Ərəb dilində “yuxarı çıxmaq, yüksəlmək” mənasını verən merac Peyğəmbərimizin (s) böyük möcüzələrindən biridir. Quranda “İsra” və “Nəcm” surələrində Peyğəmbərimizin (s) möcüzəvi şəkildə Məscidül Əqsaya etdiyi gecə səyahəti və “Sidrətul müntəha”ya yüksəlişi barədə xəbər verilmişdir.
“İsra” sözünün ərəb dilindəki lüğəti mənası “gecə səyahəti və ya gecə yürüşü”dür. Uca Allah Sevimli Peyğəmbərimizin (s) möcüzəvi səyahətini “İsra” surəsinin ilk ayəsində belə bildirmişdir:
“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidül həramdan ətrafını mübarək etdiyimiz Məscidül Əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da eşidəndir, görəndir!” (İsra surəsi, 1).
“Əqsa” sözünün ərəb dilindəki mənası “uzaq, ən uzaq”dır. Məlum olduğu kimi, Məscidül-həram Məkkədə, Məscidül-Əqsa isə Qüdsdədir. Bu iki yer arasındakı məsafə isə təxminən 1235 km.-dir. Sözügedən möcüzə baş verəndə Peyğəmbərimiz (s) Məkkədə idi. Allah Rəsulu (s) bu möcüzə ilə Məkkədən Qüdsdəki Məscidül-Əqsaya aparılıb.
Merac hadisəsi ilə bağlı Quranda verilən məlumatlardan biri də Peyğəmbərimizin (s) Sidrətül-müntəhaya yüksəldilməsidir. “Nəcm” surəsində bu möcüzə belə bildirilir:
“And olsun ki, başqa bir dəfə də görmüşdü; Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə yayındı, nə də uzağa getdi. And olsun ki, o, öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü” (Nəcm surəsi, 13-18).
Merac hadisəsi Uca Allahın sevimli Peyğəmbərimiz Hz. Məhəmmədə (s) nəsib etdiyi çox böyük bir möcüzəsidir. Rəbbimizin Peyğəmbərimizə (s) iman gətirməyənlər qarşısında verdiyi üstün bir dəlilidir. Rəbbimizin Peyğəmbərimiz Hz. Məhəmmədə (s) göstərdiyi möcüzələrin hər biri yalnız Allahın istəyi ilə, Allahın istədiyi şəkildə və vaxtda, hansısa səbəblərə bağlı olmadan yaradılmışdır. Bu möcüzələrin hər biri iman gətirənlərin imanını daha da gücləndirən çox böyük müjdələrdir.
I … Allah peyğəmbərimiz (s.ə.v)-ə Meracda hz. Mehdi (ə.s)-ı göstərmiş və Mehdi (ə.s)-ı sevdiyini bildirmişdir.
Abdullah ibn Ömər ibn Xəttabdan: Rəsulullah (s.ə.v) belə buyurdu:
“Merac gecəsi Allah əzzə və cəllə mənə belə vəhy etdi: “Ey Məhəmməd! Onları görmək istərsənmi?”. “İstəyərəm ya Rəbbim!” dedim.
Belə buyurdu: “Elə isə bir az irəlilə.” Bir az irəliləyincə Əli ibn Əbu Talibi gördüm. Sonra Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və HÜCCƏTİ QAİMİ GÖRDÜM. MEHDİ ONLARIN İÇİNDƏ PARLAYAN ULDUZ KİMİ İDİ.
Dedim ki: “Ey Rəbbim! Kimdir bunlar?”
Belə buyurdu: “Onlar imamlardır. BU DA QAİM (QİYAM EDİCİ) DİR. Halalımı halal edəcək, haramımı isə haram edəcək. Düşmənlərimdən də intiqam alacaq. EY MƏHƏMMƏD, ONU SEV, ÇÜNKİ, MƏN ONU SEVİRƏM, ONU SEVƏNİ DƏ SEVİRƏM.”
(Şeyx Məhəmməd ibn İbrahimi Numanı, Qaybeti Numani, səh. 97)

