Bir insanın İslam əxlaqına yiyələnməsi ancaq Quran əxlaqını qüsursuz yaşaması ilə mümkündür. Bəzi insanlar isə müəyyən zamanlarda Quran əxlaqını yaşayıb, bəzi zamanlarda isə nəfsinin istəklərinə uyaraq İslam əxlaqını yaşadıqlarını zənn edirlər. Halbuki, bu bir aldatmadır. Quran ayəsində bəzi insanların Allaha şübhə ilə ibadət etdikləri bildirilmişdir:
İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib qayıdar. O, dünyanı da itirər, axirəti də. Həqiqi zərər də elə budur. (Həcc surəsi, 11)
Cahil məntiq düşüncələrinə görə din yaşamağı düşünənlər bu ayənin üzərində dərin düşünməli və məntiq dininin səhv olduğunu dərk etməlidirlər.
Öz məntiqləri ilə din əxlaqı meydana gətirənlərin əsas xüsusiyyətlərindən biri İslamın hökmlərini və Quran əxlaqını yalnız mənfəətləri ilə uyğun olduğu zaman yaşamalarıdır. Bu azğın inanca görə, namaz qılmaq, zəkat vermək, oruc tutmaq, zəkat vermək, səbir etmək, təvəkküllü olmaq, bağışlamaq, mülayim olmaq, ehtiyac içində olanları qorumaq ancaq mənfəətlərinə qarşı olmayanda tətbiq oluna bilər. Əgər cəmiyyətdə təqdir görüləcəksə, “Çox yaxşı insandır”, – deyiləcəksə, bu ibadətlərin və gözəl əxlaq xüsusiyyətlərinin edilməsində bir problem görməzlər. Hətta mümkün olduqca çox təriflənmək üçün müsbət davranışlar göstərərlər. Ancaq hər hansı bir şəkildə cəmiyyətdən mənfi reaksiya görəcəklərini düşünəndə sanki bu dini məsuliyyətlərdən heç xəbəri yoxmuş kimi davranarlar.
Bu məntiqin kökündə, şübhəsiz ki, bu insanların Allahın şanını lazımi kimi təqdir edə bilməmələri və axirətin varlığına da qəlbən iman gətirməmələri durur. Çünki bu insanlar həyatının bir hissəsini Quran əxlaqını yaşamağa ayırır, qalan hissəsini isə dünya həyatını yaşamağa həsr edirlər. Bəzən elə bir vəziyyət yaranır ki, günün demək olar ki, 23 saatı din əxlaqından uzaq keçirərkən, din əxlaqını yaşamağa bir saat ayrılır. Hətta çox vaxt bir saatın ayrılması belə çox görülür.
Buna bənzər bir vəziyyət Allah yolunda infaq etmək lazım olduğunda da ortaya çıxır. Ümumiyyətlə, bu insanlar dünyəvi dəyərlərə çox əhəmiyyət verirlər. Bəzən kasıblara sədəqə verməyi, müəyyən dövrlərdə ehtiyac içində olanlara yardım etməyi yetərli görürlər. Əlbəttə, bunlar gözəl və təşviq edilməli davranışlardır. Ancaq bu insanların sədəqə verərkən, ya da kömək edərkən əsl məqsədləri, əsasən, cəmiyyət tərəfindən təqdir edilmək, xeyirxah, xeyriyyəçi adını qazanmaqdır.
Məntiq dinini yaşayanların ən böyük səhvlərindən biri isə bütün bu yanlış və azğın inanclara baxmayaraq, özlərinin İslam əxlaqını yaşadıqlarını düşünmələridir. Halbuki, əsl İslam əxlaqının bu şəxslərin həyatı, dünyagörüşü və məntiqi ilə heç bir əlaqəsi yoxdur.
Allah Quranda iman edənlərin bütün həyatının Allah rizasına uyğun olduğunu bildirmişdir. Saleh möminlər məktəbə gedəndə də, ticarətlə məşğul olanda da, vəzifə sahibi ikən də, bütün gün evdə olarkən də, xəstə və ya sağlam vaxtı da yalnız Rəbbimizin razılığı üçün yaşayarlar. Quran ayəsində bu şəkildə buyurulmuşdur:
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)
Ayədən açıq şəkildə aydın olduğu kimi, saleh möminlərin həyatında bir az Allah rizası üçün, bir az nəfs üçün kimi düşüncəyə əsla yer yoxdur. Etdikləri hər işdə Allahın razılığı, rəhməti və Cənnətini qazanma cəhdi vardır. Bir başqa ayədə isə iman gətirənlərin bu xüsusiyyətləri belə bildirilmişdir:
O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. (Nur surəsi, 37)
Saleh möminlər Allahdan səmimi qorxduqları üçün və axirətdə hesab verəcəklərini düşünərək etdikləri hər ibadəti ixlasla yerinə yetirməyə cəhd göstərərlər. Allahın razılığının ən çoxunu qazanmaq üçün bütün imkanlarını səfərbər edərlər. Həyatının heç bir anında dünya dəyərlərini itirəcəklərindən qorxmazlar. Allaha qəlbən təslim olub, yalnız Allah üçün yaşayarlar.
