“Mənim qəlbim təmizdir” məntiqi

İnsanların bir çoxunun özlərinə görə din anlayışı vardır

İnsanların bir çoxunun özlərinə görə din anlayışı vardır. Bunun səbəbi isə insanların yenə vicdanına tabe olmamaq üçün formalaşdırdığı müdafiə etmə mexanizmidir. Bir insan vicdan ilə doğrunun nə olduğunu bilir, amma nəfsi bir tərəfdən də onu səhv tərəfə çəkər. Məsələn, səhv əməl etməyə qərar verməkdə çətinlik çəkdiyi zaman dərhal nəfsi dövrəyə girər və müxtəlif bəhanələr irəli sürər. İnsan nəfsini dinləyərək özünü “guya” rahatlaşdırar və çox incə hesablar etməsinin lazım olmadığına, etdiyi şeyin çox bəsit olduğuna, bundan bir şey olmayacağına, ürəyinin onsuz da təmiz olduğuna, adam öldürmədikdən, oğurluq və fırıldaqçılıq kimi qanunsuz hadisələrə girişmədikdən, kimsənin malında-pulunda gözü olmadıqdan sonra yaxşı insan olduğuna özünü inandırar.

İnsanların çoxunun asanlıqla yalan söyləyə bilmələrinin, dedi-qodu etmələrinin, başqalarına lağ etmələrinin arxasında duran səbəb də budur. Hər hansı mövzuda yalan demək insanın vicdanına tamamilə ziddir. Ancaq bundan bir şey olmayacağına, bunların “günahsız yalanlar” olduğuna dair vicdanını razı etməyə çalışaraq zaman keçdikcə içindəki doğrunu söyləyən səsi boğar. Həm dinin tələb etdiyi ibadətləri və hökmləri yerinə yetirməz, həm dinin sahib olduğu əxlaq qaydalarına əməl etməz, həm də çox yaxşı insan olduğunu iddia edər. Bu, son dərəcə səmimiyyətsiz yanaşmadır.

Halbuki vicdana gərəyi kimi əməl edilmədiyi müddətcə insanın axirətdə yaxşı qarşılıq umması qeyri-mümkündür. İnsanların çoxu sahib olduğu “mənim qəlbim təmizdir” məntiqi ilə, “yaxşı adam” olaraq bilinə bilər, ancaq o adam axirətdə gözləmədiyi qarşılıq görə bilər. Çünki din əxlaqı insanlara yalnız adam öldürməmək, oğurluq etməməyi deyil, daha bir çox gözəl əməllər etməli olduğunu əmr edir. Hamısından əhəmiyyətlisi də, yalnız Allaha ibadət etməyi və onun üçün yaşamağı əmr etməsidir.

I Allah həqiqi “yaxşı insan”ları Quranda belə təsvir edir:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

İnsanların bir çoxu, özlərinə peyğəmbərləri və ya yuxarıdakı ayədə təsvir edilən “yaxşı insan” modelini nümunə götürəcəkləri yerdə, “dünya tarixində bu qədər zalım, mərhəmətsiz insan varkən mən onlarla eyni yerə layiq deyiləm” məntiqi ilə özlərini aldadarlar. Ancaq bu, məlumatsızlıqdan, Allahı və axirəti tanımamalarından qaynaqlanır.

Buna görə də, “bundan bir şey olmaz” deyənlər cəhənnəmi düşünüb təkrar qərar verməli, vicdanlarının nə dediyini dinləməlidirlər.