arasındakı məsafə isə təxminən 1235 km.-dir. Sözügedən möcüzə baş verəndə Peyğəmbərimiz (s) Məkkədə idi. Allah Rəsulu (s) bu möcüzə ilə Məkkədən Qüdsdəki Məscidül-Əqsaya aparılıb.

Merac hadisəsi ilə bağlı Quranda verilən məlumatlardan biri də Peyğəmbərimizin (s) Sidrətül-müntəhaya yüksəldilməsidir. “Nəcm” surəsində bu möcüzə belə bildirilir:

“And olsun ki, başqa bir dəfə də görmüşdü; Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə yayındı, nə də uzağa getdi. And olsun ki, o, öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü” (“Nəcm” surəsi, 13-18).