Din əxlaqını yaşamaq üçün öz nəfsinə uyğun olanı seçməz, Allahın əmr etdiyi şəkildə yaşayarlar. Allahdan qorxduqları üçün pis iş görməkdən çəkinər, yaxşı işlərdə bir-birləri ilə yarışarlar. Əgər bir insan din əxlaqının hökmlərini yaşamağı batil adət-ənənələri və ya vərdişləri ucbatından məntiqinə uyğun görməsə nə baş verər? O zaman din əxlaqını yaşamayacaqmı? Əlbəttə, möminlər üçün belə vəziyyət əsla mümkün deyil. Möminlər nə olursa olsun, din əxlaqını yaşayarlar. Rəbbimizin Quranda əmr etdiyi və Peyğəmbərimizin həyatı boyu yaşadığı əxlaq da budur. Bu, əsl İslam əxlaqıdır. Sevimli Peyğəmbərimizin yoluna tabe olan bütün müsəlmanların əxlaqı İslam əxlaqı olmalıdır.
Peyğəmbərimiz Allah qatında seçilmiş, şərəfli və mübarək bir insandır. Həyatı boyu Rəbbimizin vəhyini təbliğ etmək və insanları haqqa dəvət etmək üçün böyük və nümunəvi mübarizə aparmışdır. Peyğəmbərimizin iman etməyənlərə və müşriklərə qarşı apardığı mübarizə ilə yanaşı, özünü müsəlman olaraq xarakterizə edən, ancaq İslam əxlaqını yaşamayanlara qarşı da böyük bir mübarizəsi olmuşdur. Bu insanlar hz. Məhəmmədə vəhy edilən haqq din əxlaqını yaşamaq yerinə, öz batil adət-ənənələri ilə qarışıq, mənfəətlərinin heç bir zərərə uğramadığı cahil bir din anlayışı yaratmağa çalışmışlar. Yanlış məntiqlərinin məhsulu olan bu anlayışı yaşamaq üçün bir çox bəhanə və yalan uydurmuşlar. Firqələrin (məzhəb və təriqətlərin) yaranma səbəbi də məhz budur.
Məlumdur ki, Peyğəmbərimizin dövründə iman etməyənlərlə və müşriklərlə müxtəlif döyüşlər olmuş, Allah Peyğəmbərimizə və saleh möminlərə böyük zəfərlər nəsib etmişdir. Döyüşlər, müşriklərin təzyiqi və s. kimi görünən çətin şərait, məntiq dininə görə yaşayanların əsl simalarını ortaya çıxarmışdır. Məsələn, müsəlmanların üzərində müşriklərin təzyiqinin artdığı zaman bu düşüncəyə malik olan insanlar saleh möminlərə də təlqinlər etməyə cəhd etmiş, mənfəətlərini qarşıya qoyaraq mübarizədən qaçmışlar. Bir ayədə belə buyurulur:
Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki, evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13)
Bir başqa ayədə isə bu şəxslərin Peyğəmbərimizlə birlikdə döyüşməyə çağırıldıqda döyüşə bilmədiklərini qarşıya qoyduqları bildirilir:
… Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud müdafiədə durun!”– deyildi. Onlar: “Döyüşməyi bilsəydik, sizin ardınızca gedərdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali İmran surəsi, 167)
Gördüyümüz kimi, məntiq dininə görə, çətinlik meydana gəldiyi zaman maddi dəyərlərin zərər görməsi, həyat şəraitinin pozulması ehtimalı olduqda mənfəətlərin və nəfsin qorunması üstünlük təşkil edir. Yəni məktəb, iş, var-dövlət, mövqe, gələcək kimi mövzularda ən kiçik bir risk meydana gəldikdə Allahın razılığına görə deyil, fərdi mənfəətə görə davranılır. Rəbbimiz Peyğəmbərimizin dövründəki bu insanların dünya həyatı ilə əlaqədar mövzular olanda Peyğəmbərimizi buraxaraq o işlərə yönəldiklərini bu şəkildə bildirmişdir:
Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”. (Cümə surəsi, 11)
Rəbbimizin də bildirdiyi kimi, saleh möminlər üçün Allah qatında olanlar dünyəvi dəyərlərdən daha xeyirlidir. İman edənlər mallarını və canlarını Allah yolunda satmışlar. Allah yolunda xidmətlərində heç bir şərt güdməzlər. Bu, möminlərin sevinc və şərəf duyduqları bir vəziyyətdir. Çünki iman edənlər üçün əsas axirətdir. İnananlar dünya həyatının keçici məkan olduğunu, hər kəsin taledə təyin olunan vaxt gəldiyində öləcəyini və təkbaşına hesab verəcəyini bilir və buna görə hərəkət edirlər. Buna görə də, möminlərin yaşadıqları bu həyat bir-birləri ilə müjdələşmələrini tələb edən bir gözəllikdir. Uca Allah Quran ayəsində belə buyurmuşdur:
Doğrudan da, Allah möminlərdən Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu böyük uğurdur. (Tövbə surəsi, 111)

